"Adam nə qədər ona-buna ağız açar ki, uşaqlara yemək ver, su ver, vallah utanıram, ayıbdı" - LAYİHƏ

Sportinfo.az “Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?” mövzusunda növbəti layihənin icrasına start verir. Xəbər verdiyimiz kimi, budəfəki qonağımız tarixi futbol bölgəsi - futbol ənənələri olan Şirvan şəhərinin Əməkdar məşqçisi Ramiz Hacıyevdir. Yarım əsrdir bu sahənin içində olan veteran mütəxəssislə söhbətdə Azərbaycan, xüsusən regionların, Şirvanın uşaq futbolunun problemlərindən, çatışmazlıqlarından və perspektivlərindən danışıdıq.

 

Haşiyə çıxıb məlumat üçün deyək ki, Şirvanın (keçmiş Əli-Bayramlı) “Energetik” klubu Əməkdar məşqçi Ramiz Hacıyev rəhbərliyi altında 1980-ci ildə Azərbaycan çempionu olub, ölkə kubokunu qazanıb. 3 dəfə Azərbaycan Həvəskarlar Liqasının qalibi, 2 dəfə Həvəskarlar Liqasının kubokunu qazanıb. "Energetik" 1978 və 1985-ci illərdə isə digər Əməkdar məşqçi - Tahir Əliyevin rəhbərliyi ilə yeniyetmələr arasında SSRİ çempionu olub. SSRİ “Dəri Top” kubokunu da qazanan komanda Azərbaycanı 3 dəfə UEFA Həvəskarlar Liqasında təmsil edib.

 

- Düz 50 ildir ki, futbolla məşğulam. Vaxtilə oynamışam, hazırda da məşqçi kimi fəaliyyət göstərirəm. Azdan-çoxdan futbolla bağlı dünya görüşüm, bildiklərim var. AFFA-nın aşağı yaş qrupları üzrə yaratdığı Liqalar təqdirəlayiq haldır. Lakin baxın, bu liqalarda neçə rayon klubu var. Əksəriyyəti Premyer Liqa klublarının aşağı yaş qrupu üzrə komandalarıdı. Bölgələrdə klublar yaradılmasa, onların aşağı yaş qrupları üzrə komandaları liqalarda iştirak etməsə, futbolun inkişafı mümkünsüzdür. Bu gün Şirvan şəhərinin 5 yaş qrupu (U-10, U-11, U-12, U-13 və U-14) üzrə komandası U liqalarda çıxış edir. Əgər buna çıxış demək olarsa.

 

Niyə məhz belə?
- Bildiyiniz kimi, AFFA ilə Təhsil Nazirliyi arasında müqavilə bağlanıb. Əgər elədirsə, Təhsil Nazirliyi U liqalarda oynayan uşaqlarımızı nəzərə alaraq Şirvan şəhər Təhsil Şöbəsinə rəsmi şəkildə bildiriş göndərməlidir. Niyə? Ona görə ki, əgər rəsmi formada göstəriş olmasa, bu komandaları saxlamaq mümkün deyil. Mən nə vaxta qədər ona-buna ağız açacam? Vallah, özüm də utanıram, yaşlı adamam. Belə futbolçu yetişdirmək olmaz. Futbolu belə inkişaf etdirməzlər. Sağolsunlar, kömək edirlər – Şirvan şəhər İcra Hakimiyyətinin başçısı, Gənclər və İdman idarəsinin rəhbəri, şəhərin imkanlı adamları və.s. dəfələrlə bizə yardım əlini uzadıb. Amma nə vaxta qədər? Oyunlara gedəndə bu uşaqlara normal qida vermək lazımdı, bu balacalar 300-350 kilometr yol gedirlər, “katlet çörək”lə futbol inkişaf edər? Normal məşq etmək üçün meydança yox, stadion yox, inventar da demək olar ki, yox səviyyəsindədir. Adicə uşaqların geyindikləri butslar 4-5 oyuna cırılır, yenisinin ən ucuzu 25 manatdı. əgər Təhsil Nazirliyi rayonun təhsil şöbəsinə rəsmi qaydada müraciət etsə, o zaman bizə də xeyli asan olar. Ən azından bu uşaqlar normal yemək-içmək, inventarla təmin edilərlər. Yoxsa mən nə vaxta qədər ona-buna ağız açıb xahiş edim ki, filankəs, bizə yemək ver, içməyə su ver. Vallah ayıbdı, adam yaşından-başından xəcalət çəkir. Mən bu gün evimin içindən daha çox bu uşaqları fikirləşirəm.

