Şeydayev millilərin oyununa görə Qurbanovdan şans gözləmir

Ramil Şeydayev üçün DÇ-2018-in seçmə mərhələsinin sonuncu oyunu - Almaniyaya qarşı matç əlamətdar oldu. Gənc futbolçu millimizin formasında ilk qolunu vurdu.

 

Özü də şərəfini qoruduğu "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Çelsi"nin müdafiəçisi Rüdigeri çaş-baş salmaqla. Görüşdən dərhal sonra Şeydayevlə danışmaq mümkün olmasa da, Bakıya dönərkən yolda onunla söhbətləşdik (Futbol+). 


Seçmə mərhələnin son oyunu idi. Almaniya ilə matçın ilk yarısında yaxşı oynadız. Lakin ikinci hissədə tam fərqli yığma gördük. Nə baş verdi, niyə çatdırmadız?
- Almaniyanı hər kəs tanıyır. Onların səviyyəsini bilirsiz. Səfərdə oynamağımıza baxmayaraq, pis çıxış etmədik. Xüsusilə ilk yarıda. Birinci hissədə bir neçə qol imkanı yaxaladıq. Müdafiədə də rəqibə o qədər imkan vermirdik. İlk yarıda buraxdığımız qolu nəzərə almasaq, rəqibə ciddi epizod vermədik. İkinci hissədə isə gücümüz çatmadı. 3 gündə iki oyun oynadıq. Bir az yorğunluq hiss olunurdu. Nəticədə öz səhvlərimizdən 5 qol buraxdıq və ağır məğlubiyyət aldıq. 
 

Axır ki milli formada ilk qolunu vurdun. Bu sənin üçün nə deməkdi və qoldan sonra hansı hissləri keçirdin? 
- Çoxdan bunu arzulayırdım. Qoldan sonra yüksək emosiyalar yaşadım. Əsas hesabı bərabərşdirməyimiz idi. Şəxsi uğur isə ikinci plandadı. Ümid edirəm ki, bundan sonra da yığmada qollar vuracam və uğur qazanacağıq. 
 

Qolun ardından rəqib futbolçular sənə etiraz edirdi. Çünki topu ələ keçirdiyin an Mustafi zədə aldı, amma sən dayanmadın. 
- Bəli, elə oldu. Lakin həmin epizodda kim olsaydı, dayanmazdı. Bir neçə rəqib oyunçu etiraz etdi. Dedilər ki, oyunu saxlamalıydım. Mən də onlara heç bir cavab vermədim. Rəqibin kapitanı Tomas Müller yaxınlaşıb dedi ki, heç bir problem yoxdu. Üstəlik, əlimi sıxdı. 
 

Qol epizodunda Rüdigeri aldatdın, hansı ki, ÇL-dəki rəqibiniz "Çelsi"nin şərəfini qoruyur. 
- Bunun xüsusi önəmi yoxdu. Rüdiger də insandı. Düşünürəm ki, aldatmaq mümkün olmayan oyunçu yoxdu. Odu ki, futbolda belə şeylər normaldı. Hamı aldada, aldana bilər. Mən hücumçuyam. Əsas işim müdafiəçiləri geridə qoymaqdı. Dünən (srağagün) də bunu etdim. Bəzən etdiklərin uğurlu alınır, bəzən də yox. Bu dəfə mən sevinən tərəf oldum. Bundan sonra da qollar vurmaqda davam etməliyəm.
 

Oyundan sonra baş məşqçi nə dedi? Seçmə mərhələdəki oyunlara görə təşəkkür etdimi? 
- Çox uzun söhbət etmədik. Tsiklə görə təşəkkür etdi. Hamımıza uğurlar arzuladı. Biz istədiyimiz yeri tutmadıq. 10 oyuna cəmi 10 xal topladıq. Bu bir az üzücüdü. Daha çox xal toplamaq potensialına malik idik. Sadəcə, yaxşı oynamadıq və bəzi anlarda bəxtimiz gətirmədi. Şimali İrlandiya ilə matçı xatırlamaq kifayət edir. Rəqibi açıq-aşkar üstələmişdik. Amma lazımsız qol buraxdıq. Heç kimin gözləmədiyi anda. Həmin oyunda məğlubiyyətə layiq deyildik. Amma nə edək? Futbol belədi. 
 

Almaniyaya qarşı gözəl oyundan və qoldan sonra Qurban Qurbanovun sənə şans verəcəyini düşünürsən? 
- Bunu düşünmürəm. Daha doğrusu, gözləmirəm. Kim yaxşıdısa, meydana o çıxacaq. Şans versə, təbii ki, yararlanacam. Verməsə, çox çalışmalı, özümü sübut etməliyəm. Ümid edirəm ki, "Qarabağ"da da özümü yaxşı tərəfdən göstərəcəm. 
 

Qarşıdan "Atletiko"ya qarşı vacib oyun gəlir. Səncə, Bakıda rəqibdən xal almaq mümkün olacaqmı? 
- Hər şey ola bilər. Bacarılmayacaq heç bir iş yoxdu. "Atletiko" çox güclü komandadı. Onlar bəzi keyfiyyətlərinə görə hətta "Çelsi"dən də üstündülər. Çətin olacaq. Amma nəticə oyunun gedişindən asılıdı. Ümid edirəm ki, yaxşı nəticə əldə edərik.

Tarix: 12 Oktyabr 00:53    Oxunub: 449    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

11 Dekabr 2017
10 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.