"Bu iki şəxsdən biri yalan danışır və böhtan atır"

Azərbaycanın taekvondoçu qadınlardan ibarət milli komandasının sabiq baş məşqçisi Sun Mi Park Federasiyadan uzaqlaşdırılma və yığmanın aparıcı üzvü Fəridə Əzizovanı döyməsi barədə yayılmış məlumatları yalanlayıb. 

 

Sportinfo.az xəbər verir ki, koreyalı mütəxəssis daha yaxşı iş təklifi olduğu üçün federasiyadan ayrıldığını bildirib: “Fəridə Əzizova ilə əlaqədar yazının müəllifi Elşən Məmmədovla danışdım. Yazdıqlarını nəyə əsaslanaraq yazdığını soruşdum. Məqalənin tamamilə Fəridə Əzizovanın sözlərinə əsaslandığını söylədi

 

Azərbaycan Taekvondo Federasiyası tərəfindən də Elşən Məmmədova açıqlama verməsi üçün müraciət olduğuna görə, eyni izahatı federasiyaya göndərdiyini dedi. Federasiya tərəfindən işimdən uzaqlaşdırılmağım yalan məlumatdır. Əslində, müqavilə şərtləri ilə əlaqədar razılıq əldə edilmədiyinə və daha yaxşı şərtlərlə iş təkliflərinin mövcud olduğuna görə Azərbaycan Taekvondo Federasiyasında fəaliyyətimi durdurmağa qərar verdim.

 

Çox şadam ki, Azərbaycan üçün Rio Olimpiyadasında Bürünc medal nəticəsini verə bildim. Taekvondoya göstərdiyi qayğı və dəstəyə görə Federasiyasının prezidenti Kəmaləddin Heydərova dərin minnətdarlığımı bildirirəm. Azərbaycanda fəaliyyətimi xoş və müsbət təəssüratla bitirməyi çox istəsəm də, bu cür böhtan və yalan dolu yazılar Azərbaycanla bağlı təəssüf hissi yaradır”. 

 

Sabiq baş məşqçimiz onu da qeyd edib ki, haqqında yazılmış ittihamlarla bağlı məhkəməyə müraciət edəcək: “Fəridə Əzizova bu sözləri dediyini inkar edir. Nəticə etibarilə Fəridə Əzizova və Elşən Məmmədov arasında iki şəxsdən biri yalan danışır və böhtan atır. Bu hər kimdirsə qanun qarşısında cavab verəcək”.

 

Fəridə Əzizova 2012-ci ildə gənclər arasında dünya çempionu, 2013-cü ildə dünya, 2014-cü ildə isə Avropa çempionatının bürünc medalçısı olub. Yazıda 2015-ci ildə baş məşqçi ilə aralarında anlaşılmazlıq olduğu, məşqçinin idmançını vurması qeyd olunub. Həmin vaxtdan sonra onlar arasında soyuq münasibət yaranıb. Son olaraq da koreyalı mütəxəssis 2016-cı il dekabrın ortalarında Bakıda keçirilmiş Qran Prinin final mərhələsində və komandalararası dünya çempionatında Əzizovaya şans verməyib.

Tarix: 23 Yanvar 20:48    Oxunub: 217    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Aprel 2017
26 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.