“Xəmsə” Qurban Qurbanova gül bağışlanmasını və alqışlanmasını pislədi

“Kəpəz” Gəncə şəhər stadionunda “Qarabağ”ı qəbul etdi. Meydan sahibləri 0:2 hesabı ilə məğlub oldu və hazırda turnir cədvəlinin sonuncu pillədəki mövqeyini qoruyur.

 

Xeyr, matçda maraq doğuran məsələ hesab deyil.  Onsuz da sürünməkdə olan “sarı-göylər”ın ölkənin ən güclü klubundan xal alacağını heç kim gözləmirdi. Gəncədəki görüşdə “Kəpəz” rəhbərliyi, məşqçilər korpusu, futbolçular və azarkeşlər qərb, ümumiyyətlə, futbol adına yaraşmayan hərəkətlə yadda qaldılar.

 

Belə ki, klub bir neçə gün əvvəl millinin baş məşqçisi təyin olunan Qurban Qurbanova gül dəstəsi bağışladı. Ardınca isə oyunboyu azarkeşlər bir neçə dəfə stadionda “Qurban, Qurban” şüarı səsləndirdi, gurultulu alqışlarla yadda qaldı.

 

Hətta fanatlar rəqibin futbolçularını belə alqışladı. Bu isə biabırçılıqdı. Nəyə lazımdı axı bu? Kim bəyənir bu şəxsiyyətə pərəstişi? Yoxsa qayıdırıq Stalin dövrünə? Onu da məcburən "böyük rəhbər və müəllim" etmişdilər.

 

Qurbanova bu gün “Qurban olduğum” demək də elə şəxsiyyətə pərəstiş deməkdi. Dəqiq deyə bilərəm ki, o özü də bunu bəyənmir. Bəli, Qurbanov hazırda nəinki ölkənin, ümumiyyətlə, Qafqazın ən məşhur futbol adamıdı. Ən azı ən məşhur, adından söz etdirən məşqçisidi. Uğurları danmaq olmaz, heç kim danmır da.

 

Amma rəqibin baş məşqçisinə gül bağışlamaq, ona şüarlarla dəstək olmaq, sadəcə, rüsvayçılıqdı. Qurban bəyə fərqli dəstək olmaq lazım idi. Məsələn, onun rəhbərliyi ilə milli ilk oyuna çıxanda klub azarkeşlərini yığıb, gəlsin stadiona və nə qədər istəyir, alqışlasın. Yerli çempionatda Qurbanov və “Atletiko”dan 2 xal alan “Qarabağ” alqışlamamalıdı.

 

Bu halda rəqabətdən söhbət gedə bilməz. Meydana çıxan futbolçu öz azarkeşinin rəqib oyunçu və komandanı alqışlamasından necə zövq alsın, mübarizə aparsın? Sən Şahin Diniyevi istefaya səslə, Qurbanovu alqışla və “mən də tribunadan dəstəkləyirəm” de. Belə şey mümkün deyil. 

 

Deyilənə görə, klub rəhbərliyi gülü Qurbanova azarkeşlər adından verib. Bir çox fanatlar buna qarşı çıxış ediblər, sosial şəbəkələrdə narazılıqlarını bildiriblər. Üstəlik, Şahin Diniyevin də istefası ilə bağlı çağırışlar var. Hər iki məsələ ilə bağlı “Kəpəz”in azarkeş qruplarının mövqeyini öyrənməyi lazım bildik (Futbol+). 

