“Rəşad Sadıqovun millidə 111 oyun keçirməsində mənim də günahım var”

Sportinfo.az “Kəpəz”in baş məşqçisi Şahin Diniyev sualları cavablandırıb:

Milli komandamızın Almaniyaya 1:5 hesabı ilə uduzması sizin üçün yəqin ki, gözlənilməz olmadı?
- Xeyr, gözlənilməz olmadı. Düzünü desəm, belə olacağını da bilirdim. Sadəcə, birinci hissə maraqlı alındı. Azərbaycan 45 dəqiqə tab gətirdi. Almanların tempi qaldırmaması, sakit, arxayın oynaması maraqlı gəldi. Ancaq onlar bütün rəqiblərə ciddi yanaşırlar. Sadəcə, ilk yarıda yanaşma tərzləi fərqli oldu, arxayın idilər. Azərbaycan da göstərdi ki, bizə qarşı sakit oynayıb udmaq olmaz.

Məğlub olan komandada ən yaxşı axtarmaq bəlkə də düzgün çıxmaz. Ancaq maraqlıdı, sizə görə bu matçda ən yaxşı kim idi millimizdə?
- Məncə, Kamran Ağayev idi ən yaxşı. Baxmayaraq ki, beş qol buraxıb, bu oyunu yaxşı keçirdi. Bir neçə qoldan millimizi xilas etdi. Ramil Şeydayev və Təmkin Xəlilzadənin pis oynadığını demirəm. Sadəcə, komandaya xeyir verdiyinə görə Kamranın adını deyərdim.
 

Robert Prosineçkinin millidən gedəcəyi deyilir. Siz bu haqda nə düşünürsüz?
- Onun müqaviləsi federasiya ilədi və orada hansı şərtlər olduğunu biz bilmirik. Ona görə də biz bu haqda bir şey deyə bilmərik. Buna işə götürən və işdə olan qərar verəcək. AFFA Prosineçkinin qazandığı və itirdiklərini analiz edib, qərar verməlidi. Yəni Prosineçkinin qalmasına və ya getməsinə qərar vermək bizə aid olan bir şey deyil. Ancaq mən həmişə bir fikirdə olmuşam ki, baş məşqçiyə bir-iki tsikl, 1-2 il şans vermək azdı. Məşqçiyə həqiqətən inanırsansa, onunla uzun müddət işləmək lazımdı. Çünki sabit heyət, sabit oyun həm də sabit nəticə deməkdi. Tez-tez baş məşqçi dəyişikliyi sabitliyə imkan vermir.

 

Rəşad Sadıqovla illər öncə münasibətiniz pisləşmişdi. İndiki münasibətiniz necədi? 

- Mən hər zaman sözün düzünü deyən adamam. Kiməsə xoş gəlsin deyə, nəyisə başqa cür demərəm. O vaxtı aramızda nə anlaşılmazlıq oldusa, qaldı keçmişdə. Rəşada böyük hörmətim var və indi də aramızdakı münasibət yüksək səviyyədədi. Rəşadın atdığı addım təqdirəlayiqdi. O, futboldan da yaxşı getdi. Biri var səni fitə bassınlar, biri də var lider kimi gedəsən. Hər şeyi ölçüb-biçib, hər şeyə düzgün qərar verən insandı.

Maraqlıdı, daha dəqiq deyə bilərsiz, o vaxtı aranızda nə baş vermişdi?
- Həm mən, həm də onun tərəfindən anlaşılmazlıq olmuşdu. Biz ikimiz bir yerdə yoluna qoyduq. Millidə 111 oyun keçirməsinə hardasa təəssüflənirəm. Yəni hardasa orda da mənim günahım var. O, 111 yox bəlkə də 120-130 oyun keçirə bilərdi. Rəşadın bizim münasibətimizlə bağlı verilən suala cavabını eşitdim. Rəşad özünü “dostoynı” apardı. Məşqçi-futbolçu, futbolçu-futbolçu, qonşu-qonşu arasında da bəzən anlaşılmazlıq olur. Əsas odu ki, aramızda kin və nifrət qalmasın. “Qarabağ”da ilk əvvəl onunla görüşürəm. O da sağolsun, qabağıma gəlir və hörmətimi saxlayır. Rəşada uğurlar arzulayıram. Bir neçə ildən sonra həmkarımız olacaq. Onunla hər zaman söhbətləşməyə, dərdləşməyə hazıram.

“Kəpəz” fasilədən necə yararlandı? Səkkizinci turda “Zirə” ilə qarşılaşacaqsınız. Bu matçda qalib gələcəyinizi düşünürsüz?
- Bu fasilə bizə lazımlı bir şey idi. Deyərdim ki, fasilə xeyrimizə işlədi. Komanda 70-75 faiz yenidən düzəlib, yeni oyunçularımız var. Ona görə anlaşmanın olması üçün zaman lazımdı. Mənə elə gəlir ki, fasilədən yaxşı istifadə edə bildik. “Qəbələ” üzərindəki qələbədən sonra uşaqların əhval-ruhiyyəsi, motivasiyası yerindədi. Amma “Zirə” də yaxşı rəqibdi. Birinci dövrədə məğlub olmayan rəqibə qarşı oynayacağıq. Üstəlik, birinci dövrədə bizə böyükhesabla qalib gəliblər. Komanda oyuna yaxşı hazırlaşır. “Zirə” ilə bizim turnir cədvəlindəki yerimiz arasında böyük fərq var. Ancaq oyun başlayanda həmin fərqlər hamısı unudulur (dsport.az).

Tarix: 11 Oktyabr 20:36    Oxunub: 605    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Oktyabr 2017
22 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.