Braziliyalı baş məşqçini Azərbaycandan qaçmağa məcbur ediblər!

Dünən futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Ziller Junior Milton Luiz postundan ayrıldı. AFFA-nın rəsmi saytının verdiyi xəbərdə bildirilir ki, o, ailə vəziyyəti ilə əlaqədar rəhbərlikdən müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsini xahiş edib. AFFA başbilənləri də bu xahişi nəzərə alaraq, ona gördüyü işlərə və yığma komandaya qazandırdığı uğurlara görə təşəkkürünü çatdırıb, gələcək fəaliyyətində uğurlar arzulayıb.


Miltinyo kimi tanınan braziliyalı çalışdırıcı bu posta ötən ilin mayın 26-da gətirilmişdi. İspaniyalı Tino Peresi əvəzləyən mütəxəssisin fəaliyyəti 236 gün sürdü. Miltinyonun rəhbərliyi altında ötən ilin sentyabr-oktyabr aylarında dünya çempionatında iştirak etmiş yığmamız Kolumbiyadakı yarışda özünü yaxşı tərəfdən göstərə bilmişdi. Belə ki, millimiz mundialın ¼ final mərhələsinə qədər irəliləyərək, tarixi nəticəyə imza atmışdı.

 

Komandamız startda Afrika çempionu Mərakeşi darmadağın etdikdən (5:0) sonra Asiyanın ən güclüsü İranla qollu (3:3) bərabərliyə qalmışdı. Avropa çempionu İspaniya ilə başabaş mübarizə aparılmasına baxmayaraq, daha təcrübəli rəqib 4:2 hesablı qələbəyə sevinmişdi. Qrup ikincisi qismində mərhələ adlamış komandamız 1/8 finalda Tailand üzərində (13:8) qələbə qazanaraq, yoluna davam etmişdi. Lakin 1/4 finalda Portuqaliya önünə çıxan millimiz 2:3 hesablı məğlubiyyətlə üzləşərək, mundialla vidalaşmışdı. 12 qol vuran komandamız öz qapısından 10 top buraxıb.


Eyni zamanda “Araz”ın da baş məşqçisi olan Miltinyo UEFA kubokunda 6 görüşdə çempionumuza başçılıq edib. 4 qələbə və 2 məğlubiyyətə şahid olan mütəxəssis yetirmələrinin 29 qolunu və rəqiblərin 12 sevincini izləyib. Əsas mərhələdə “Araz” 1-ci olubsa, elit-taunda 4 komanda arasında 3-cü yerlə mübarizəni dayandırıb.

 

2017-ci ilin aprelində keçiriləcək  “Dördlər finalı”nda İspaniyanın “İnter”, Qazaxıstanın “Kayrat”, Rusiyanın “Yuqra” və Portuqaliyanın “Sportinq” klubları mübarizə aparacaq. Həlledici matçlar aprelin 27-30-da baş tutacaq. Avropanın 45 ən güclüsü kubokun qalibini müəyyənləşdirəcək.


Braziliyalının qəfil ayrılıq qərarı verməsinə səbəb olan amillərdən biri budu. "Araz"la uğur qazana bilməməsinə görə ağır tənqidlərə dözmədi. Sportinfo.az-ın məlumatına görə, futzal federasiyasının prezidenti Zaur Axundov Xorvatiyada qeydə alınan mənfi nəticələr üzündən Mitilinyoya sərt üz göstərib. Hətta cərimələyib. O isə gördüklərindən sarsılıb və yeni müqavilə təklifini yaxına buraxmayıb.


Cənubi amerikalını razı salmayan digər məqamlar Azərbaycan futzalında mövcud olan qeyri-müəyyənliklərlə əlaqədardı. Ölkə çempionatının kortəbii təşkili, küçədən yığılmış komandaların elitada yer alması, yerli potensialın zəif olması, bunların fonunda isə ondan yüksək nəticələr istənilməsidi. Braziliyalı milliyə yaradılan şəraitin yaxşılaşdırılmasını, ölkə xaricində davamlı təlim-məşq toplanışları və yoxlama görüşlərinin keçirilməsini tələb edib. Əvəzində ona "kəmərsıxma kampaniyası" barədə bilgi verilib. Fikirlər üst-üstə düşməyincə, yollar da ayrılıb.

Tarix: 17 Yanvar 10:48    Oxunub: 375    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Avqust 2017
22 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.