SSRİ çempionu olan şəhərin stadionsuz, futbolsuz qalması fəlakətdir - LAYİHƏ

Yanvarın 10-da AFFA yanında Media Komitəsinin İdarə Heyətinin növbəti iclası keçirilib. Sportinfo.az xəbər verir ki, yanvar, fevral və mart ayları üçün nəzərdə tutulan layihə istiqamətlərində təqdim olunan layihələrin müzakirəsi aparılıb. Qaliblər müəyyən olunub, onların arasında “Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?” mövzusunda Sportinfo.az saytının layihəsi də qalib adını qazanıb.

 

 

Bildiyiniz kimi, Sportinfo.az bu istiqamətdə 3 aylıq layihəni bir müddət əvvəl həyata keçirib. Növbəti dəfə analoji layihəyə üz tutmağımız da təsadüfi deyil. Məlum məsələdir ki, Azərbaycan futbolunun ən yaralı yeri bu gün məhz uşaq futboludur. Çatışmazlıqlar saysız-hesabsız, problemlər ölçüyə gəlməzdir. İnkişaf perspektivləri isə, həmişəki kimi, var olmaqda davam edir.

 

Odur ki, uşaq futbolunun problemləri və inkişafı istiqamətində növbəti 3 aylıq layihənin icrasına start veririk. Futbol bölgələrdən başlayır, yekunda paytaxtda – müxtəlif yaş qrupları üzrə milli komandalar və Premyer Liqa, Divizion klublarında cəmlənir. Əlbəttə, bölgə futbolu olmadan ölkə futbolunu inkişaf etdirmək, davamlı uğur qazanmaq qeyri-mümkündür. Müvəqqəti xarakter daşıyan, davamı olmayan müəyyən uğurları legionerlər hesabına əldə etmək asandır, lakin baza - mənbə olmayandan sonra belə uğurdan çox danışmaq da yersizdir.

 

Bu gün ölkədə - ölkənin istənilən rayon, kənd və qəsəbəsində yüzlərlə, minlərlə, onminlərlə istedadlı, perspektivi göz deşən uşaqlar var. Azərbaycan daim potensiallı məmləkət olub. Bu vətən igidlər, qəhrəmanlar yetişdirib və yetişdirir. Amma çox təəssüf ki, digər sahələrdə olduğu kimi, futbolda da istedadlı uşaqların üzə çıxarılmasında birbaşa məsul olan adamların işə vecsiz yanaşması nəticəsində gələcək perspektivlər beşikdəcə məhv olur.

 

Budəfəki layihənin icrasına bölgədən başladıq. O bölgə ki, klubu Azərbaycan çempionu olub, ölkə kubokunu, yeniyetmələr arasında SSRİ çempionu, Azərbaycan Həvəskarlar Liqasının üçqat qalibi və kubokun ikiqat sahibi, dəfələrlə Azərbaycanı UEFA Həvəskarlar Liqasında təmsil edib. Bir sözlə, Azərbaycana onlarla istedadlı futbolçu bəxş edən Şirvan (keçmiş Əli-Bayramlı) tarixən futbol rayonu olsa da, hazırda vəziyyət çox acınacaqlıdır. Tanınmışlardan Səmədağa Şıxlarov, Şərafət Əliyev, Tərlan Əhmədov, Vadar Nuriyev, Müşviq Şükürov, Namiq Bəşirov, Əli Abuşov, Elmir Xankişiyev və.s. futbolçuların adlarını çəkmək kifayət edər.

 

Şəhərin Əməkdar məşqçi Tahir Əliyevin rəhbərliyi altında Azərbaycan çempionu olub kuboku qazanan “Energetik” klubu çoxdan tarixin yaddaşına qovuşub. Klublar qəbiristanlığında məskən salan Şirvan futbolu bu gün azyaşlılarla başını qatır. Başqa sözlə, uşaq liqalarında bir neçə komanda ilə təmsil olunsalar belə, işləri yenə də yuxarıların və Allahın ümidinə qalıb.

