"Mənə deyirdilər ki, çox danışırsan, atıb qaçandan sonra onu pislədilər"

Məlum olduğu kimi, Tino Peresin ardından Miltinyo da ailə vəziyyətini əsas gətirirək, futzal yığmamızın, eləcə də “Araz”ın baş məşqçi postundan istefa verdi. Təbii, qısa müddətdə ikinci dəfə millidə oxşar ayrılığın yaşanması çoxlu suallara yol açır. Əksəriyyət braziliyalının təkcə ailə durumuna görə getdiyini düşünmür. Hər halda, bu ilk belə vəziyyət olsaydı, bəlkə də hamı normal qəbul edərdi. Ancaq ondan öncəkilərin gedişi də müəmmalı olmuşdu.

 

Joze Alesio da Silva AFFA-ya, eləcə də Futzal Federasiyasına xəbər vermədən Qazaxıstana qaçdı. Onun xələfi Tino Peres isə yığmanın “sükanı arxasında” tarix yazandan - dünya çempionatına vəsiqə qazanandan sonra postundan ayrıldı. Peres də Miltinyo kimi ailə vəziyyətini səbəb kimi göstərmişdi. Bir sözlə, budəfəki istefa da gözlənilməz olduğu qədər, şübhələrə də yol açdı. Yığma isə onun kömkçisi Biro Jadeyə tapşırıldı.

 

Maraqlıdı, futzal mütəxəssislərinin yığma ətrafında yaşananlara münasibəti necədi? Onlar Miltinyonun gedişinin əsl səbəbini nədə görürlər? Biro Jadenin təyinatı nə vəd edir? Niyə hələ də bizim futzal məşqçilərinə etimad göstərilmir? Elman Ələkbərov bu haqda danışmaq istəməsə də, bir neçə mütəxəssisin fikrini öyrəndik (Futbol+).


Ağatahir Əzimov: “Miltinyonunun niyə getdiyini bilmirəm. Hər şey ola bilər. 14 il yığmada oynamışam, heç kimə lazım deyiləm, qalmışam işsiz. Bu gün Azərbaycanda futzal, demək olar, yoxdu. İki-üç komanda var, qalanları isə yalandan çempionatda iştirak edir. Bizi çoxdan adam yerinə qoymurlar. Onsuz da heç kimə lazım deyilik. Bundan öncə Alesio işləyəndə ikinci məşqçi lazım deyildi. Azərbaycanlılar yada düşmürdü. Sonra isə Miltinyo gəldi və dedi ki, mənə ikinci məşqçi lazımdı. Yenə azərbaycanlılar yada düşmədi, Biro Jade gəldi.

 

Görünür ki, biz - azərbaycanlı mütəxəssislər lazım deyilik. Bizimlə işləmək istəmirlər. Bunun səbəbini bilmirəm. Rəhbərlikdən zəng edin, soruşun. Mən başa düşmürəm. Axı nəyə görə komandanı hədəflərə çatdıra bilmərik? “Xəzər adaları”nda Elnur Qəmbərovla birgə işlədik, sonda da çempion olduq. Həmin il “Fənərbaxça”da Rayt işləyirdi, “Araz”da Tino Peres idi. Biz çempion olduq, onlar olmadı ki. Halbuki adını çəkdiyim əcnəbi məşqçilərin komandasında da legioner var idi, bizim də. Birinciliyi isə azərbaycanlı məşqçilər qazandı. Deməli, işləyə bilirik.

 

Sadəcə, bizə qulaq asan yoxdu, lazım deyilik. Görünən odu ki, onlara braziliyalı lazımdı. Mən artıq söz deməyə ehtiyac görmürəm, danışmıram. Bundan qabaq sözümü deyəndə, deyirdilər ki, sən hamıdan çox danışırsan. O vaxt deyirdim ki, şərait yaradın, Alesio azərbaycanlılarla işləsin. Braziliyalıları gətirməklə burda güclü məşqçiliyini göstərmir. Mənə deyirdilər ki, çox danışırsan. Alesio atıb qaçandan sonra onu pislədilər.

