Gül, “Qarabağ”

Cəmi bir neçə gün əvvəl idi. Futbol adına ən böyük sevgim olan “Barselona” səfərdə “Atletiko” ilə qarşılaşırdı. Rəqibin kimliyindən asılı olmayaraq, “Barsa”nın bütün oyunlarını izləyirəm. “Atletiko” ilə görüşü isə həm də bir neçə gün sonra Bakıda qonaq edəcəyimiz komandanın oyunu kimi izləyirdim.

Düzü, “hindular”ın dünyanın topla ən yaxşı oynayan komandasına - “Barselona”ya qarşı oyununu izlədikcə, bir az qorxmuşdum. “Qarabağ” bu komandanın qarşısında nə edəcək? Messili, İnyestalı, Busketsli, Luis Suaresli “Barsa”nın məğlub edə bilmədiyi “Atletiko”nun oktyabrın 18-i gecəsini bizim üçün zəhərə çevirəcəyindən qorxmuşdum.

Amma boşuna imiş...

Bütün təşvişlər, qorxular, narahatlıqlar boşuna imiş.

“Atletiko” qorxmalı imiş “Qarabağ”dan.

Dieqo Simeone çəkinməli imiş Qurban Qurbanovdan.

Dieqo Qodinin ayaqları əsməli imiş Dino Ndlovunun qarşısında.

“Çelsi” ilə oyun bir qəza imiş - ilk dəfə velosipedə minib, dərhal da yerə yıxılan bir uşağın qəzası kimi.

“Roma” ilə Bakıdakı oyunda itirdiyimiz xal və ya xallar “kisə”mizdən gedibmiş.

Hə, bir də...

Fransız Ruddi Buke Ndlovunun cərimə meydançasında yıxılmasını simulyasiya yox, penalti kimi qiymətləndirsəydi...

Bir düşünün, eyni vəziyyət “Qarabağ”ın “Atletiko” ilə səfər oyununda yaranır; Antuan Qrizmann bizim cərimə meydançasında eynən Ndlovu kimi yıxılır. Buke Qrizmannı simulyasiyaya görə meydandan qovardımı, yoxsa penalti təyin edərdi qapımıza? Qovmazdı, inanmıram. Heç, həm də heç inanmıram.

Bu dünyada ədalətin olduğuna da inanmıram.

UEFA-da “Qarabağ”ın haqqının tapdalanmasına üzüləcək birinin var olduğuna da inanmıram.

Ancaq bu “Qarabağ”ın bundan sonra daha yaxşı oyunlar göstərəcəyinə, daha yaxşı nəticələr qazanacağına inanıram.

Təbii, dünya olduğu yerdə qalacaq, ədalətsizliklər, haqsızlıqlar da davam edəcək. Dünyanın haqsızlığı, ədalətsizliyi ilə baş edə bilmək üçün güclənməlisən, dirənməlisən, dirəşməlisən.

Sonra...

Sonra bəlkə bir gün çox güclü olub, indi sənə qarşı öz Bukesini qoyan ədalətsizliyin, haqsızlığın qarşısına sən də bir buket gül qoya bilərsən, “Qarabağ”.

Gül, “Qarabağ”.

 

Rəşad Ergün 

Tarix: 19 Oktyabr 18:24    Oxunub: 314    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.