"Kimdənsə çəkinməkdən söhbət gedə bilməz" - Renat Sultanov

Yüksək Liqanın 2-ci turunda “Xəmsə” ilə qarşılaşan “Marafon Futsal”ın qələbə qazanmasında kapitan Renat Soltanovun əməyi danılmazdı. 

 

Sportinfo.az xəbər verir ki, vurduğu 4 qolla qələbəni təmin edən kapitan oyundan sonra Azərbaycan Futzal Federasiyasının “Facebook”dakı rəsmi səhifəsinə müsahibə verib:

 

Hesabı açsanız da, rəqibin ardıcıl 3 qol vurmasına mane ola bilmədiniz. Sonra isə 6 qol vurmaqla qələbəni təmin etdiniz. Hadisələrin bu şəkildə cərəyan etməsi nədən irəli gəlirdi?
- Oyunun çətin keçəcəyi məlum idi. Rəqibimiz “vuruşan” komandadı, heyətində fərdi oyun planında seçilən futzalçılar var. Hesabda geri düşməyimizə baxmayaraq, toparlandıq, oyunumuzu tapdıq, yekunda isə istəyimizə nail olduq. Bu cür oyunlar çempionatın maraqlı keçəcəyindən xəbər verir. Çünki indiyə qədər izlədiyimiz oyunların hamısında komandalar bir-birinə qarşı sona qədər mübarizə aparıb. Hansısa oyunda asan qələbə qazanacağıq deyə, düşünən yoxdu. Qələbələrimizin ardı gəlsin. Maraqlı oyuna görə “Xəmsə”yə də təşəkkür edirəm.

 

Özünüzü matçın qəhrəmanı hesab edirsinizmi?
- Qətiyyən. Bu nəticəni komanda şəklində qazandıq. Qol vurdum-vurmadım, fərqi yoxdu. Vacib olan komandamın qələbə qazanması, xal ehtiyatını artırmasıdı. Mübarizəmizi sona qədər davam etdirəcəyik. 

 

Debütant olmağınızı hansısa məqamda hiss edirsinizmi?
- Komandamızın əksər üzvləri Yüksək Liqada çıxış etmiş oyunçulardı. Aramızda perspektivli gənclər də var. Debütant olmağımız faktdı, amma heç bir rəqibdən çəkinmirik. Bizim də öz məqsədimiz var və buna çatmaq üçün əlimizdən gələni edəcəyik. Yüksək Liqada iştirak ediriksə, deməli, burada oynamağa hazırıq. Kimdənsə çəkinməkdən, ehtiyatlanmaqdan söhbət gedə bilməz. Təbii ki, hər bir rəqibə hörmətlə yanaşırıq. 

 

Çempionata maraq hansı səviyyədədi?
- Əvvəlki illərlə müqayisədə bu mövsüm Yüksək Liqada “Araz” istisna olmaqla bütün rəqiblərə qarşı mübarizə aparmaq mümkündü. Bu da oyunların maraqlı keçəcəyindən xəbər verir. “Araz”ı istisna etməklə onlarla oyunda yenilgi ilə barışacağımızı demirəm. Onlara qarşı da layiqli şəkildə oyun nümayiş etdirəcəyik. Futzaldı, əvvəlcədən heç nə demək olmaz.

 

Hazırda çempionatın ən sərrast oyunçususan. Hədəfində bombardir olmaq var?
- Bunun özüm üçün hədəf seçməmişəm. Bombardirin kim olması da maraqlı deyil. Yenə deyirəm, mənim üçün birinci komandamın qələbə qazanmasıdı. Hamımız meydana bunun üçün çıxırıq.

Tarix: 8 Oktyabr 14:48    Oxunub: 224    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.