 

Halbuki mən 5 il öncə deyirdim ki, yerlilərlə işləməlidi. Həmişə pis oluram. Odu ki, heç danışmaq da istəmirəm. Bu gün azərbaycanlı futzalçı, demək olar, yoxdu. Məhv ediblər Azərbaycan futzalını. Braziliyalıları yığışdır, görüm Azərbaycanda futzal varmı? Tapa bilməzsən. Yığmanın əsas heyətində oynamağa qadir 5-6 azərbaycanlı futzalçı yoxdu. Çünki nə məktəblərimiz var, nə də uşaq yetişdiririk. Heç nə eləmirik. Adını da qoymuşuq ki, Azərbaycanda futzal inkişaf edir. Braziliyalılar inkişaf edir, azərbaycanlılar yox. Kursu dəyişməyin vaxtı keçib artıq. İndi yenidən başlasaq, bəlkə 6-7 ildən sonra kimsə yetişər. İndi kimi yetişdirə bilərik? 25-26 yaşında oyunçu tapanda sevinirik ki, yeni, perspektivli futzalçıdı. Camaaat o yaşda futbolu atmaq istəyir”.

 

Ağarza Rzayev: “Vallah, Miltinyonun gedişinin səbəbini dəqiq bilmirəm. Odu ki, nəsə deməyim düzgün olmaz. Biro Jadenin təyinatına gəlincə, mən həmişə uğura inanmışam. Hər məşqçinin öz fəlsəfəsi var. Baxın, “Lester” ötən mövsüm heç kimin gözləmədiyi halda Klaudio Ranyerinin rəhbərliyi altında çempion oldu. Hər bir çalışdırıcının özünün fantaziyası var. Ümumiyyətlə, heç vaxt ümidimi üzmürəm. Sadəcə, gözləmək lazımdı.

 

Ola bilər, ilk vaxtlar nəsə istənilən səviyyədə getməz. Amma məşqçiyə vaxt verilməlidi. Ən azı 6 ay ona müddət tanınmalıdı. Mən prezident olanda azərbaycanlı mütəxəssisləri baş məşqçi qoymuşdum. Hər kəsin öz düşüncəsi var. Dəqiq nəsə demək olmur. Azərbaycanlı futzalçıların hamısının səviyyəsinin aşağı olduğunu demək düzgün deyil. Axı heyət tam braziliyalılardan təşkil olunmayıb. Onu da etiraf edək ki, büsbütün yerlilərlə çıxış edəndə alınmır. Nəsə kömək lazımdı”.


İlqar Aslanov: “Vallah, millinin daxilində olmadan bunu demək çətindi. Ola bilər ki, şəxsi münasibətlər də rol oynasın. Ancaq səbəbini dəqiq deyə bilmərəm. Biro Jade oyunçu kimi ölkəmizdə özünü yaxşı tərəfdən göstərib, təcrübəlidi. İndidən onun baş məşqçi postunda hansı nəticələrə imza atacağını söyləmək olmaz. Bunu zaman göstərəcək. Yenə deyirəm, təcrübəli futzalçıdı, yığmada xidmətləri böyük olub. Daha öncə də köməkçi kimi çalışıb. Bəzən yaxşı futbolçu yaxşı da məşqçi olur, bəzən isə əksinə. Zamanla bu haqda daha dəqiq nəsə demək olar.

 

Hələ ki onun işini görməmişik. Yerli mütəxəssislərə etimad göstərilməməsinə gəlincə, vallah, nə deyim?! Bəlkə də komandada legionerlər olduğundan əcnəbi mütəxəssislərə yer verirlər. Mənə elə gəlir ki, buna görədi. Azərbaycanlı futzalçıların səviyyəsinin aşağı olması fikri ilə tam razı deyiləm. Onların arasında özünü sübut etmiş oyunçular var. Vitali Borisov, Rizvan Fərzəliyev... Təbii, güvənsələr, daha yaxşı olar. Güvənməyəndə isə əksi baş verir. Yığmanı mənə versələr, uğur qazana bilərəmmi? Vallah, bu suala cavab verməyim düz olmaz. Fikrimcə, inam olsa, bir çox şey dəyişə bilər”.

Tarix: 25 Yanvar 10:00    Oxunub: 298    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Oktyabr 2017
20 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.