"QARABAĞ" - Ən həyəcanlı püşkdən əsl sınaq və imtahan meydanına

Əlbəttə, çoxları "Qarabağ"ın daha münasib qrupda yer ala biləcəyini iddia edə bilər. Lakin bəlkə ədalətin də hökmü ilə Azərbaycan çempionu ənənəvi möhtəşəm üç futbol ölkəsinin təmsilçisi ilə üz-üzə gələcək. 

 

Buna görə də komandamız üçün bunu əsl sınaq və imtahan məqamı adlandıra bilərik. Bəlkə hardasa yarış sonunda nəticəyə görə qınanmamaq üçün bir fürsət kimi görünsə də, məncə, əslində lap elə bu baxımdan yaxalanmış məqamdı.

 

"Qarabağ"ın itirəcəyi nəyi var ki?! Əlbəttə, demək olar ki, heç nəyi. Ona görə də bu, bir baş da böyümək, bir addım da irəli getmək, haradasa "biz də bunu bacararıq", ya da "biz də onlardan əskik deyilik" prinsipi ilə "Qarabağ"ın bu rəqabətdə özünü və ölkəmizi tanıtması, dirənci, inadı, arzu və istəyi ilə "imzalar içinə imzası ilə" qoşulmasına bir fürsətdi.

 

Hansısa ortababla oynayıb bir neçə xalı əldə etməkdənsə, bu nəhənglərə dirəşib onlardan xal qoparmaqla, onları, haradasa bəxt, haradasa inad hesabına üstələməklə, əldə ediləcək dividendlər və perspektivlər daha dəyərlidi.


Bəli, məncə, "Qarabağ" bir şans içinə düşüb. Onu lazımınca dəyərdəndirmək üçün, onu böyük biznesə çevirmək üçün indi əsl məqam yetişib. Bu, həm də ölkənin həm klubları, həm də baş futbol təşkilatı üçün özünü toparlayıb böyüməyə, axır ki, əsl və ciddi bir işlə məşğul olmağa çağırış siqnalıdı.


Rəqibləri dəyərləndirmək yersiz və artıqdı. Amma indi "Qarabağ"dan söz açmağın əsl zamanıdı. Komanda bu yarışda, əsasən, yalnız məşqçilərinin taktiki düşüncəsinə güvənməlidi.

 

Çünki bu rəqiblərin biri o birindən kəskin fərqlənir. Biri ilə oyuna seçiləcək tərz, dəst-xətt, üslub, manevr, funksional, taktiki hazırlıq o biri ilə keçərli olmayacaq. Buna görə ötən illərdə "Tottenhem"lər, "Monako"lar, "İnter"lər, "Fiorentina"larla oyunların dərsi, məncə, yetərlidi ki, bu dəfə iş prinsipləri bir az fərqli qurulsun, başqa münasibətlə yanaşılsın.

 

Artıq "Qarabağ" məşqçi korpusunun bilik və bacarığının, duyum və hissinin gücünə arxalanmalıdı. Çünki buna qədər çox yazıb, çox can atsaq da, komandalarımızın heç biri mərhələli güclənmək niyyətini göstərmədi. İndi isə bu səviyyə üçün bir qədər xudpəsənd müdafiə və yaralı hücum xətti ilə mübarizə aparmamaq üçün "Qarabağ"ın cəmi bir neçə saatı qalıb. 

 

Transferlər komandalarımızın  ən yaralı və zəif yerləridir. Özü də builki mübarizələrində "Qarabağ" az qala hər oyunda bu istiqamətdə işini gücləndirmək üçün siqnallar aldı. Hər oyunda bir aparıcı futbolçu ya olmadı, ya sıradan çıxdı və faktiki olaraq, onlara layiqli əvəz tapılmadı. İndi isə dar ehtiyat oyunçu skamyası ilə böyük yarışa gedən "Qarabağ", həm də bu futbolçuların sağlamlığının qayğısına qalmalıdır. Bu məsələ də "Qarabağ"da məşq sisteminin də təsiri ilə ideal deyil.

 

BATI YAR

Tarix: 12 Sentyabr 14:48    Oxunub: 134    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.