"Bir çoxları Rəşad Sadıqovu qınayır"

"Turan Tovuz" 2017/18 mövsümünün hazırlığını davam etdirir. Sportinfo.az xəbər verir ki, 10 gündən çoxdur davam edən təlim-məşq toplanışının ilk mərhələsi əsasən seleksiya xarakteri daşıyıb. 

 

Komandanın hazırki durumu və gələcək planları ilə bağlı icraçı direktor Nadir Nəbiyev klub səhifəsinə açıqlamalar verib. O, ilk olaraq hazırlıqla bağlı danışıb: “Növbəti mövsümün hazırlıqlarını stadionumzuda davam etdiririk.

 

Toplanışın ilk mərhələsi əsasən seleksiya xarakterli hazırlıq oldu. Həm yerli, həm də kənardan gələn bir çox futbolçunu sınaqdan keçirdik. Artıq sabahdan təlim-məşq toplanışının əsas hissəsinə start verəcəyik. Komandaya yeni qoşulan futbolçular olacaq. Məşqçilər korpusunun yekun rəyindən sonra müqavilə imzalayacağımız futbolçuların adlarını ictimaiyyətə açıqlayacağıq”. 

 

Klub rəsmisi qarşıda duran məqsədlər və problemlər haqda bunları deyib: “Ötən mövsümün sonunda komanda əsas heyət üzvlərinin 70-75 faizini itirdi. Hazırki maliyyə durumumuzla kənardan çox futbolçu cəlb etməyimiz mümkün deyil. Bakıda yaradılan yeni komandaların sayının çox olması futbolçu qıtlığı yaradıb.

 

Onların maddi imkanlarının bizdən yaxşı olması səbəbindən birinci diviziondakı bir çox futbolçu məhz bu komandalara can atırlar. Kənardan gətirmək bir yana, öz yerli futbolçularımızı da heyətə saxlamaqda çətinlik çəkirik. Rəhbərliyə gəldiyimiz ilk mövsümdə qarşımıza növbəti ilin komandasını qurmaq, növbəti mövsüm isə çempion olmaq vəzifəsi qoymuşduq.

 

Bütün çətinliklərə baxmayaraq Tovuz azarkeşlərinin həsrətində olduğu çempionluğu birlikdə bayram etdik. Lakin təəssüflər olsun ki, maliyyə vəziyyətimiz Premyer Liqada çıxış etməyimizə əngəl oldu. O dövrdə Premyer Liqaya iddialı olduğumuzdan futbolçular da burada özlərini göstərmək üçün canla-başla komandamıza qoşulurdular. Bu mövsüm çempionluğu başlıca məqsəd etməmişik. Mümkün olduqca yüksək pillələrdən birini tutmaq üçün mübarizə aparacağıq”.
 
Nadir Nəbiyev milli komandamızın Norveçlə oyunu və bu oyunda öz qapısına vurduğu qola görə bir çoxlarının qınaq obyektinə çevrilən Rəşad Sadıqov haqda da fikirlərini bildirib: “Əvvəlki oyunlara baxanda Norveçlə matçda bir qədər zəif çıxış etdik.

 

Futbolda hər şey olur. Kiminsə oyununu xüsusi qabartmağa ehtiyac yoxdur. Komanda olaraq bu oyunda əzmkar oyun nümayiş etdirmədik. Bir çoxları kapitan Rəşad Sadıqovu qınayırlar. Lakin gəlin baxaq görək Rəşad Sadıqovun layiqli əvəzləyicisi varmı?

 

Bir çox oyunlarda ağrıkəsici iynə ilə meydana çıxıb. O milli komandamızın formasını şərəf və ləyaqətlə daşıyır. Hər kəsin kapitan Rəşad Sadıqov başda olmaqla bütün komandamızı növbəti oyunlarda dəstəkləməsini istərdim”.

Tarix: 4 Sentyabr 20:36    Oxunub: 493    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Noyabr 2017
23 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.