Ümidləri doğrultmayan millinin üzvləri barədə ölçü götürüləcək

“Hacı Əliyev tarix yazdı. Bu, gələcək nəsillər üçün böyük örnək, məktəbdir. Komandanın tərkibində Hacı kimi güləşçiləri çox görmək istəyirəm”.

 

Sportinfo.az xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Firdovsi Umudov Hacı Əliyevin üçqat dünya çempionu adını qazanmasına münasibət bildirərkən deyib.


O, Parisdə qızıl medal qazanan H.Əliyevin uğurunun Azərbaycanda güləşə marağı daha da artıracağını vurğulayıb. Təcrübəli mütəxəssis yarış barədə də təəssüratlarını bölüşüb:

 

“Ümumilikdə, qazanılan bu qələbələr münasibətilə hər birinizi, xalqımızı təbrik edirəm. Hacı Əliyevin qazandığı bu fenomen qələbə doğrudan da möhtəşəmdir. Hacı özü 26 yaşındadır və bu müddət ərzində üç dəfə dünya çempionu olub.

 

Hər bir dünya çempionatı, Yay Olimpiya Oyunlarından sonra güləşə axın böyük olur və gələcəkdə hacılarımız daha çox olacaq. Bu, Hacının 61 kq çəki dərəcəsində sonuncu yarışı idi. Hədəfimiz Tokio Yay Olimpiya Oyunlarıdır. Hacı Əliyev o yarışa 65 kq çəki dərəcəsində hazırlaşacaq". 


F.Umudov Azərbaycan sərbəst güləşçilərinin dünya çempionatındakı çıxışlarını da dəyərləndirib: "7 çəki dərəcəsində mübarizəyə qoşulduq. Medal ümidlərimizdən biri Cəmaləddin Məhəmmədov heyətdə yer almamışdı. Yeddi çəki dərəcəsində 4 nəfər medal uğrunda mübarizə apardı.

 

Komandanın tərkibində 57 kq və 70 kq çəki dərəcələrində gənclərə də üstünlük vermişdik. Ancaq o güləşçilərdən gözlədiyimiz nəticəni ala bilmədik. Gələcəkdə yəqin ki, onlar haqqında ölçü götürüləcək, komandanın heyətinə bir daha baxılacaq. Heç nəyə baxmayaraq, yüksək hazırlıq prosesi keçmişdik. Orada da hər görüşdən sonra analizlər aparırdıq”.


F.Umudov güləşdə favoritlərdən sayılan Rusiya yığmasının dünya çempionatında qızıl medal qazana bilməməsinə də toxunub. O, Azərbaycan pəhləvanının yarışda birinci yeri tutmasını ölkədə ən yüksək səviyyədə idmana göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndirib:

 

"Rusiya kimi tanınmış güləş məktəbi qızıl medal qazana bilmədi. Ancaq Azərbaycan öz sözünü dedi və qızıl medal əldə etdi. Bu nailiyyətin qazanılması dövlətimizin, şəxsən dövlət başçımız cənab İlham Əliyevin idmana və idmançılara qayğısının nəticəsidir.

 

Federasiyanın prezidenti Fazil Məmmədov, I vitse-prezident Namiq Əliyev daim bizim yanımızdadı. Həm Azərbaycan Güləş Federasiyası rəhbərliyi, həm də dövlətimizin göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün güləşçilərimiz uğurlu nəticə qazanıb. Gedəndə də müsahibə verərkən demişdim ki, sürprizlər gözlənilir.

 

Bu sürprizlərdən biri də Hacı Əliyevin üçüncü dəfə dünya çempionu olması, komandada öz sözünü deməsi oldu. Xetaq Qazyumovdan sonra Aslanbek Alborovun dünya çempionatında bürünc medal qazanması artıq komandada irəliləyişin olmasından xəbər verir. Komandada ilk növbədə nizam-intizam olmalıdır. Hazırlıq prosesinə düzgün mövqedən baxılmalıdır”.

 

Qazanılan qələbənin artıq tarix olduğunu bildirən baş məşqçi eyforiyaya qapılmamağın vacibliyini bildirib: “Komandada qızıl medala ümidimiz vardı. İlin əvvəlindən Kislovodskda, Dağıstanda və Bakıda təlim-məşq toplanışları keçdik. Yoxlama turnirlərində iştirak etdik.

 

Dünya Kubokunda qazandığımız nəticə və bütün bunların fonunda dünya çempionatında uğurlu nəticə qazanacağımıza inanırdıq. Hazırlıq prosesinin yaxşı keçməsinin nəticəsi idi ki, Hacı Əliyev 5 görüşdə rəqiblərinə cəmi 2 xal verdi. Bütün rəqiblərini böyük üstünlüklə məğlub etdi. Hacı özü istəyərək 61 kq-da mübarizə apardı.

 

O istəyirdi ki, finalda Xinçeqaşvili ilə görüşsün. Ancaq belə alındı ki, gürcü idmançı yarımfinalda Rusiya təmsilçisinə uduzdu. Finalda isə Hacı Rusiya təmsilçisini 7:1 hesabı ilə məğlub etdi, sona 30 saniyə qalmış isə rəqibin kürəyini yerə sıxdı və təmiz qələbə qazandı. Artıq bu qələbə keçmişdə qaldı, eyforiyaya qapılmaq olmaz. Qələbəni qazandıq, artıq dünəndə qaldı. Biz ancaq irəliyə baxmalıyıq.

 

Fransanın paytaxtı Parisdə bayrağımız yüksəlməsi və himnimiz səslənməsi ilə əlaqədar qürur hissi keçiririk. Bilirsiniz ki, orada erməni diasporası çoxluq təşkil edir. Onların içərisində bizim himnimizin səslənməsi, bayrağımızın yüksəlməsi bizi qürurlandırdı. Orada yaşayan azərbaycanlılarımız da bizə arenada böyük dəstək göstərdi. Bundan sonrakı hədəfimiz Tokio Yay Olimpiya Oyunlarıdır. Hazırlığımızı davam etdirib orada da yüksək nailiyyətlər qazanmağa çalışacağıq."


F.Umudov komandanın tərkibinə yenidən baxılacağını, heyətdə gənclərə, yeniyetmələrə daha çox üstünlük veriləcəyini bildirib: "Çünki bu günün yeniyetmələri gələcəyin olimpiya çempionları, mükafatçılarıdır. Hər zaman qeyd etdiyim kimi, biz hər birimiz dövlətimizin əsgərləriyik, iştirak etdiyimiz hər bir yarışda ölkəmizin idman şərəfini qorumağa borcluyuq. Hər zaman bunun üçün çalışmışıq, bu yolda bundan sonra da var-qüvvəmizi əsirgəməyəcəyik".


Parisdə keçirilən dünya çempionatında 61 kq-da mübarizə aparan Hacı Əliyev qızıl medal və Azərbaycanın sərbəst güləş tarixində ilk üçqat dünya çempionu adını qazanıb. Aslanbek Alborov (97 kq) isə çempionatı bürünc medalla başa vurub. Daha bir bürünc medalı isə yunan-Roma güləşçisi Elvin Mürsəliyev (80 kq) əldə edib. 

Tarix: 28 Avqust 13:24    Oxunub: 233    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.