"Qarabağ" İngiltərədə futbol tariximizin yeni səhifəsini açır

12 sentyabr tarixi gündü. Tarix isə adi hərf və rənglərlə yazılmır. "Qarabağ" sabah Çempionlar Liqasının qrup mərhələsində ilk matçına çıxacaq. Uzaq "Dumanlı Albion"un soyuq havasını ciyərlərimizi çəkib, "Çelsi" ilə qarşılaşmanın nəbzini tutacağıq. 


İki Premyer Liqanın - Azərbaycan və İngiltərə çempionlarının duelində aşkar favorit, heç şübhəsiz, "Çelsi"di. ÇL-in daimi sakinlərindən sayılan, hətta bu kuboku başı üzərinə qaldırmış və həmin arzuyla yeni sezona start verən "zadəganlar"ın qələbəsi təəccüb doğura bilməz.

 

Qurban Qurbanov "diş-dırnaq" savaşı vəd edir, amma əzmkarlıq da biryerədəkdi. Səviyyə fərqini müəyyənləşdirmək üçün transfer bazarının darvazasını azacıq aralamaq yetər: Ulduzlarını demirik, "Çelsi"nin 1 ortabab futbolçusunun qiyməti "Qarabağ"ın bir neçə illik büdcəsinə bərabərdi. 


Böyükesablı məğlubiyyətə də hazır olmalıyıq.  Axı ilk növbədə, arxa xətdə problemlər əvvəlkindən daha qabarıq özünü büruzə verir. Çünki rəqiblərin səviyyəsi artdıqca, komandanın imkanları nəzərə alınmaqla, bu xəttə tələblər artır. Digər yandan, hücum xəttinin istənilən həddə gücləndirilməməsi müdafiənin yükünün artıq olmasına təsirini göstərir.


"Qarabağ"ın Danimarka səfərindəki qarşılaşmada daha bir müsbət məqamı ikinci hissədə oyunun ritmindən düşməməsi, hətta tempi artırmağa qadir olması idi. İlk qolu buraxdıqdan sonra təmsilçimiz özünü toparlayıb, ən əsası, oyun planında inam,  iradə və əzm göstərdi.

 

Əlbəttə, hücum xəttinin natamamlağına görə bu psixoloji ovqat çox da effektli olmadı, lakin istənilən nəticə əldə olunubsa, hər şey qaydadsındadı. Çünki danimarkalıların "dişəçəkilən" olması, həm də oyun quruculuğundakı çiyliyi Azərbaycan çempionunun dadına çatdı. "Çelsi" isə onlarla müqayisə olunmayacaq qədər üst düzəy təmsilçisidi.


İstənilən halda, "Qarabağ" Çempionlar Liqasına vəsiqə əldə edərək, qitənin, əslində, dünyanın ən güclüləri sırasında yerini aldı. İndi qalır bu uğuru tamamlamaq, inkişaf etdirmək, daha da yüksəltmək. Bunun üçün daha fərqli və daha çox iş görmək lazımdı. Klub bütün infrastrukturu ilə futbolu biznesə çevirmək üçün bütün addımları atmağa cəhd göstərməlidi. 


Hələliksə, ölkə qələbə sevinci içindədi. Doğrudu, Kopehagendə Azərbaycan çempionu məğlub oldu. Lakin indiyə qədər heç bir məğlubiyyət bu qədər şirin, bu qədər sevindirici olmamışdı. Axı, səfərdə vurulan bir qol, qanuni ədalət yanaşması ilə, təmsilçmizi ən ülvi məqama yetirdi.

 

Oyundan sonra futbolçuların göz yaşları, baş məşqçi, Azərbaycan futbolu tarixində öz dəst-xətti ilə seçilən Qurban Qurbanovun kövrək anları, Azərbaycan futbolu tarixinə dövrünün ən yaxşı futbolçusu kimi adını həkk etmiş, lakin cəfalı illərin səfasını indi dadan və karyerasının qürub çağında mükafatsız olsa belə, ən layiqli hədiyyələri alan Rəşad Sadıqovun qururlu sevinci hələ bundan sonra çox xatırlanacaq.


Təbii ki, bu anların böyük yolun bir başlanğıcına çevrilməsi üçün daha çox və daha səylə çalışmaq lazım gələcək. Onun, sadəcə, səhifələnmiş bir tarix deyil, yeni səhifələri açılacaq bir kitabın epiloqu olması daha vacibdi. Bunu yarışın püşkü əyani nümayiş etdirdi.

 

Bir gün əvvəl təmtaraqla zəfərlərdən bəhs edənlər, püşkdən dərhal sonra, əksərən, qəfil zərbə alıblarmış kimi söndürüldülər. Amma,nahaq! Axı nə gözləyirdilər? Bəlkə "Qarabağ"ın yer aldığı sonuncu səbətin klubları arasından rəqib istəyirdilər. Ən gözəl və əsl imtahan, əsl sınaq hələ bundan sonra başlanacaq.

 

İnanaq ki, tək "Qarabağ" deyil, həm də futbol funksionerlərimiz bu fürsətdən yaralanaraq, nəhayət, futbol naminə həqiqi addımlar atmağa cəhd edəcək və haradasa uğur qazanacaq və əsl ümid işığını yandıracaqlar. 


SPORTİNFO.AZ

Tarix: 11 Sentyabr 15:48    Oxunub: 377    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.