 

Yeri gəlmişkən, Təhsil nazirinin müavini Firudin Qurbanov AFFA İcraiyyə Komitəsinin üzvüdür.
- Bəli, bu yaxınlarda ölkə başçısı ona “İdman xadimi” fəxri adını verdi. Mən də tərbik ediəm. Ancaq bəs bu problemi kim həll etsin? Vallah, hər dəfə məktəblərdən uşaqlar üçün icazə almaq zülmdür. Bunu konkret sistemə salmaq nə böyük problemdir ki, Təhsil nazirliyi həll etmir. Elə-belə elektron məktub göndərmək lazım deyil, konkret rəsmi bildiriş olmalıdı ki, filan uşaqlar Azərbaycan çempionatında iştirak etdiyi üçün şənbə günləri, yaxud oyun günü dərslərdən azad edilsin, vəssalam. O zaman həmin uşaqlar dövlət tərəfindən lazımi inventar, qida ilə təmin olunar, mən də camaata ağız açmaram. Nə vaxta qədər dilənçiliklə komanda saxlamaq olar?

 

Ramiz müəllim, ümumiyyətlə, rəhbərlik etdiyiniz bu komandalar bəs harada məşq edirlər?
- Şirvan Şəhər Olimpiya Kompleksinin ərazisində inşa olunan süni örtüklü meydançada.

 

Heç olmasa, o stadionun vəziyyəti normaldır?
- Yox, siz nə danışırsız. Heç bir standarta qətiyyən cavab vermir. Sadəcə, məcburiyyətdən orda məşq edirik. Başqa hara gedək, yerimiz var bəyəm? Olimpiya kompleksinin meydançası birbaşa asfaltın üstünə salınmış xalçadan hazırlanıb. Vəssalam, onun altında heç bir tikinti materialı, avadanlıq yoxdur. Balaca uşaqlar da yıxılan kimi dərhal zədə alırlar.

 

Belə görünür, sizdə çatışmazlıqların sayı-hesabı yoxdur. Ən böyük probleminiz nədir, ondan başlayaq.
- Ən böyük problemimiz adicə inventarların olmamasıdır. Təxminən 90-a yaxın uşağımız bu gün 5 yaş qrupu üzrə liqalarda oynayır. Bu uşaqların normal məşq etmələri üçün avandlıq lazımdır. Valideynə bir dəfə aldırarsan, iki dəfə xahiş edərsən. Valideynlərin də imkanı yoxdur axı. Hələ də AFFA-nın bizə verdiyi formalarla çıxış edirik. Hansı ki, artıq 3-4 ildir. Premyer Liqa klubların aşağı yaş qrupları üzrə komandalarında belə problemlər yoxdur, onlara uşaq futbolunun inkişafı ilə əlaqədar UEFA tərəfindən maliyyə ayrılır. AFFA da həmin pulu o klublara verir. Bizə isə heç nə, çünki Premyer Liqada klubumuz çıxış etmir. Ümidimizi yalnız federasiyaya bağlamışıq, onlar da artıq neçə ildir kömək etmirlər. Uşaq futbolunun inkişafını istəyiriksə, birmənalı şəkildə, sözdə-sənəd üzərində yox, real iş görmək, hər bir uşağı inventarla təmin etmək, məşqçilərə lazım olan şəraiti yaratmaq mütləqdir. Məsələn, mən əlavə olaraq heç bir yerdən 1 manat da qazanmıram. 15-16 saat dərsə görə məktəbdən aldığım 200-240 manat əmək haqqı ilə bilmirəm ailəni dolandırım, ya bu uşaqların dərdini çəkim. Bu sadaladığım problemlərin hamısını həll etmək lazımdır, ondan sonra uşaq futbolundan, ümumiyyətlə, futbolun inkişafından danışmaq olar. Yoxsa həmişəki kimi, köhnə hamam, köhnə tas – heç nə dəyişməyəcək. Futbolun inişafının çox yolları var. Yetər ki, şərait düzgün qiymətləndirilsin, işə məsul olan şəxsin sahədən anlayışı olsun. Azərbaycanda futbolu bilən yetərincə insan var, əgər inkişaf istəyiriksə, onları cəlb etmək lazımdır. Rayonlarda işləyən elə adamlar var ki, vallah futboldan anlayışı yoxdur. Guya, uşaqlara məşq keçir, baxırsan ki, sərbəst zərbə nədi bilmir, 
biabırçılıqdı.

