Bu yol Samir Abasovu cənnətə aparır, yoxsa..?

"Sumqayıt" illərin ən yaxşı heyətinə sahibdi. Samir Abasov yatıb-qalxsın, göydə Allaha, yerdə klubunun rəhbərliyinə şükranlığını etsin. Yuxusunda görməyəcəyi futbolçuları hər gün qarşısında görür.


"Qarabağ", "Qəbələ" və "Zirə"ni çıxım, heç bir Premyer Liqa məşqçinin əli bu qədər güclü deyil. Ən geniş seim imkanı Abasova yaradılıb. Kimi desən, "Sumqayıt"dadı. Fərhad Vəliyev, Rail Məlikov və Cavid Tağıynv heç də həmişə əsas heyətə düşmür. Hər mövqeyə azı 2 bərabərsəviyyəli futbolçusu var Abasovun. Gəl indi bundan istifadə eləmə… Günahdı. Vallah, billah, günahdı!


"Sumqayıt"ın "Qarabağ"a uduzması qədər adi hal yoxdu. "Qarabağ"ın adını qulağı çalan Abasov birinci uduzur. Futbolçularından qabaq. Sanki bu məşqçidə "Qarabağ"fobiya var və hər ötən oyun ondakı məlum hissi bir qədər də gücləndirir.


Abasovu "Qarabağ"a uduzmağa görə kimsə təşsirləndirməz. "Niyə yenik düşdün, yenilməzdin" deyə… Tamamən imkansız və reallıqla uyuşmayan yanaşma - biri deməz, ikisi deməz, üçü deməz.


Amma və lakin stadiona gələn də, gəlməyən də, oyunu izləyən də, izləməyən də üzünü Abasova tutub deyə bilər ki, bu heyətlə də futbol oynamağı bacarmırsansa, səni "Voyvodino"ya göndərsələr nə olacaq, göndərməsələr nə olacaq?! Heç zad! Get hələ məşqçiliyin əlifbasını vərəqlə, öyrən, A hərfi ilə tanış ol, sonra otur o texniki zonada, Qurban Qurbanova yaxın ol. 


Fərhad Vəliyev "Zirə" ilə matçda yox idi. Abasov 35 yaşlı qapıçıya dünən də əlcək geyindirmədi. Hər iki oyunda "Sumqayıt"ın yediyi qolların sayı 7-di. "Qarabağ"dan doğma şəhərinə ötən mövsüm dönən Fərhadın "Sumqayıt" üçün nə anlam verdiyini, əhəmiyyət kəsb etdiyini ilk ilində gördük.

 

Fərhad qapıda daanmasaydı, "Sumqayıt" keçən sezon avrokuboklara iddia edəcək səviyyəyə qalxmazdı, yenə də turnir cədvəlinin dibinə dəmir atmışdı və Allah bilir, Abasov bu gün Sumqayıtın hansı çayxanasında domino çırpırdı. Sən illərin təcrübəli ismini, komandanın liderini, gənc futbolçuların ağlı və başını bir yerə yığan qapıçını saxla ehtyatda ki iş bilmişəm.

 

İşmi bu? Budumu iş? Beynində dolandırdığın qara-qura fikirlərə bir az aydınlıq gətirsəydi, heç də pis olmazdı. O sənsənmi, Abasov? Yox, o sən, o sən deyilsən. 


Dağıstanlı futbolçu heyranı bir baş məşqçi… Nə vaxt milliləşdirilməsi sirr olaraq qalan Mehdi Cənnətova özündən çox inanan adama Abasov Samir deyilir. Bunu həqiqətən istəyir, yoxsa məcburən edir - maraqlıdımı? "Sumqayıt"ın gələcəyini ikinci hissədə səhvləri boya düzən Cənnətovda görən Abasovu Sumqayıtın sakit küçələrində görən olsa, o görməklə bu görməyin arasındakı fərq, bilirsiz, nə olar? Bir üzü qızarar, bir üzü ağarar.

 

Bunlara hazırdı, yəqin ki. Hər dəfə "Qarabağ"a böyükhesablı məğlubiyyətlərdən vəcdə gəlirmiş kimi xətaları sıralayan, bunlardan nəticə çıxarmağı özünə ayıb bilən Abasova qoyulan mayanın batmamaq ehtimalı sıfıra bərabərdi. "Sumqayıt" rəhbərliyi əlindəki pulu küçəyə səpsin ondansa. Abasova yatırım etməyə dəyməz. 
Futbolçuyla danışmağı bilmir.


Futbolçuya taktika başa sala bilmir.


Heyət qura bilmir.


Bəzən özünü apara bilmir.


Bəzən hakimə nə deyəcəyini, ona necə yanaşacağını bilmir.


Çox vaxt jurnalistə nə deməli olduğunu bilmir.


Bilmir ki, bilmir!


Bu qədər bilgisiz və bilimsiz birinin yeri "Sumqayıt" olmamalı.


Ölkənin ən böyük futbol məbədlərindən olan Sumqayıtın şərəfini qoruyan komandanın sükanı arxasında o dayanmamalı.


Əsli-kökü azərbaycanlı gəncə bir səhv etdiyində Sumqayıtın krant suyundan içməyi məsləhət görən, jarqonlayan, aşağılayan Abasovun ayağı və əlləri əsən Cənnətovda nə gördüyünü bilən, eşidən, öyrənən varsa, mənə də söyləsin. Çox xahiş edirəm. Abasov bilməməyi qəbahət saymırsa, mən öyrənməməyi qəbahət sayıram. 

 

O yoxdu sosial şəbəkədə. Olsaydı var ha… Bir daha dünyaya gəldiyi günə sevinməzdi. Nələr yazırlar, nə şəbədələr qoşurlar ona. Seymur Rəhimovla Etibar Tarıverdiyevin, adətən, yerindən deşiyinin harda yerləşməsindən də xəbəri olur, nə əcəb, aparıb qoymurlar ovcuna, demirlər ki, ay evin tikilsin, sözdən ibarət lapetin çatışmiırdı, artıq onu da bəzəyib-düzəyib, qoşublar sənə.

 

Deməyiblərsə, desinlər. Barı, bir bunu bilsin. 

 

VÜQAR

Tarix: 23 Sentyabr 11:02    Oxunub: 350    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.