Ya 12, ya da 14 - Diviziondan kənarda qalan klublar "okey" veriləcək?

Növbəti mövsüm I Divizion mübarizə aparacaq komandalar müəyyənləşib.  Sentyabrın 9-da AFFA və PFL-in birgə komissiyası aşağı dəstədə çıxış etmək istəyən klublardan daxil olan müraciətlərə baxaraq, sənədlərini tam təqdim etməyənlərə bir neçə gün vaxt vermişdi.

 

Hər iki qurumun birgə komissiyası növbəti iclasını keçirərək, təqdim olunan sənədləri, peşəkarlığı və ötən mövsüm danışılmış oyunlarla bağlı  UEFA-dan daxil olan məlumatları nəzərə almaqla divizionda iştirak edəcək komandaların adlarını təsdiqləyib

 

“Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan”, MOİK-dən başqa, “Binə” və “Xəzər” də I divizionda iştirakına icazə verilib.


Əlavə vaxt alan 6 klub isə yarışa buraxılmayıb. Bunlar “Bakılı”, “Şahdağ-Qusar”, “Göyəzən”, “Göyçə”, “Karvan” və “Energetik”di. Divizionda çıxış etmək  hüququ qazana bilməyən komandaların oynaması üçün həvəskar statuslu “Region Liqası”nın yaradılması ilə bağlı layihə İcraiyyə Komitəsinə təqdim olunacaq.


Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev bildirib ki, adıçəkilən komandaların yarışa buraxılmamasının səbəbləri müxtəlifdi. Kimin adı oyun alqı-satqısında hallanır, kimin bazası, şəraiti yoxdu, kimi də futbolçulara maaş verə bilmir, kimi tam sənədləri təqdim edə bilmir. Bütün bunlar məlum qərarı şərtləndirib.

 

Sitat: "Ümumən deyə bilərik ki, bu komandalar indiki vəziyyətdə Birinci Divizionda yarışmağa qadir deyillər. Bu qərar Ramin Musayev, Elxan Məmmədovun deyil, ümumi komissiyanın qərarıdı və buna hörmətlə yanaşmaq lazımdı. “Vətən”, “Binə” və “Xəzər” tələb olunan şərtlərə cavab verdiklərinə görə yarışa buraxılıb.

 

“Göyçə”nin Birinci Divizionda olacağını demişəm? Mən oynayacağını deməmişdim. Sadəcə, belə bir klubun yaradıldığını və iştirak üçün müraciət etdiyini demişdim. Müsahibələrdə qeyd etmişdim ki, iştirak üçün müraciət edən komandaların sayı çoxdu.

 

Onların iştirak edib-etməyəcəyinə isə araşdırmalardan sonra qərar veriləcəkdi. “Göyçə”nin iştirakının niyə alınmadığı AFFA və PFL-in birgə komissiyasının açıqlamasında öz əksini tapıb. Birinci Divizondan kənarda qalan klubların Regionlar Liqasında çıxış etməsi biz tərəfdən olan bir təklifdi. 

 

Sözsüz, Qazax, Mingəçevir, Qusar, Yevlax kimi şəhərlərin kənarda qalması bizim üçün də ağırdı. Yevlaxda, Mingəçevirdə yaxşı infrastruktur var. Qusar futbolunda hər zaman yaxşı oyunçular yetişib, stadiona azarkeşlər gəlib. Biz bunları çox gözəl bilirik. Amma bəzi reallıqlar var ki, onları da nəzərə almaq lazımdı və qaydalar əsasdı. Regional Liqanın yaradılması isə bir təklifdi və düşünürəm ki, gözəl təklifdi. Bu liqa eyni zamanda gələcəkdə Azərbaycanda 2-ci liqanın yaradılması üçün təkan ola bilər".


"Şahdağ", "Göyçə", "Karvan" və "Bakılı" inadından dönmür. Hər biri müxtəlif əlaqələr və vasitələri işə salaraq, sərt qərarı verənlərə təsir göstərməyə çalışır. Sözügedən klubların nümayəndələri demək olar hər gün AFFA-dadı, görüşlər keçirirlər. Federasiya başçısı Rövnəq Abdullayevə ünvanlanan məktubların sayı durmadan artır. 

 

Sportinfo.az-ın məlumatına görə, divizion iştirakçılarının sayı ətrafında baş qaldıran səs-küy rəsmi dairələrin də diqqətini çəkib. Misalçün, Qusardan deputat seçilən Azər Badamov bu məsələni Milli Məclisdə müzakirəyə çıxarmaq niyyətindədi. Onun köməkçisi bununla bağlı "Şahdağ" rəsmiləri ilə əlaqə saxlayaraq, ətraflı məlumat toplayıb.  

 

Prezident Aparatına, ölkə başçısına yazılan şikayət namələri ciddi reaksiya doğurub. Odu ki, diviziona buraxılmayan klubların işinə təkrar baxılması gözlənilir. Rövnəq Abdullayev narazıların işini şəxsi nəzarətinə götürüb.

 

Onun yaxın günlərdə bu mövzu ilə əlaqəli qapalı toplantı keçirəcəyi deyilir. Ramin Musayev çempionatda 14 komandanın çıxış etməsinin tərəfdarıdısa, baş katib Elxan Məmmədov sayın hazırkı həddə qalmasına çalışır. AFFA prezidentinin özü isə 12 yarışmaçı ilə mübarizəyə start verilməsiini istəyir.

Tarix: 21 Sentyabr 15:48    Oxunub: 807    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.