"Qarşılaşdığımız maneələr bizi qorxutmur, çəkindirmir" - Heydərov

Sentyabr 22-30-da Kosovonun paytaxtı Priştinada keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyində 11 medal qazanaraq, Avropanın ən güclüsü adını qazanan Azərbaycan yığması Bakıya dönüb.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərliyi qalib və mükafatçıları, uğurda əməyi olanları mükafatlandırıb. Tədbirdə federasiyanın vitse-prezidentləri Tofiq Heydərov və Ruslan Xanverdiyev, həmçinin baş katib Rizvan Rəsulov iştirak edib. Öncə rəhbərlik arxada qalan yarış barədə fikirlərini bölüşüb.
 
Heydərov Kosovodakı Avropa birinciliyində əldə edilən nəticəni Azərbaycan ağır atletika tarixində özünəməxsus yer tutacağını bildirib: “Biz federasiya olaraq gənc nəslin uğur qazanması üçün böyük işlər həyata keçiririk.

 

Bilirik ki, hər şey məhz onlardan başlayır, onların qələbələri gələcək çempionluqlar üçün mənbə, təməldi. Kosovoda qazanılan nəticəyə hamımız çox sevindik. Biz sübut etdik ki, qadağan olunmuş preparatları qəbul etmədən, istedad və çalışma gücü ilə uğur əldə etmək olar.

 

Qarşılaşdığımız maneələr bizi qorxutmur, çəkindirmir. Fərdi mükafatlarla yanaşı, bu uğurun komanda hesabında əldə edilməsini də xüsusi vurğulamaq lazımdı. Rəhbərlərdən tutmuş ən sıravi idmançı, inzibatçıya qədər gücü bir yerə qoymaq, kollektiv uğur üçün var gücü ilə çalışmağın nəticəsini belə görmək bizə böyük zövq verir.

 

Çünki əziyyətimizin bəhrəsini görürük. İnanıram ki, bu uğurların davamı gələcək. Yeniyetmələrdən ibarət yığmamızdakı nizam-intizam, çalışma həvəsi, ardınca da qazanılan uğura görə məşqçilərimizə təşəkkür, hər kəsi təbrik edirəm”.
 
Daha sonra federasiyanın baş katibi çıxış edib: “Yeniyetmə atletlərimizin bu uğuru ortaya qoyulan əmək, görülən işin nəticəsidi. AAAF olaraq dopinqə qarşı yüksək səviyyədə mübarizə aparırıq.

 

Kosovodakı nəticələr göstərir ki, istedadlı atletlərimiz bu preparatlarsız da çempion ola, medal qazana, üstəlik rekordlar da yeniləyə bilərlər. Maksimum şərait yaradılandan, qidalanma və məşq prosesi düzgün aparılandan sonra uğur qaçılmazdır. Bir daha hər kəsi təbrik edir, qarşıdakı bütün yarışlarda da qələbələr arzulayıram”.
 
Sonda Xanverdiyev qalib və medalçılar, milli komandamızın digər üzvləri, həmçinin məşqçilər heyətinə mükafatları təqdim edib.

Tarix: 4 Oktyabr 14:48    Oxunub: 167    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

12 Dekabr 2017
11 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.