RAUF QALMAQALI: “FİFA düz mövqedə olduğumuzu ortaya qoyacaq”

Artıq neçə gündü ki, futbol ictimaiyyəti Rauf Əliyev – İnter qarşıdurmasının necə yekunlaşacağını maraqla gözləyir. Xatırladaq ki, ötən həftə Albaniyaya yollanan forvard “Kukesi” ilə müqavilə imzalamaq istəsə də, “İnter” rəsmiləri onun klublaə müqaviləsinin olduğunu əsas gətirərək, transfer vərəqini göndərmir. Əlyev isə əksinə “İnter”lə anlaşmasının qüvvədən düşdüyünü bildirərək, azad agent olduğunu söyləyir. Əslində bu məsələdə kim haqlıdı? Bu suala cavab tapmaq üçün klubun icraçı direktoru, AFFA-nın sabiq hüquqşünası Rəmiş Malıyevlə danışmağı lazım bildik. 
- Sizi Rauf Əliyevin məsələsinə görə narahat edirik. Bizə ötürülən məlumata görə Rəmiş Malıyev AFFA-da Oyunçuların Statusu və Transferi Komitəsinin sədri olduğuna görə vəzifəsindən sui-istifadə edərək futbolçunun “Kukesi” ilə anlaşmasına mane olur. O da bildirilir ki, ortada ikili müqavilə var və “İnter” rəhbərliyi buna söykənərək, qarşı tərəfdən təzminat qoparmaq istəyir. Buna münasibət bildirməyinizi istərdik.
- Mən bu məsələyə hüquqşünas kimi yanaşıram. Raufun bizimlə qüvvədə olan müqaviləsi var. Özü də bu sənəd 2016-cı ilin mayın 25-də Rəşad Qasımovla futbolçu arasında imzalanıb. İyulun 1-dən də müqavilə qüvvəyə minib. Mənim adımı hallandıranların nəzərinə çatdırmaq istəyirəm ki, həmin vaxt Rəmiş klubda deyildi. Hüquqşünas kimi problemlə bağlı FİFA-da müraciət edəcəm. Hər şey söylənilən kimi olsaydı, elə Səlahəti də saxlayardıq da. Eyni sözləri başqa futbolçularla da bağlı deyə bilərəm. Niyə saxlaya bilmədik? Çünki əlimizdə sənəd yox idi.
- Raufun müqaviləsində “1+1” şərti göstərilib?
- Xeyr, konkret ikiillik anlaşmadı. İstəyirsizsə, həmin müqaviləni sizə təqdim edə bilərəm. Ofisə gəlsəz, özünüz də baxa bilərsiz. 
- Rauf dünənki uşaq deyil ki, “İnter”lə müqaviləsi ola-ola, başqa kluba yollansın. Sizcə, yığma üzvü sanksiyaya məruz qalacağını bildiyi halda, nədən bu addımı atsın? Hər halda, o da nəyəsə əsaslanaraq Albaniyaya yollanıb.
- Bu sualı ona və agentinə vermək lazımdı. Bizdə olan agentlər arasında hörmət etdiyim də var, hörmət etmədiyim də. Bir məqamı yadda saxlayan ki, məndən fərqli agentlər hüquqşünas deyil. Mən bu məsələyə hüquqi müstəvidən baxıram.Tərəflər arasındakı münasibətləri özündə əks etdirən bank çıxarışları var. Məgər Rauf ayda 579 manat maaş alıb? Heç şübhəsiz, onun real maaşı daha çox olub. Həmin çıxarışları da sizə göstərə bilərəm. Mənim Raufla heç bir ədavətim yoxdu. Klub qarşısında öhdəliyi varsa, sona qədər yerinə yetirməlidi. Komandanı yarıyolda qoyaraq başqa yerə üz tutub-tutmayıb - bu işə qarışmıram. İstənilən futbolçu müqaviləsi olsa da, olmasa da, yeni klubla anlaşa bilər. Bunun üçün sivil yollar var. Təzminatı ödə, hara istəyirsən, get. Bu iki vur iki kimi asan məsələdii. Başa düşmürəm ki, bunlar niyə hay-küy qaldırıblar? Mən mövqeyimdən istifadə etmirəm. Belə etsəydim, Səlahətin də keçidinə müdaxilə edərdim. Məni artıq AFFA ilə, demək olar ki, heç nə bağlamır. Orda tutduğum postları da yavaş-yavaş təhvil verirəm.
- Raufun klubla müqaviləsi varsa, nəyə görə adı PFL-ə təqdim olunan sifariş ərizəsində yoxdu?
- O çempionatın startı ərəfəsində rəhbərliyə yaxınlaşaraq klubdan ayrılmaq istədiyini bildirdi. Ona deyildi ki, qalsan, daha yaxşı olar, çünki müqavilən var. Lakin ayrılmaq fikrinin qəti olduğunu söylədi. Bilirsiz, çox qəribə bir durum yaranıb. Bütün futbolçular ancaq özünü düşünür. Bəs klubun marağı? Ona təzminat ödəməklə istədiyi yerə gedə biləcəyini dedim.
- “Kukesi”dən tələb etdiyiniz təzminatın məbləğini açıqlaya bilərsiz? Söylənilənlərə inansaq, albanlardan 100 min manat istəmisiz.
- Mən bu haqda danışmaq istəmirəm. Yaxşı olar ki, bu suala cavab tapmaq üçün Zaur Axundovla danışasız. Bu məsələ onun səlahiyyəti çərçivəsində olduğundan detallarla bağlı sizə dolğun cavab verə bilər. Raufun özü ilə də bu haqda söhbətləri olub. Qarşı tərəfə də mövqeyimizi bildirmişik. Ancaq onlar təzminat ödəmək istəmir. Yuxarı instansiyalara şikayət etmək üçün bütün sənədləri hazırlamışıq. Biz istəmirik ki, problem AFFA, FİFA səviyyəsində həll olunsun.
