Rəşad Sadıqovu Azərbaycana tanıdan Namiq Məstanovdan çox maraqlı…

Rəşad Sadıqov 35 yaşında milli ilə vidalaşdı. 16 il bu formanı geyinən kapitan Çexiya ilə qarşılaşmada sonuncu dəfə meydana çıxdı. Düzdü, komanda yoldaşları müdafiəçini qələbə ilə yola sala bilmədi və rəqib Bakıdan 3 xall ayrıldı.


"14 nömrə" klub karyerasını hələ başa vurmayıb. Deyəsən, yaxın 1-2 ildə də "Qarabağ"ın uğurları üçün tər tökəcək. Hər halda butsılarını mıxdan birdəfəlik asmaq istəməsi barədə bugünədək heç nə söyləməyib. 


Onu ilk dəfə milliyə İqor Ponomaryov çağırıb. Romal Hüseynovla birgə. Güclülər dəstəsində debütü isə "Turan"da gerçəkləşib, 1999/2000-ci il mövsümündə. Sadıqov Tovuz klubu ilə eranaya çıxaran Namiq Məstanovdu.

 

Həmin vaxt "Turan"ın vitse-prezidenti olan Namiq bəy "14 nömrə"ni 18 yaşlılardan ibarət millinin yoxlama görüşündə gözaltı edib. Və beləcə, Rəşadın uğura aparan yolu açılıb. 


Məstanovun sayəsində geniş publika tərəfindən tanınmaq imkanı əldə edən futbolçu ogünləri heç vaxt unutmur. Bakı "Real"ından "Turan"a keçidi, əslində, çox çətinliklə başa gəlib. Həmin dövrün AFFA rəhbərliyi Sadıqovun transferini yubatmaq məqsədilə bütün vasitələrə əl atıb. Ümumiyyətlə, çox sular axıb bu işin içindən.


Namiq bəy 18 il öncə yaşananları Sportinfo.az-a danışır: "Şahin Diniyev çalışdırdığı 18 yaşlılardan ibarət milliyə "Turan"dan Elgün Verdiyevi (artıq dünyasını dəyişib) dəvət etmişdi. Mən də onu Tovuzdan Bakıya gətirmişdim və oyununu izləyirdim.

 

"Tofiq Bəhramov"da, səhv eləmirəmsə, "Dinamo" (indiki "Bakı") ilə yoxlama görüşü keçirirdilər. İlk dəqiqələrdən gözüm Rəşadı tutdu və axıradək izlədim. Diniyev onu oyun ərzində 3 fərqli mövqedə yoxladı. Müdafiənin mərkəzində, sağ cinahda və dayaq yarımmüdafiəçisi kimi. O, hər üç mövqedə əla təsir bağışladı.

 

Həmin vaxt komandamız Qaxda, ya da Qusarda təlim-məşq toplanışı keçirdi. Prezidentimiz Vidadi Əhmədov və baş məşqçimiz Böyükağa Ağayevə onun barəsində məlumat verdim. Razılaşdılar ki, gəlib Bakıda bir də baxaq. Böyükağa müəllim gəldi, baxdı və dedi ki, həqiqətən yaxşı futbolçudu, böyük prespektivi var, götürək.

 

Rəşad onda "Real"a məxsus idi. Bu transfer üçün "Real"ın baş məşqçisi Vaqif Paşayevə 1000 dollar ödədik. Özüylə isə 1 illik müqavilə bağladıq. Aylıq 300 dollar maaşa. Bu, həmin dövr üçün böyük pul idi. AFFA-nın ovaxtkı prezidenti Fuad Musayev biləndə ki, Rəşad "Turan"dadı, başladı problem yaratmağa. İstəmirdi ki, o, "Turan"da oynasın.

 

Rəşadın özünə deyirdi ki, "Turan"dan aldığın puldan bir neçə qatını verirəm, gəl "Şəfa"ya. Elə bir vaxt idi ki, əksər istedadlı gəncləri zorla "Şəfa"ya yığırdılar. Mərhum Fuad Musayev Rəşada deyirdi ki, nə var Tovuzda, qaz yox, işıq yox, Bakıdan xeyli uzaqdı. Yeni çempionat artıq başlamışdı, bir neçə tur keçmişdi, biz bu üzdən AFFA-dan Sadıqovun transfer vərəqini ala bilmirdik. Adını iştirak ərizəsinə salmırdılar.

