Rəşad Sadıqov: "Dedim ki, səhv edəcəm, hər şey mənim boynumda qalacaq"

"Tələbələrin qarşısında çıxış etmək çətin və məsuliyyətlidir. Elmli, savadlı adamlarla danışmaq fərqlidir. Özüm o qədər yaxşı oxuyan olmamışam.

 

Düzdü, 9-cu sinifə qədər yalnız 2 fəndən “4” almışam, qalanları “5” idi. Lakin daha sonra məşqlər, milli və klub karyerası məni təhsildən uzaq saldı”. 

 

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov Azərbaycan Turizm və Menecment Universitetində tələbələrlə görüşü zamanı deyib.


35 yaşlı kapitan bildirib ki, “Qarabağ”ın Çempionlar Liqası (ÇL) ilə müqayisədə, Avropa Liqasının qrup mərhələsində çıxış etməsini üstün tutur. O, fikrini belə izah edib: “Çünki burada uğur qazanmaq mümkündür. ÇL isə başqa səviyyədir. "Qarabağ"ın böyük hesabla uduzması mənə ağır gəlir".


R.Sadıqov tədbirin gedişində tələbələrin suallarını cavablandırıb:
Nəyə görə Azərbaycan millisində və klublarda əcnəbi baş məşqçilər çalışır? Yerli mütəxəssislərə üstünlük vermək daha doğru olmazdı?
- Bu, mənim səlahiyyətimdə olan məsələ deyil. Yeni futbol ölkəsiyik. Ola bilsin ki, bu səbəbdən əcnəbilərə üstünlük verilib. Onlarla da işləmək bizim üçün faydalıdır. Təcrübələrindən yararlanırıq. Şəxsən mən hər məşqçidən bir şey öyrənmişəm.
 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun əsas üstünlüyü nədədi?
- Ən böyük üstünlüyü insani keyfiyyətləridir. Səbrli, təmkini, inam aşılayan insandır.
-

Qarşıda “Atletiko” ilə oyunlar var. Bu barədə nə deyə bilərsiniz?
- Asan olmayacaq. “Atletiko” ilk iki oyunda qələbə qazana bilməyib. Bizimlə görüşlərdə maksim xal toplamağa çalışacaqlar. Ən azı, “Roma” ilə görüşdəki kimi futbol sərgiləsək, nəyəsə ümid etmək olar.
 

Yakub Jezniçak və Ansi Aqolli ilə hansı dildə danışırsınız?
- İngilscə zəif bilirəm. Oyun vaxtı danışmağa elə də çox ehtiyac yoxdur. Meydandan kənarda dediklərimi başa düşməyəndə, günahı onların boynuna atıram ki, siz ingiliscə zəif bilirsiniz (gülür).
 

“Qarabağ” ÇL-in qrupuna düşdükdən sonra böyük məbləğdə bonus qazandı. Bu pula daha səviyyəli legionerlər gətirmək olmazdı?
- Nisbətən daha səviyyəli legionerlər Azərbaycana gəlmək istəmirlər. Düşünürlər ki, Azərbaycandır, 8 komandalı çempionatdır. Daha çox Avropanın aparıcı çempionatlarında qalmağı üstün tuturlar.
 

Daha çox hansı oyunlarda həyəcan keçirmisiniz?
- Çətin oyunlar çox olub. Çempionlar Liqasının "pley-off" mərhələsində Danimarkanın "Kopenhagen" komandası ilə görüşdə böyük həyəcan keçirirdim. Dedim ki, səhv edəcəyəm, hər şey mənim boynumda qalacaq. Amma nə etmək olar, Qurban müəllim oynamalı olduğumu söylədi. Bütün matç boyu dua etmişəm ki, səhvə yol verməyim (gülür).
 

Türkiyəli məşqçi Ertuğrul Sağlam sizin yığmada vida oyununuzu izləmək üçün Bakıya gəlmişdi. Bu səfər həm də onun Azərbaycan millisinin baş məşqçi postunda Robert Prosineçkini əvəzləmək ehtimalı ilə bağlı deyildi?
- Sağlamla çoxdan tanışıq, münasibətimiz var. Vaxtilə “Kayserispor”da onun rəhbərliyi altında oynamışam. Təəssüf ki, Bakıya gəlsə də, görüşmək imkanmız olmadı. Çünki Almaniya ilə matçda gedirdik. Onun səfərinin milliyə baş məşqçi gələcəyi ilə bağlı olduğunu fikirləşmirəm.

Tarix: 12 Oktyabr 15:48    Oxunub: 180    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Oktyabr 2017
22 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.