 

Təcrübəli mütəxəssis kimi necə fikirləşirsiz, balaca uşaqları peşəkar futbolçu qismində yetişdirmək istəyiriksə, onların süni meydançalarda məşq etmələri, oynamaları nə dərəcədə düzgündür?
- Tamamilə yanlışdır. Amma nə edək, mənim başqa yolum yoxdur. Hətta bu cür çətinliklərlə uşaq yetişdiririk, 16 yaşına çatanda qalır kənarda. Şəhərin komandasının olmaması valideynləri də futboldan uzaq salır. Uşaqlar oynayır, yetişir, püxtələşir və lazımdı ki, şəhərin əsas komandası olsun, onlar orada çıxış etsin. Bizdə - 100 minə yaxın əahlisi olan sənaye şəhərində isə nə bir dənə stadion var, nə klub var, nə də normal şərait. Sadəcə, sürünürük, vəssalam. Azərbaycanda müraciət etmədiyim qurum, idarə, təşkilat, federasiya qalmayıb. Nə faydası, məsələni müsbət istiqamətdə həll edən tapılmır. Bir neçə dəfə demişəm, burdan üzümü tuturam AFFA rəhbərliyinə: Şirvan şəhər mərkəzi stadionuna sahib duran yoxdur, götürün balansınıza, tikinti işlərini yekunlaşdırıb baza kimi istifadə edin. Hazır materialdı da, ot örtüyü də təbiidir. Bakı ilə Şirvanın arası 50-55 dəqiqəlik yoldur. Müxtəlif oyunları burada keçirsinlər, görün yerli camaat stadionu ağzına qədər doldurur, ya yox. Şirvanda futbolu çox sevirlər, burada futbol həmişə olub. Bakıda milli komanda oynayanda 50-60 azarkeş gedir. Ancaq istənilən bir rayonda elə oyun keçirilsə, tamamilə dolar, o cümlədən də Şirvanda. “Şirvan” Həvəskarlar Liqasında ev oyununu burada keçirəndə stadionun tutumu 4 min olsa da, 8-9 min tamaşaçı gəlirdi. Burada bir nəfər adamı kimsə stadiona məcbur gətirməyib, heç vaxt.

 

Sizcə, stadion problemi həll olunsa, rayonda işsizlik, avaraçılıq və narkomaniya kimi xoşagəlməz halların sayı azalar?
- Mən sizə zəmanət verirəm, tamamilə azalar. Şirvan ucqar rayon-kənd deyil, paytaxta yaxın şəhər olduğu üçün burada insanların böyük əksəriyyətinin dünya görüşü çoxdu. əminliklə deyirəm, stadion problemi həll edilsə, Şirvandan 70-80 faiz təmiz, savadlı, təhsilli insan, güclü futbolçular çıxar. Tarixən belə olub. Səmədağa Şıxlarov, Şərafət Əliyev, Tərlan Əhmədov, Vadar Nuriyev, Müşviq Şükürov, Namiq Bəşirov, Əli Abuşov, Elmir Xankişiyev və.s kimi tanınmış futbolçular məhz bizim şəhərin təmsilçiləridir.

