Azərbaycan çempionu ÇL-da bir-birindən fərqli üç mürəkkəb rəqiblə üz-üzə

Azərbaycan futbolu tarixinin yeni sətirlərini yazaraq, Çempionlar Liqasına, yəni qrup mərhələsinə vəsiqə qazanmış "Qarabağ" təkcə futbolsevərlərə deyil, bütün ölkəyə ən həyəcanlı anları, ən böyük sevinci yaşatdı.

 

Üstəlik, "Qarabağ" adı ilə yarışan daşıyan bir komandanın bu tarixi yazması, həm də ona doğru Cəbrayıl və Füzuli rayonlarının işğalı günündə addımlaması cəmiyyətdə böyük əks-səda doğurdu, inam mənbəyinə çevrildi.

 

Elə bu tarixi uğurun dünya mətbuatında yarıyalan-yarıdoğru, yarıqısqanclıq-yarıdost yanaşmalara diktə etdiyi təsirləri işıqlandırılması, bir sözlə, diplomatiya yüklü bir qələbəyə çevrilməsi hadisə oldu və hələ bundan sonra, ən azı, 6 oyun və yaxud ta dekabrın 5-nə qədər təkrarlanacaq.

 

Ölkədə isə kiçiyindən böyüyünə hər kəs yalnız bu tarixi uğurdan, nailiyyətdən bəhs edir. Hətta ölkə başçısının elə həmin gün – avqustun 24-də Bakıya qayıdan komandanın üzvləri ilə görüşməsi bu qələbənin əhəmiyyətinə xüsusi ovqat, xüsusi çəki qatdı.


Həyəcanın kulminasiya nöqtəsi atılan püşk mərasimi oldu. Azərbaycan soraqlı püşkləri çox görmüşük, çox izləmişik. Mavi ekran qarşısında gah milli komandanın, gah da klublarımızın səbət bəxtinə ümid həsrəti ilə gözlərimizin dikildiyi anlar az olmayıb.

 

Amma bu qədər işıqlı, bu qədər həyəcanlı anlar heç vaxt olmayıb. Çünki hər il Çempionlar Liqasının püşkü bütün dünyada adi hadisə kimi qarşılanmır, xüsusi ovqatla gözlənilir. Bu il biz də ilk dəfə belə həyəcanın nə olduğunu əvvəldən axıra qədər anladıq.


Monakonun məşhur "Qrimaldi Forum" sarayında keçirilən mərasimin lap əvvəlində Çempionlar Liqası ailəsinin yeni üzvünün – "Qarabağ"ın salamlanması, yəqin, hər kəsdə xüsusi ovqat, ruh oyatdı. Bəli, bu tarixi an idi.

 

Avropa klub futbolu çempionlarının 63-cü mövsümündə, yaxud da "Çempionlar Liqası" adı altında qitənin, əslində, dünyanın ən güclülərinin yer aldığı yarışıın 26-cı mövsümündə Azərbaycan təmsilçisi də ilk dəfə yer aldı.

 

Azərbaycan bu siyahıda 32-ci ölkə, "Qarabağ" isə 132-ci klub oldu. Bu il isə UEFA üzvü olan 54 assosiasiyadan 79 komandanın qatıldığı mübarizədə "Qarabağ" həlledici 32 komanda arasında öz yerini tutdu və həm özünə, həm də ölkəmizə reytinq sıçrayışı gətirdi.


Püşkün qanunauyğun və ədalətli bölgüsünə görə, komandamız öz reytinqi ilə ən sonuncu – 4-cü səbətdə idi. Rəqiblərin heç də asan olmayacağı əvvəldən bilinirdi.

 

Bütün karyerasını yalnız bir klubda "Roma"da keçirmiş İtaliya futbolunun əfsanəsi Françesko Totti ilə, Ukrayna futbolunun oyunu ilə ölkədən kənarda parlayan ilk və ən parlaq ulduzu Andrey Şevçenkonun kimin üçün sehirli, kimin üçün amansız, kimin üçün qəddar əlləri səbətlərdən adları bir-bir çıxardıqca, səbirsizləşən ürəyklərin döyüntüləri də artdı. Çünki hər kəsin öz düşüncəsində münbit saydığı qruplar formalaşırdı.

 

 "Qarabağ"ın rəqibləri
"Çelsi" (London, İngiltərə)
• UEFA təsnifatında reytinq yeri: 10.
• Statusu: İngiltərə çempionu.
• Əvvəlki illərdə qrup yarışında: 14 dəfə (son dəfə – 2015-16)
• Ötən mövsüm: Avrokuboklardan kənar olub.
• Çempionlar liqasında ən yaxşı nəticəsi: qalib (2011-12).


"Atletiko" Madrid (İspaniya)
• UEFA təsnifatında reytinq yeri: 4
• Statusu: İspaniya çempionatının 3-cüsü.
• Əvvəlki illərdə qrup yarışında: 7 (son dəfə – 2016-17).
• Ötən mövsüm: Çempionlar liqasında yarımfinal.
• Çempionlar liqasında ən yaxşı nəticəsi: 3 dəfə finalçı (1973-74, 2013-14, 2015-16)

 

"Roma" (Roma, İtaliya)
• UEFA təsnifatında reytinq yeri: 37
• Statusu: İtaliya çempionatının 2-cisi
• Əvvəlki illərdə qrup yarışında: 9 dəfə (son dəfə – 2015-16)
• Ötən mövsüm: Çempionlar liqasının seçmə pley-offu/Avropa liqasının 1/8 finalı.
• Çempionlar liqasında ən yaxşı nəticəsi: finalçı (1983-84)

 

SPORTİNFO.AZ

Tarix: 12 Sentyabr 10:00    Oxunub: 197    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Noyabr 2017
21 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.