 

Rəşad bundan çox narahat idi. Amma sağ olsun, sözünün üstündə durdu. Musayevə demişdi ki, məni Tovuzda qazın, işğın olmaması qorxutmur, hər çətinliyə dözəcəm, çünki "Turan"a söz vermişəm. Nə qədər elədilər, vədlər verdilər, dediyindən dönmədi. Hətta axırda qorxutdular ki, "Şəfa"ya gəlməsən, milliyə dəvət almayacaqsan. Yenə fikrini dəyişmədi.

 

Mən də getdim AFFA-ya, rəhmətlik Fuad müəllimlə görüşdüm. Dedim ki, siz bir Azərbaycan vətəndaşının konistitutsion hüquqlarını pozursuz, sərbəst seçim etmək haqqını əlindən alırsız. Bu sözdən sonra vitse-prezident Toğrul Hacıyevə tapşırdı ki, Rəşadın transfer vərəqini verin, adını qeydiyyatdan keçirin.

 

Mən bu xəbəri Rəşada verəndə, indiyədək yadımdadı ki, necə sevinmişdi. Çünki çox narahat idi, meydana çıxmaq üçün alışıb-yanırdı. Axı 3-ay keçmişdi aradan, AFFA sənədi yubadırdı. Açığı, hər gün zəng vurub soruşurdu, mən də onu görəndə, bilmirdim nə cavab verim. Məsələ həll olunandan sonra Rəşad "Turan"ın aparıcı oyunçularından birinə çevrildi.

 

İlk oyunu hələ də gözlərimin önündədi. Tovuzda "Xəzər Universiteti"ni 3:1 udduğumuz oyunda debüt elədi, 3:1 udduq. Hesab 3:0 olanda "Xəzər Universiteti"nin oynayan məşqçisi Samir Ələkbərov meydana çıxdı və penalti qazandı. O epizodda Rəşad istədi ki, Samiri qabaqlasın, İmanxan Sultani qapımıza penal verdi.

 

Oyundan sonra Rəşad göz yaşlarını saxlaya bilmirdi, bəxtindən gileylənirdi. Deyirdi ki, niyə 3:0 udduğumuz oyunda penalti oldu və qapımıza qol vurdular. Güclə sakitləşdirdik. Çempionatın qalan oyunlarının hamısında meydana çıxdı, yaxşı təsir bağışladı. Artıq hamı "Turan"dakı bu istedadlı gəncdən danışırdı. Mövsüm ərzində cəmi 2-3 sarı vərəqə aldı, oyununa isə söz yox idi.

 

Vidadi Əhmədov "Neftçi"yə vitse-prezident, Kazbek Tuayev baş məşqçi təyin olunanda, Sadıqovu Nadir Nəbiyev və Ruslan Abbasovla birgə transfer etdilər. Təbii ki, "Neftçi" bu keçidə görə "Turan"a kompensasiya vermişdi.

 

Üstündən xeyli vaxt keçib, Rəşad "Turan"ın zəhmətini heç vaxt itirmir. Nə vaxt Tovuza gəlib, klub rəsmiləri, vaxtilə onunla çiyin-çiyinə oynayan komanda yoldaşlarını, hətta stadionun sıravi işçilərini yaddan çıxarmır. İndinin özündə də əlaqəmiz var, arada söz düşəndə, zarafatla deyir ki, "Turan"da 1 ili yumurta-sosiska ilə keçirmişəm.

 

Çox istərdim ki, o, hələ uzun illər Azərbaycan futboluna xidmət eləsin. Rəşad Sadıqov şəxsiyyətli, xarakteri olan futbolçu kimi bu illərdə ad qoydu. İnanıram ki, yaxın gələcəkdə də məşqçi kimi adından söz etdirəcək".

Tarix: 16 Oktyabr 16:24    Oxunub: 877    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.