 

Dediz ki, Şirvanın 5 yaş qrupu üzrə təxminən 90 yerli uşaq komandası U liqalarda mübarizə aparır. Sizcə, bu uşaqların neçə faizi gələcəkdə peşəkar futbolçu ola bilər?
- İndiki halda, belə çətin durumda, şəraiti-imkanları tamamilə məhdud durumda olan şəhərdə futbolçu yetişdirmək həddindən artıq problemdir, lakin buna baxmayaraq, həmin uşaqların içərisindən heç olmasa, 10-15 nəfəri gələcəkdə peşəkar futbolçu ola biləcək potensialdadır. İnanın, Şirvanda istedadlı, futbola həvəsi olan uşaqlar çoxdur. Sadəcə, onlara şərait yaratmaq lazımdır. Unutmayaq ki, bölgə futbolu, o cümlədən Şirvan futbolu ümumilikdə Azərbaycan futboluna təkandır, dəstəkdir. Həmişə də belə olub. Ancaq son illər şəraitsizlik ucbatından nəticə verə bilmirik. Şərafət Əliyev sovet dövründə “Ümid Kuboku”nda Azərbaycan milli komandası ilə SSRİ çempionu adını qazanıb. Namiq Bəşirov uzun müddət “Qarabağ”ın qapıçısı olub. Çempionlar Liqasında İsrailin “Makkabi” klubu ilə oyunlarda qapıda da məhz Namiq dayanıb. Başqa bir faktı deyim, mən Elmir Xankişiyevi çempionatda meydana burxanada yaşı çox az idi. Günlərin birində uşaqlardan biri mənə yaxınlaşıb dedi ki, Ramiz müəllim, Bakıdan “Qarabağ”ın yaradıcılarından olan Adil Nadirov gəlib, sizi görmək istəyir. Yaxınlaşdım, görüşdük, dedi ki, bəs sizdə bir nəfər “texnar” var, onun dalınca gəlmişəm. Elmir Xankişiyevi nəzərdə tuturdu. Mən də özü ilə danışdım, xeyir-duasını verdik, gedib evlərinə rəhmətlik atasından da icazəsini aldıq, getdi “Qarabağ”a və uzun müddət orda oynadı. Əhməd Ələsərovun dövründə milli komandamıza qədər gedib çıxdı. Yaxud Tərlan Əhmədov olsun, gənclər arasında Avropa çempionudur. Bir-bir saymaqla bitməz, deməyim odur ki, bizdə futbol yeni yaranmayıb, tarixən olub.

 

Müxtəlif yaş qrupları üzrə milli komandalarda kifayət qədər legioner futbolçu oynayır. Necə fikirləşirsiz, bölgələrdə normal infrastruktur olsa, yığmaları yerli futbolçularla tam təmin etmək mümkün olacaq?
- Adi bir epizodu deyim sizə, 1978-ci ildə bizim uşaqlar SSRİ-də “Dəri Top” kuboku uğrunda yarışda SSRİ çempionu oldular. 32 komanda arasında birinci yeri tutmaq bilirsiz nə deməkdir? Yaxşı, həmin vaxt bizim heyətdə legioner var idi? Qətiyyən. Nəinki legioner, ümumiyyətlə hamısı yerli uşaqlar idilər. O vaxt Sosialist Əməyi qəhrəmanı, SSRİ neftinin demək olar ki, sahibi Fərman Salmanov bizim paltardəyişmə otağına girib uşaqlara dedi ki, bu gün finalda Ermənistanı udmalısız.biz də çıxıb qalib olduq. O vaxt legioner var idi bəyəm? Legionerlərlə müvəqqəti uğurlar qazanmaq olar, ancaq baza olmalıdı. Ona görə bütün rayonlarda komandalar yaradılmalı və birmənalı şəkildə tapşırıq verilməlidi, əsasnamə tərtib edilməlidi ki, hər bölgənin klubunda yalnız və yalnız həmin rayonun uşaqları oynamalıdır. Görün, onda futbol necə inkişaf edəcək.

