Qınamayın azarkeşi, Qurban müəllim!

“Qarabağ” çempionatımızda ev oyunu keçirir (dünən “Tofiq Bəhramov”da “Sumqayıt”la), stadiona vur-tut 500-600 nəfər azarkeş gəlir.  Tribunalara baxırsan, bom-boşdu. Hamı da bu ağrılı mənzərəni seyr edir. Sən, mən, “Çelsi”, “Atletiko”, “Roma”... 

 

Biz əlbəttə ağrıyırıq, onlarsa ya təəccüblənir, ya da gülürlər. Axı, normalda Çempionlar Liqasının qrupunda oynayan komandanın azarkeşi öz komandasına bu qədər laqeyd yanaşmamalıdı, stadionu doldurmalıdı.

 

Adətən, təmkinli, səbirli olan Qurban Qurbanov belə gileyləndi ki, matça daha çox azarkeş gəlməliydi. Narahatlığını başa düşmək olar. Amma zorla da sevgi olmur. Baxmaq istəmir bu çempionata bizim insanlar. Məlum, çempionat deyil, oyuncaqdı. Kim də ürəyi nə istəyirsə, onu edir. Göz görə-görə klublar bir-bir dağılır, bölgələrdə futbol can verir, daxili yarışa hamıda ikrah yaranıb. İnsanlar yerli futboldan üz döndərib. Ona görə dolmur tribunalar. Dolmayacaq da.

 

Çünki azarkeşdən daha əvvəl o tribunaya AFFA-nın şefi Rövnəq Abdullayev gəlməlidi, amma gəlmir.

 

Baş katib Elxan Məmmədov gəlməlidi, o da gəlmir.

 

Çempionatı keçirən Ramin Musayev gəlməlidi, hətta o da gəlmir.

 

Amma avrokuboklarda onlar həmişə tribunalarda (VİP-də) ön cərgələrdə olurlar, qələbə olan kimi də sinələrini qabağa verib, “biz tarix yazırıq” deyirlər. “Qarabağ”ın təkbaşına qazandığı uğuru mənimsəyirlər.

 

Yeri gələndə hətta “Qarabağ”ı oynamaq istəmədiyi Bakı Olimpiya Stadionuna da getməyə məcbur edirlər. Bilet satışını ələ keçirirlər. Pul qazanırlar. Yəni pul olan yerdə stadionu doldura bilirlər. Kaş bu qədər canfəşanlığı elə daxili çempionata münasibətdə də göstərə idilər.

 

Amma göstərmirlər, istəmirlər, veclərinə deyil. Deməli, futbolun patronları özləri stadionlara gəlməyənə qədər biz cörəyi daşdan çıxan kasıb azarkeşə işini tulla kənara, gəl oyuna bax deyə bilmərik.

 

Yəni qınamayın azarkeşi, Qurban müəllim.

 

Qınanmalı onlar deyil... (qol.az)

 

Aydın BAĞIROV

Tarix: 24 Sentyabr 14:38    Oxunub: 237    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.