 

Adil Məmmədov, “Xəmsə”nin rəhbəri: “Qurban Qurbanovun millinin baş məşqçisi olması məni də sevindirir. Minlərlə insan bunun tərəfdarıdı. Lakin oyun zamanı gül dəstəsi vermək, alqışlamaq doğru deyildi. Komandamız bu gün sonuncu yerdədi, lakin rəhbərlik rəqibin baş məşqçisinə gül verir, azarkeşlər onu alqışlayır, şüarlar səsləndirir. Belə şeylər lazımsızdı. Bizim uşaqlar buna narazılıqlarını bildiriblər. Yaşlı azarkeşlərin hamısı buna qarşı çıxıb. Gənclər isə düşünmədən addım atıblar. Bu məğlubiyyəti qəbul etmək deməkdi. Daha niyə meydana çıxırdılar? Qurbana fərqli formada dəstək vermək olardı. Milli komanda bizim qürur yerimizdi. Amma Gəncə şəhər stadionunda bu cür hərəkətlər olmamalıydı. “Xəmsə” bu addımı qətiyyətlə pisləyir. “Kəpəz”də bu gün problemlər var. Məsələ yalnız Şahin Diniyevlə bağlı deyil. Komandanın bu günə düşməsində hamı günahkardı. Ən son istefa verəcək şəxs isə Şahin müəllimdi. Onun getməsini istəyənlərin sayı həddən artıq çoxdu. Klubdakı son hadisələr də problemlərdən xəbər verir. Həqiqətən də orda yeyinti olub. Bütün bunların qarşısı alınmalıdı. İnanırıq ki, haqq-ədalət yerini tapacaq”. 


Vüsal Rəhimov, “Nizami yurdu”nun rəhbəri: “Biz heç vaxt Şahin Diniyevi istefaya çağırmamışıq. Öz azarkeş qrupumuzun adından deyə bilərik ki, biz ona dəstək veririk. Problem onda deyil. Komandanın heyəti yayda dağıldı, yenidən yığıldı. Müəyyən qədər vaxt lazımdı. Şahin müəllim “Kəpəz”i Avroliqaya apardı, orda mərhələ adladı. Qurban Qurbanovun alqışlanmasına gəlincə, bunun doğru olduğunu düşünürük. Çünki o bizi dünyada tanıdır. İnanmıram ki, bizim alqışlamağımız komandamıza mənfi təsir göstərib. Özü də cəmi bir dəfə alqışlamışıq. Fəxrimiz olduğu üçün ona gül bağışlanıb. Millinin yeni baş məşqçisinə dəstək olublar. Başqa nəsə deyə bilmərəm. Bizim narazı qaldığımız başqa məqam var. Dünənki (srağagünkü) oyuna azarkeş sayını yenə az yazıblar. Halbuki stadionda 17 minə yaxın azarkeş var idi. Bilirsiz ki, çempionatda ən çox azarkeşi olan klub “Kəpəz”di. Ötən mövsüm “Qarabağ”la oyuna 22800 azarkeş gəlmişdi. Onu düz yazmışdılar. Amma son oyuna səhv rəqəm yazılıb”. 


Namiq Məmmədov, “Kəpəz”in rəhbəri: “Şahin Diniyevə həmişə inanmışıq, bundan sonra da inanacağıq. Ondan çox şey gözləyirik. Sadəcə, hazırda komanda zəifdi. Uğursuzluq zolağına düşüb. Zamanla bunun düzələcəyini düşünürük. Heç vaxt onu istefaya çağırmamışıq. Qurbanova gül bağışlanması və alqışlanması milliyə gəlişi ilə bağlı idi. Buna pis baxmırıq. Bunun komandamızın əhval-ruhiyyəsinə heç bir təsiri olmayacaq. Şüarlar səsləndirənlər azarkeş qruplarının üzvləri olmayıblar. Biz qışqırmamışıq. Adi tamaşaçılar qışqırırdılar. Düzdü, oyun ərzində Şahin Diniyevə yox, Qurban Qurbanova dəstək verirsənsə, kənardan pis görünür. Elə bir təxribat yaratmaq istəyirlər ki, güya Gəncə Şahin müəllimi istəmir. Adi azarkeşlərin davranışlarına nəzarət edə bilmərik. İstənilən halda oyunboyu rəqib baş məşqçini alqışlamaq doğru deyil”. 

Tarix: 9 Noyabr 12:36    Oxunub: 223    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.