"Azərbaycan üçün Avropa çempionatına ev sahibliyi etmək böyük uğurdu"

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov qadınlardan ibarət milli komanda ilə görüşüb.

 

Sportinfo.az xəbər verir ki, AVF rəhbəri öncə təlim-məşq toplanışından qayıdan komandanın hazırkı durumu ilə maraqlanıb.


O bildirib ki, Azərbaycan dövləti sentyabrın 22-də start götürəcək qadın voleybolçular arasında Avropa çempionatını ən yüksək səviyyədə təşkil etməyə çalışacaq. Qurbanov komandanın medalçılar arasına düşəcəyinə də inam ifadə edib.


Federasiya prezidentinin sözlərinə görə, Faiq Qarayevin baş məşqçisi olduğu yığma mükafatçılar sırasında yer almaq gücündədir: “Bu, sizinlə Sloveniyadakı təlim-məşq toplanışından qayıtdıqdan sonra ilk görüşümüzdür. Komandaya inanıram, güclüdür.

 

Azərbaycan üçün Avropa çempionatına ev sahibliyi etmək böyük uğurdur. Biz də çalışırıq ki, yarışı yüksək səviyyədə təşkil edək. Amma əsas yük sizin üzərinizdədir. Nəticə qazanmağa çalışmaq lazımdır.

 

Yığmamız mükafatçılar sırasında yer almağa qadirdir. Komandada Faiq Qarayev kimi böyük mütəxəssis olduğundan, bunu bacaracağınıza inanıram”.


Avro-2017 Azərbaycan və Gürcüstanda təşkil olunacaq. Azərbaycan millisi A qrupunda Polşa, Almaniya və Macarıstanla mübarizə aparacaq. 

 

AVF-nin vitse-prezidenti, eyni zamanda yığmanın baş məşqçisi Faiq Qarayev komandanın hazırkı durumundan danışıb. O bildirib ki, Maribordakı hazırlığın və yoxlama oyunlarının milliyə böyük faydası olub:

 

“Sloveniyada uzun müddət təlim-məşq toplanışı keçdik. Komandamızda bəzi zədəli oyunçular vardı. Onların formaya düşməsi üçün xüsusi proqram tərtib etdik. Bizim üçün çox böyük məsuliyyətdir ki, Azərbaycan Avropa çempionatına ev sahibliyi edir.

 

Biz də yaxşı nəticə əldə etməyə çalışacağıq. Qarşıda komandamızı yoxlama matçları gözləyir. Komandanın yaxşı nəticə əldə etməsi üçün əlimdən gələni edəcəyəm”.

Tarix: 13 Sentyabr 15:36    Oxunub: 144    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.