 

Belə sadə inkişaf variantları varsa, sizcə, nəyə görə AFFA bu metodlara əl atmır?
- Bilirsiz, bu gün futbol müstəqil sahəyə çevrilib. Sponsorun varsa, istədiyini elə, yoxdursa, otur yerində. Buna birbaşa dövlət səviyyəsində nəzarət olunmalıdır. Elementar bir varinat deyim: ölkə başçısı İlham Əliyev hər il rayonların sosial-iqtisadi inkişafı, abadlaşdırılması çərçivəsində bölgələrə maliyyə yardımı ayırır. Həmin məbləğ təxminən 1,5-3 milyon manat arasında dəyişir. O maliyyədən, çox demirəm, 100-150 min manatını yerli futbol strukturuna xərcləsələr, ondan sonra inkişaf olmasa, yerli futbolçular yetişməsə, mən bir də futboldan danışmaram, futbol adı çəkmərəm. “Qəbələ”nin keçmiş baş məqşçisi Ramiz Məmmədov da bugünlərdə çox gözəl inkişaf konsepsiyası təqdim etmişdi, iki əllə dəstəkləyirəm. Bir neçə liqa yaradılmalıdı, futbolu bölgələrə daşımaq lazımdır. Bu zaman hansısa inkişafa ümid etmək olar. Uşaq futbolunu inkişaf etdirməklə yanaşı, həmin rayonun əsas komandası mütləq şəkildə olmalıdır. Yetişməkdə olan uşaqlar həvəsdən düşməsinlər, görəcəklər k, zamanı çatanda əsas komandada çıxış etmək imkanları var, onda daha səylə çalışacaqlar. Bunu görən valideynlərdə də futbola diqqət-maraq artacaq. Yoxsa indiki halda uşaqlar 15-16 yaşlarına qədər futbol oynayır, sonra da gedib bazarda alverçi olur. Güclü seleksiya da yoxdur, yaxud seleksiyaçılar rayonlarda axtarış da aparmırlar ki, həmin istedadlı uşaqları seçsinlər. Beləliklə, perspektivli uşaqlar elə kiçik yaşlarındaca futboldan uzaqlaşırlar.

 

Ramiz müəllim, bu qədər problemlər var ikən, klubların, milli komandaların beynəlxalq arenalarda uğur qazanması nə dərəcədə mümkündür?

- Mümkün olan şey deyil. Bəli, legionerlərin hesabına müəyyən nailiyyət qazanmaq olar. Amma davamlı uğurdan söhbət gedə bilməz. Ya azərbaycanlılarsız milli komanda, yaxud da azərbaycanlılarsız Azərbaycan klubları formalaşdırmaqla nəsə uğur əldə edə bilərlər, sadaladığım problemlər müqabilində qeyri-mümkün olan işdir. Aran zonasına baxın, 5-6 rayonun bir dənə komandası yoxdur. “Neftçala” iki mövsüm çempion oldu, hanı axırı? O başqa məsələ ki, komandada bir nəfər yerli futbolçu çıxış etmirdi. Yaxud da Premyer Liqada iştirak etmək üçün lazım olan sənədləri qaydasına sala bilmədilər. Olsun İmişli. UEFA Kubokunda komandası oynamış rayonun bu gün futbolu bərbad gündədi. Şirvanla yanaşı, onlarla belə şəhər-rayon var ki, orada futbol mütləq şkildə olmalıdır. Federasiyada oturanlar futbolun inkişafını istəyirlərsə, eksperiment eləsinlər: hər şəhərin komandası yaradılsın və heyətində yalnız yerli rayon uşaqları oynasın. Eybi yoxdur, Birinci Divizionda mübarizə aparsınlar, Premyer Liqa ilə işimiz yoxdur. Görün, uşaq futbolu, ümumilikdə Azərbaycan futbolu necə inkişaf edəcək.

 

Uşaq futbolunun inkişafı ilə bağlı daha hansı təklifləri verə bilərsiz?
- Təkliflər çoxdu, əksər rayonlarda məşqçilər mən deyəni təkrarlayacaq. Hamımız da aşağı-yuxarı eyni fikirdəyik. Bunu ümumi şəkildə, yuxarı səviyyələrdə müzakirəyə çıxarmalı və yumruğu bir yerə vurmaq lazımdır. İnkişaf yollarından qaçmaq lazım deyil. Bəli, legionerlər asan və hazır yoldur, amma ölkə futbolunun inkişafı birbaşa uşaq futbolundan, yerli uşaqlardan asılıdır. Başqa söhbət ola bilməz, əcnəbi ilə ölkə futbolunu müəyyən qədər irəli apara bilərsən, daimi yox.

