"Qarabağ"ın keçmiş futbolçusu: "Komandanı biz dağılmağa qoymadıq" - FOTOLAR

1951-ci ildə yaradılmış "Qarabağ" hazırda ölkəmizin ən güclü komandasıdı. Müstəqillik dövrümüzün futbol tarixində ilklərə imza atan "Qarabağ"ın çətin günləri də olub.

 

Sportinfo.az xəbər verir ki, ilk olaraq "Məhsul" adı ilə təsis olunmuş komanda 1987-ci ilə qədər 3 fərqli ad ilə çıxış edib. 1991-ci ilin 23 iyul tarixinə qədər "Qarabağ" ev oyunlarını Ağdam şəhərindəki İmarət Stadionunda keçirirdi.

 

Ermənistan Silahlı Qüvvələri Ağdam şəhərini işğal etdikdən sonra "Qarabağ" ev oyunlarını bir müddət Quzanlı qəsəbəsində, indi isə paytaxtda, Bakıda keçirir.

 

1992-ci ildən Azərbaycan Premyer Liqasında mübarizə aparan klubun çətin günləri müharibə illərinə düşür. Ölkədəki vəziyyət kluba ciddi təsir edir. Təmsil etdiyi şəhərin erməni tərəfindən işğal edilməsi, klubun maddi imkanlarının olmaması "Qarabağ"ın dağılmasına gətirib çıxara bilərdi. Amma həmin illərdə fədakar futbolçular və rəhbərlik bunun qarşısı aldı.

 

Musavat.com-un əməkdaşı həmin illərdə komandada çıxış edən, aylarla maaş almadan top qovan futbolçulardan biri ilə söhbətləşmək imkanı tapıb.

 

Tərtər rayonunun Qapanlı kənd tam orta məktəbində idman müəllimi kimi işləyən Elfariz İsayev 1992-ci ildən 98-ci ilə qədər "Qarabağ" üçün formasını tərlədim. Yarımmüdafiəçi mövqeyində top qovan E.İsayevin yolunu oğlu Təbriz İsazadə davam etdirir.

 

Elfariz İsayev deyir ki, "Qarabağ"ın hər uğuru onu ikiqat sevindirir: "Ağdam işğal ediləndən sonra klub havada qaldı. Sponsor tapılmadı. Pulu olmayan komanda da vəziyyət gərgin olur. Orada oynayan uşaqların çox ağdamlı idi. Müşfiq Hüseynov, Səttar Əliyev, Elşad Əhmədov kimi yaxşı futbolçularımız var idi. Bizə təkliflər gəlirdi ki, başqa klublara keçək. Amma getmədik. Aylarla pulsuz oyuna oynadıq. Biz komandanı dağılmağa qoymadıq. Əgər bu uşaqlar və Adil Nadirov kimi adamlar olmasaydı komanda dağılmış olardı və indi biz uğurlarına baxıb, sevindiyimiz "Qarabağ" yox idi. 1998-ci ilə qədər "Qarabağ"da oynadım, çempion da olduq.

 

Sonradan "Turan"da, "Şəmkirdə" də oynadım. İki dəfə ciddi zədə aldım və əməliyyat olundum. Bununla da karyeramı bitirməli oldum. "Qarabağ"ın uğurlarını görəndə çox sevinirəm. Allah elə edib ki, Qurban Qurbanov kimi oğlan gəlib o kluba gəlib, komandanı irəli aparır. Hər dəfə komanda uğurlu çıxış edəndə hamıdan çox mən sevinirəm. Çünki "Qarabağ" mənim parçamdır. Hazırda da keçmiş komanda yoldaşlarımla əlaqə saxlayırıq. Münasibətlərimiz davam edir".

 

Tərtər rayonu düşmənə yaxın bir yerdir. Qapanlı kəndi də tez-tez atəşə tutulur. Burada işləmək çətin deyil?

- Mən özüm Tərtər rayonundanam. 18 ildir bu məktəbdə də idman müəllimi kimi çalışıram. Erməni ilə məsafəmiz çox azdır. Alçaqlar kəndə atəş açanda məktəbdə uşaqlar narahat olur, qorxurlar. Amma dərslərimiz dayanmır, davam edir. Kənddə heç kim ermənidən qorxmur. Alışmışıq artıq. Sadəcə uşaqlara görə bir az narahatıq. Mənim də balaca uşağım var. Ermənilər atəş açanda televizorun səsini artırıram ki, uşaq silah səsini eşitməsin.

 

Sizin yolunuzu davam etdirən varmı? Futbolçu biliyinizi hazırda istifadə edə bilirsiniz?

- Oğlum yolumu davam etdirir. "Qəbələ"nin 17 yaşlılarında çıxış edir, komandanın kapitanıdır. Millimizin 17 yaşlılarında da çıxış edir. 11 yaşında 55 qol vurmuşdu. Bu kənddə yetişib, hazırda "Neftçi"nin əvəzedici heyətində, "İnter"də oynayan, "Qəbələ" futbol akademiyasında oxuyan uşaqlar var. Özüm futbol meneceri kimi bacarıqlı, istedadlı uşaqlara dəstək verirəm. Həmçinin "Ağsu" futbol komandasının aşağı yaş qruplarında məşqçi işləyirəm. AFFA sağ olsun, imkan yaratdı, boşda qalmadım.

 

Tarix: 12 Noyabr 10:18    Oxunub: 313    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Noyabr 2017
24 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.