Miskin və rəqabətsiz Premyer Liqada qığılcım, yoxsa ilğım?

Milli futbol çempionatının birinci dövrəsi bir göz qırpımında başa çatdı. Dövrənin son turu, nəhayət ki, azsaylı sıraları get-gedə seyrələn azarkeş dəstəsinə azacıq da olsa, rəqabət ümidi gətirdi.

 

Lider söndü, ən yaxın rəqibi ümidləndi, əsas iddiaçı rüsvay oldu, autsayder libasına bürünmüş iki qocaman klub isə təsəlli tapdı. Bütün bunların yeni mübarizənin qığılcımı, ya da, sadəcə, ilğım vahəsi olduğunu isə qarşıdakı turlar göstərəcək.

 

"Nə üçün belə olur" sualına cavab axtarmaq üçün gərək hər şeyi yenidən başlayasan, futbolun cəmi 8-klubluq yarışını vaxtilə böyük rəqabətin başlanğıcı adlandıranları hesabata çəkəsən.

 

Daha sonra klubları inkişaf etməyə məcbur edəcək proqramı hələ də, heç olmazsa, kağız üzərinə köçürə bilməyənlərə də eyni sualı verib, axı, harada legioner limitinin balta formasının inkişafa gətirib çıxardığını xəbər alasan.

 

Amma klublara da elə bu limitin ləğv olunması lazımdı ki, Azərbaycan futbolunun yetirmələrindən tam üz döndərib harada ən perspektivsiz və ucuz oyunçu varsa, gətirib baş girləsinlər.

 

Ya da ki, ötən illər ərzində elitaya yüksələn komandaların olmamasının səbəbini, vaxtilə birinci divizionda təyin edilmiş qələbə mükafatını şişirdənlərdən gərək soruşasan.

 

Deyəsən, suallar ancaq bir ünvana gedir, axı?!

 

Klubların məsuliyyətini də heç kimi ləğv etməyib. Nə üçün bu günə qədər heç bir klub özünü müstəqil bir biznes-təşkilat kimi görmək istəmir. Axı futbolda dövr edən maliyyə təkcə hansısa kontordakı qoyuluşlardan ibarət deyil.

 

Oyunçu yetişdirmək, onu görmək, ya da ki, xaricdən oyunçu gətirib bunu səmərəli biznesə çevirmək təkcə skautların və yaxud yalnız öz mənfəətini güdən menecerlərin işi deyil.

 

Suallar istənilən qədərdi. Ən əsası, bu günə qədər heç bir klubda davamlı strategiyanın, inkişaf kursunun olmaması futbolun yalnız bir hobbi kimi qalmasına gətirib çıxarıb. Az-çox "Qarabağ" bu işdə irəli atılmaq istəyir ki, bunu da yalnız Çempionlar Liqasına vəsiqə əldə edəndən sonra anlayıb. Amma hələ bu da dəqiq deyil. Bunu komandanın qarşıdakı müddətdə verdiyi qərarlardan anlamağa çalışacağıq.

 

BATI YAR

Tarix: 13 Oktyabr 11:48    Oxunub: 253    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Oktyabr 2017
20 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.