Milliyə pul üçün gələnlər və ya təşəkkür borcu olanlar - VİDEO

O mənzərə bir an belə məni tərk etmir. Həmən-həmən gözlərimin önündən gəlib keçir. Duruxuram. Bir də baxıram. Yenə inanmıram, inanmaq istəmirəm. "olur belə şeylər" deyib, keçmək, unutmaq istəyirəm… Yox, alınmır…


Mümkün deyil. 


Sanki Azərbaycan dünya futbolunun liderlərindən biridi və sanki bu millinin özəyini təşkil edən futbolçuların hər biri ulduzdu. Və sanki onlar bu səhnə ilə addımbaşı qarşılaşır və gördükləri gündəlik həyatın bir parçasıdı, özüdü.


Elə deyil axı. 
Elə olmalı deyil axı…
Elə olsaydı…


Şamil Mustafayev ad-soyadlı biri var, Hollandiyada yaşayır. Daha doğrusu, bu ölkədə ali təhsil alır, tələbədi.

 

Bir müddət əvvələdək kimsənin tanımadığı bu gənc klublarımızın və milli komandalarımızın Avropadakı lobbisidi. Bu işi tək yürüdür. Gördüyü işin adı "Milli Dəstə" olsa da. "Milli Dəstə" olsa da, olmasa da, gənc Şamilin elədikləri, doğrudan da, gerçək bir qəhrəmanlıqdı.

 

Sadə bir ailənin öaladı ol, tələbə təqaüdü ilə dolan və bütün qitəni tək-tənha dolaş… Əsl vətənpərvərlik, Azərbaycan sevgisi, torpaq məhəbbəti, təəssübkeşliyi bu deyilmi?!

 

AFFA-dan, klublardan maddi dəstək istəmədən, hansısa  umacağı olmadan Azərbaycan adı çəkilən, bayrağı dalğalanan hər ölkəyə, stadiona özünü yetirən Şamilin qarşısında baş əymək, ona sayğı göstərmək, diqqətə almaq federasiyanın, PFL-in, o klubların, milli futbolçuların borcudu.

 

Bunu etmələri lazım. Belə etmələri lazım. 

 

Kayzerslauterndə çəkilən video bir utanc hekayəsidi. Çox istərdim ki, Şamil bu paylaşımı sosial şəbəkədən yığışdırsın, silsin. O futbolçuların yerinə mən xəcalət çəkirəm. Uzun yol qət et, millini gətirən avtobusu qarşıla, fişəng yandır,  bəstə oxu, o qafilədən kimsə aşağı enəndən sonra sənə yaxınlaşmasın, salamlaşmasın, əl eləməsin, şəkil çəkdirmək istəməsin, təşəkkür etməsin… Bu, etinasızlıq, laqeydlik deyil. Məni bağışlayın, bu, tərbiyəsizlikdi. Milli formaya, bayrağa, himnə qarşı. 

 

Şamilin duyğusal jestinə eyni tərzdə cavab verməyən məşqçi və futbolçuların hər birinin bu bayraq və formaya pul mənbəyi kimi baxmasına inanıram artıq.  Almaniya matçında 11 futbolçudan 4-ü himni oxuyur, qalanları ya qulaqlarını sallayır, ya da dodaqlarını bir-birinə pərçimələyir – məndə o inam hardan yaransın ki, Azərbaycan onların umrundadı?

 

Şamil o fişəngi yandıranda, o nəhəng stadionda dövlətimizin himni səsləndə, tribunalarda qələbəlik yaradan qürbətçi soydaşlarımız göx yaşlıarna boğulanda, gözlərini döyən o futbolçuların ağlında gündəlik qonorarlarını hesablamadığına mən necə inanım? 

 

MUSA

Tarix: 12 Oktyabr 10:12    Oxunub: 359    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Oktyabr 2017
22 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.