Utanmağa və üzülməyə dəyməz!

Hər şey bura qədər idi. "Qarabağ" Çempionlar Liqasına vəsiqə qazanmaqla, onsuz da, boyundan çox yuxarı tullanmışdı.

 

Bundan daha yüksəyi yox idi. Qitənin ən prestijli turnirinə adını yazdırmaqla Azərbaycan futbolu tarixinə adını növbəti dəfə qızıl hərflərlə yazdıran Qurban Qurbanovun, futbolçularının, ümumilikdə "Qarabağ"ın "Çelsi"yə uduzması qədər normal deyilmi? "Deyil" deməyin. Dilimiz və diliniz quruyar. 

 

London gecəsinin 6:0 bitməsi iki Premyer Liqa – İngiltərə və Azərbaycan futbolu arasında səviyyə fərqini müəyyənləşdirmir. Müqayisəyə gəlsə, ortalığa çıxarası heç nəyimiz yoxdu. Ki, ondan yapışıb, nəyəsə ümid edək.

 

Bir "Qarabağ"ımız var, onun uğurunu da onun-bunun ayağına yazmayaq. İngiltərənin paytaxtında, "zadəganlar"ın məbədində Azərbaycanın bayrağını qaldırmaq yalnız bu klubun rəhbərliyinin, baş məşqçi və ekibinin zəncirvari işbirliyinin, zəhmətinin, alının tərinin qarşılığıdı. 

 

Uğurun atası çox, uğursuzluğun anası az olur. Əzəldən belədi. Dünənki qarşılaşmanın yekununa əsasən nəticə çıxarası olsaq, əlbəttə, ürək istərdi ki, "Qarabağ" ÇL himninin tüklərimizi biz-biz edən sadasının həyacanına boğulmasın.

 

Əzazil, qola doymayan "Çelsi"nin nəfsi qarşısında səbri tez tükənən "Qarabağ"ın edə biləcəyi tək şey varıydısa, bu da da 90 dəqiqənin tez gəlib keçməsini gözləmək idi. 

 

"Qarabağ" nəhənglərin turnirinin "ölüm qrup"unda yer alıb. burda 4-cü yeri tutmaq da komandamız üçün əla sonluq sayılmalıdı. "Qarabağ" işdi, qalan 5 oyuna 1 qol vursa, bunu bayram kimi qeyd etməliyik.

 

"Çelsi", "Roma" və "Atletiko"dan alacağımız 1 xalın, yaxud qazanacağımız qələbənin isə misli olmayacaq. Hər şey oyunun, oyuniçi gedişatın başında deyil.

 

Elə oyunlar olur ki, baş məşqçinin müdaxiləsinə açıqdı. Rəqiblər güclü olanda, onun 1,5 saatlıq prosesə təsir imkanı azalır. "Çelsi" ilə dünənki qarşılaşma da bu qəbildən idi.

 

Qurban Qurbanov sakitcə dayanıb seyrə davam etməli, hər qola çılğınlıqla reaksiya verən Antonio Konteni soyuqqanlılıqla izləməli idi - o, belə də etdi.


"Çelsi" avro-zonanın bütün titullarını qazanmış klubdu. Bu kimi yarışların hər üzünü görüb. "Qarabağ"dan fərqli. Azərbaycan ilk dəfədi ÇL-də təmsil olunur.

 

Qurbanovun komandası qrupu 6, hamısını da böyük hesabla məğlubiyyətlə başa vursa, biz yenə onlara öz minntədarlığımızı bildirməliyik. Hər dueli 0:10 hesabıyla uduzsalar belə! Önəmlisi iştirak, təcrübə toplamaq, Avropaya inteqrasiyadı.

 

"Astana" 3 il öncə Çempionlar Liqasına vəsiqə qazananda, Qazaxıstan futboluna həsəd və qibtə hissi ilə yanaşırdıq.

 

Bu gün növbə Azərbaycandadı. "Qarabağ" ölkəmizin bayrağın başlar içində başa sancdı dünən Londonda meydana çıxmaqla. Ona görə də, irihesablı yenilgidən utanmağa dəyməz. Ardı gəlsə də, gəlməsə də. 

 

VÜQAR

Tarix: 13 Sentyabr 13:24    Oxunub: 344    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Noyabr 2017
19 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.