 

Şirvan şəhər Təhsil şöbəsinin Uşaq-Gənclər və İdman idarəsinin məşqçi-müəllimi, Azərbaycanın Əməkdar məşqçisi, çoxlarının “Ata” ləqəbi ilə tanıdığı Ramiz Hacıyevlə görüş zamanı məlum oldu ki, vəziyyət deyildiyindən və yazıldığından da acınacaqlıdı. Şərait var, imkan yox. Burada futbol məhv olub, oturub üstündə ağlamaq lazımdır. Arada itirən isə neçə-neçə istedadlı yeniyetmə olur.

 

Şirvan futbolunda problem o qədərdi ki, sözün düzü, Ramiz müəllimlə söhbətə bilmədik hardan başlayaq: qoyun otlağına çevrilib məhv olmuş Şirvan stadionundan, yoxsa AFFA-nın keçirdiyi U Liqalarına apardığı uşaqlara yemək-içmək tapa bilməməsindən. Gündə bir adama ağız açmasından utandığını deyən 60 yaşlı veteran mütəxəssisin müraciət etmədiyi idarə-təşkilat, dövlət orqanı qalmayıb.

 

Bu yaxınlarda Şirvan şəhərindən seçilən Millət vəkili Rəfael Cəbrayılovun sessiyada qabartdığı stadion problemi də məhz Ramiz Hacıyevin yüz minnət-xahişindən sonra gerçəkləşib. Dəfələrlə AFFA-ya, Gənclər və İdman nazirliyinə üz tutsa da, şirvanlı yeniyetmə futbolçular müsbət cavab həsrətilə alışıb-yanırlar. Çi fayda, bu şəhəri sevindirən yoxdur ki, yoxdur. Narkomaniya və avaraçılığın geniş vüsət aldığı Şirvan şəhərində stadion və uşaq futbolundakı problemlər aradan qaldırılmasa, bölgədə bu idman növü tamamilə məhv olacaq.

 

Qısa xatırlatma olaraq qeyd edək ki, Şirvan şəhərində 12 il əvvəl tikintisinə başlanan və 10 minə qədər tamaşaçı tutumu olan futbol stadionu, mini və qış idman meydançaları kimi nəzərdə tutulan böyük idman kompleksinin inşası illərdi yarımçıq qalıb. İdman infrastrukturuna milyonlarla manat xərclənsə də, işlərin yarımçıq saxlanılması nəticəsində obyekt tamamilə məhv olmaq üzrədir. Aidiyyatı qurumlar isə yaranmış mənzərəyə laqeyd və biganə yanaşırlar.


“Energetik” birvaxtlar mövcud olmuş bu stadionda məskunlaşıb, baza kimi buradan istifadə edib. Daimi futbol ənənəsi olan şəhərin yeniyetmələri 1978 və 1985-ci illərdə “Ümid Kuboku”nda SSRİ çempionu olublar, “Dəri Top” kubokunu qazanıb. 1980-ci ildə Azərbaycan çempionu və ölkə kubokunun sahibi olan "Energetik" bu gün bir tarix kimi xatırlanır.

 

2004-cü ildə Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyi tərəfindən tikintisinə başlanan Şirvan şəhər stadionunda işlər 2008-ci ilin sentyabr ayından dayandırılıb. Stadionda inşa edilən 2 mərtəbəli mehmanxana isə demək olar ki, hazır vəziyyətdədir. Şirvan Şəhər İcra Hakimiyyəti bildirir ki, məsələnin həlli üçün tikintini həyata keçirən Dövlət Neft Şirkətinə bir neçə dəfə yazılı müraciət edilsə də, verilən cavablarda konkret səbəb göstərilməyib. Problemlə əlaqəli Gənclər və İdman Nazirliyinə də müraciət edilib.


Ömrünün 50 ilini Şirvan futboluna həsr etmiş, uzun müddət “Energetik”də oynamış, sonralar isə klubun baş məşqçisi olmuş Əməkdar məşqçi Ramiz Hacıyev yaranmış vəziyyət haqqında ürək ağrısı ilə danışıb. Sportinfo.az-ın əməkdaşı da srağagün Şirvan şəhərində olub, Ramiz Hacıyevlə söhbətləşib. Yazının davamı kimi Hacıyevlə müsahibəni yaxın günlərdə təqdim edəcəyik.

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Elvin ƏHƏD

Tarix: 17 Yanvar 17:12    Oxunub: 408    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Mart 2017
23 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.