Şığımayın, qanad çalın

Guya Rahid Əmirquliyev himni oxusaydı, Azərbaycan millisi Almaniyaya 1:5 hesabı ilə məğlub olmayacaqdı, 5:1 hesabı ilə qalib gələcəkdi. Guya Robert Prosineçki uğursuz “Bursaspor” əməliyyatından sonra həvəsdən düşməsəydi, Azərbaycan yığması dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaqdı. Guya Prosineçkini yığma komandadan göndərib, onun yerinə Əlini, Vəlini, İvanı, Conu gətirsək, hər şey düzələcək. Arzu yaxşı zaddı ey, əzizlərim, arzusuz adam elə qanadsız quş kimi bir şeydi. Quş və qanadı elə belə yada salmadım. Axırda lətifə danışacam sizə.

 

Hə, sözüm orda qaldı axı, indi də deyirsiz ki, Prosineçki getməlidi, başqası gəlməlidi ki, Azərbaycan yığması 2020-ci ildəki Avropa çempionatının final mərhələsinə vəsiqə qazansın. Nəynən, ay əzizlərim? Bu yerdə yadıma başqa bir lətifə düşdü ey. Onu da sizə ərməğan edirəm, oxuyun, gülün, halal xoşunuz olsun.

 

Əliş adlı biri qonşusu ilə dalaşırmış, ağzını da qoyubmuş köndələn. Arvadı da eyvandan Əlişə tamaşa edirmiş. Əliş hər dəfə qonşuya “səni belə edərəm, elə edərəm” dedikcə, arvad da eyvandan “nəynən, ay Əliş” sualını verirmiş. Kəramətinə bələddi axı ərinin.

 

Ay əzizlərim, ay romantik azarkeşlərimiz, ay sentimental jurnalistlərimiz, Prosineçkinin yerinə gələcək adam Avropa çempionatının final mərhələsinə nə ilə vəsiqə qazanacaq? İndiki futbolçularla? Yoxsa U-21-in Avropanı “lərzəyə gətirən” heyəti ilə? Bəlkə Avropanın adlı-sanlı klublarının transfer etmək istədikləri U-19 yığmamızın futbolçuları ilə? 

 

Ay əzizlərim, birdəfəlik başa düşün ki, Azərbaycan futbolunun problemi məşqçilərlə bağlı deyil. Azərbaycan futbolunun problemi AFFA rəhbərliyi, Rövnəq Abdullayevdi. Bu adam Azərbaycanda futbolun inkişafına cavabdeh olduqca, bu ölkədə futbol olmayacaq. Siz də elə arzularla yaşamalı olacaqsız. Arzu yaxşı şeydi ey, deyirlər ki, arzusuz insan qanadsız quşdu. Uçmaq üçün qanad çalmaq lazımdı.

 

Bu da söz verdiyim lətifə:

 

İki dost qayadan qartalın uçuşuna tamaşa edirlər. Bunlar belə qərara gəlirlər ki, özlərinə qanad bağlayıb, qayadan tullansalar, uça bilərlər. Belə də edirlər. Dostların biri özünə qanad bağlayıb qayanın zirvəsinə çıxır. Biri də aşağıdan onu müşahidə edir. Yuxarıdakı özünü qayadan buraxır. Aşağıdakı görür ki, dostu qayadan sürətlə aşağı gəlir, başlayır qışqırmağa: “Ayə, şığıma, şığıma, qanad çal, qanad çal”.

 

Hə, əzizlərim, arzu yaxşı zaddı ey. Amma şığımaqla arzuya çatmaq olmur. Şığımayın, qanad çalın.

 

Natiq Muxtarlı

Tarix: 13 Oktyabr 13:12    Oxunub: 156    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Oktyabr 2017
20 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.