 

Seleksiya demişkən, heç gəlib istedadlı, perspektivli uşaqlarla maraqlanan yoxdur?
- Yox, siz nə danışırsız, nə seleksiya...Əksinə, tutalım komandamızda yaxşı gələcək vəd edən futbolçular var, mən özüm hansısa məşqçiyə müraciət edirəm. Mənə deyir ki, uşağı gətir Bakıya, onun üçün qalmağa kirayə ev tut və.s. Bununla hansı uşaq futbolundan danışırıq biz, başa düşə bilmirəm. Hələ indiyə qədər görməmişəm ki, hansısa klubdan, ya federasiyadan bir seleksioner gedib rayonlarda uşaq axtarsın.

 

Əgər seçim yoxdursa, kimsə maraqlanmırsa, bəs onda U liqaların keçirilməsində məqsəd nədir?
- Nə qədər paradoksal səslənsə də, reallıq gülməlidir. Məqsədləri futbolçu tapmaqdır, ancaq heç bir seleksioner gəlib bu uşaqlarla maraqlanmır. Guya, istedadlı uşaqları biz götürüb gedib Bakıda bunların qapısında yatmalıyıq ki, siz Allah, götürün bunları. Belə şey olar? Sadəcə, yarış xətrinə yarış keçirilir. Qəribə bir faktı deyim, keçən il U-10 liqasında bizim hücumçumuz Asif Zeynalov 53 qolla bombardir olacaqdı, Fransaya getməyə real namizəd idi. Füzuli və Gəncə komandalarının oyununda ikincilər 20:1 hesabı ilə qalib gəldilər. Nə etdilərsə, gəncəlilərin futbolçusu Asifi gəlib keçdi. Fransaya da onu göndərdilər. Qardaş, cəmi 30 dəqiqə olan oyunda belə hesab necə qeydə alına bilər?

 

U-19-un baş məqşçisi Təbriz Həsənova yayda sual verdim ki, rayonlarda, aşağı yaş qrupu üzrə keçirilərn liqalarda istedadlı uşaqlar yoxdur ki, gedib Almaniyadan əsli-kökü bilinməyənləri gətirib millidə oynadırsız? Cavab verdi ki, bizim uşaqların səviyyəsi millidə beynəlxalq oyunlarda meydana çıxmağa imkan vermir.
- Təbriz Həsənovdu da, özünü sığortalamalıdı, ya yox. Nə oldu bəs, gətirdiyi uşaqlar Portuqaliyaya niyə 0:5 hesabı ilə uduzdular, niyə qrupda qaldılar, niyə Qranatkin turnirində Təbriz Həsənovun komandası yenə biabır olub qrupdan çıxa bilmədi? Ondansa özümüzünküləri götürəydi milliyə, 0:7 hesabı ilə məğlub olardıq, bilərdik ki, hamısı azərbaycanlılardı. Azərbaycanda uşaqlar çoxdu, sadəcə, onları tapıb üzə çıxarmaq, onlarla işləmək lazımdır.
 

Komandaların əsas yükü sizin çiyinlərinizdədir, öz dolanışığınız necədir?
- Şükür Allaha, yaşayırıq da. Ayda 274 manat maaş alıram, bununla dolanırıq. Fəxri ada görə əvvəl 60 manat da təqaüd verilirdi, sonra ölkədə iqtisadi böhran səbəbilə, yaxud başqa nəyəsə görə, onu kəsdilər. Hazırda rəsmi iş yerim olan Şirvan şəhər Təhsil şöbəsinin Uşaq-Gənclər və İdman məktəbində nazirliyin büdcəsinin 40 faiz azalması ucbatından dərs saatımız kəsilib.
 

BAKI-ŞİRVAN-BAKI
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Söhbətləşdi: Elvin ƏHƏD

Tarix: 19 Yanvar 14:00    Oxunub: 751    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.