- “Kukesi” rəhbərliyinə Əliyevin “İnter”lə müqaviləsinin davam etdiyini bildirəndə onlar buna necə reaksiya verdi?
- Biz tərəfdən də müəyyən nüanslarda boşluğa yol verilib. Bəzi texniki məsələlərdə səhlənkarlıq olub. Notarial qayadada müqavilə təsdiq olunmayıb. Ancaq məsələnin kökü başqadı. Hüquqda “yalançı əqd” deyilən bir anlayış var. Raufun əlində olan yalançı əqddi. Bizim əlimizdə olan isə həqiqi. Futbolçu da, klub da bu əqdə riayət etmək məcburiyyətindədi. Real münasibətlərimiz bizdə olan müqavilə əsasında tənzimlənib. Əsas olan əməkhaqqı məsələsidi.
- Özünüz də qeyd etdiz ki, əlinizdə olan müqavilə notariusda təsdiqlənməyib. Belə olan halda necə deyə bilərsiz ki, futbolçunun sizinlə müqaviləsi var?
- Hüquqşünas olduğuma görə istəmərəm ki, sabah qarşıma çıxacaq hansısa həmkarım səhv fikir səsləndirdiyimi bildirsin. Xatırlayırsızsa, “Xəzər Lənkəran”ın Culius Vobayla bağlı problemi olmuşdu. Klub müqavilənin iki, futbolçu isə birillik olduğunu iddia edirdi. “Xəzər Lənkəran” PFL-ə təqdim etdiyi anlaşmada futbolçunun iki il onlara məxsus olduğunu göstərmişdi. Şəxsi müqavilədə isə müddət bir il idi. FİFA bu məsələyə baxdı və qərar verdi ki, münasibətlər şəxsi müqavilədə göstərilənlərlə tənzimlənir. Artıq bu cür məsələlərə son qoyacağıq. Hər şey şəffaf formada olacaq. Klub olaraq futbolçuya görə vergi ödəyirik, Sosial Müdafiə Fonduna vəsait keçiririk. 2016-cı ildə olan məsələyə görə indi probelm yaşayırıq. İnşallah, yanvardan bizim klubda hər şey şəffaf şəkildə sənədlərdə əksini tapacaq. Müqavilə bir dənə olmalıdı.
- Sözlərinizdən belə aydın oldu ki, bu gün bütün klublarda, o cümlədən “İnter”də ikili müqavilələrdən istifadə olunur...
- Mən konkret özümüzdən misal çəkdim.
- Etiraf edirsiz ki, “İnter”də bu var?
- Bizdə ikili müqavilə yoxdu. Xahiş edirəm bu məsələni xüsusi vurğulamayın. Ancaq... belə çıxır ki, var.
- Konkret deyin: Raufun məsələsində ikili müqavilə var, ya yoxdu? Gah belə deyirsiz, gah elə.
- Bəli, Əliyevdə ikili müqavilədi.
- Sizdə olanla futbolçunun əlində olan müqavilə arasında fərq nədi?
- Arada kiçik texniki problemlər var. Nə AFFA-nın, nə də PFL-in buna aiddiyyatı yoxdu. 
- FİFA-ya müraciət edəcəyinizi bildirdiz. Əminsiz ki, ali futbol qurumu xeyrinizə qərar qəbul edəcək?
- Həyatda heç nəyə əmin olmaq olmaz. Xüsusən belə məsələlərdə. Hüquqşünas kimi haqlı olduğumuzu düşünürəm. İnanmasaydıq, sona qədər getmək fikrinə düşməzdik. Etiraf edirəm ki, bizim də zəif cəhətlərimiz var. Qeydiyyatdı, oyunçunun adını sifariş ərizəsinə salınmamasıdı, sənədin notariusda təsdiq olunmamasıdı – bunlar hardasa əleyhimizə olan məqamlardı. Ancaq FİFA düz mövqedə olduğumuzu ortaya qoyacaq. Ali futbol qurumu reallığı nəzərə alır. Reallıq nədi? Rauf bizdən xeyli əməkhaqqı alıb, ona görə vergi ödəmişik, başqa hesablaşmalar olub.
- Ancaq futbolçu keçmişdə aldığı əməkhaqqının əvəzini verib. O meydana çıxaraq futbol oynayıb. 
- Mən demirəm ki, aldığının qarşılığını verməyib. Dedyim odu ki, Əliyev real qəbul etdiyi müqavilənin şərtlərinə əməl etməlidi.
- Sizin sözlərinizdən belə başa düşmək olar ki, Raufun əlində olan müqavilədə müddət bitsə də, o geridə qalan illərdə əməkhaqqını sizdəki anlaşmaya uyğun alıb. Yəni şəxsi müqaviləsində maaşı az, klubla olan müqavilədə isə çox göstərilib. Və futbolçu da ikinciyə uyğun pul alıb. Səhv demədim ki?
- Tam düzdü. Əliyev klubla olan anlaşmanın düz olmadığını iddia edirsə, nəyə görə maaşı məhz orda göstərilən kimi alıb? Şəxsi müqaviləsini ortaya atırsa, aldığı artıq pulları gətirib qaytarsın. Nəyə görə o ancaq özünə sərf edən məqamları qabardır? Bizim istədiyimiz də budu. Ona görə də deyirəm ki, real hüquqi münasibətlər əlimizdə olan anlaşmaya uyğun aparılıb.
RƏŞAD

Tarix: 19 Avqust 08:36    Oxunub: 83    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Sentyabr 2017
21 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.