“Klublarla razılaşmasaq, “Kəpəz” ev oyunlarını Tovuzda keçirəcək” - Şahin Diniyev

“Komanda çempionata tam olaraq hazır deyil. Bu, əslində başa düşülən bir vəziyyətdir. Çünki startda oyun təcrübəsi olmur”.

 

Sportinfo.az xəbər verir ki, bunu Premyer Liqanın I turundan “Sumqayıt”ın qonağı olacaq “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.


Gəncə təmsilçisinin rəsmi saytına danışan 51 yaşlı mütəxəssis bildirib ki, komanda çempionatın gedişində öz oyununu tapacaq: “Dünyanın hər yerində belədir, istənilən komanda başlanğıcda hər şeyə hazır olmur. Yarış gedə-gedə futbolçular forma yığmağa başlayırlar.

 

“Kəpəz”in heyəti 65-70 faiz yenilənib, ona görə də bizim üçün indi çətin dövrdür. Zamana ehtiyacımız var, futbolçuların bir-birini tam anlaması, xətlərarası əlaqənin ideal olması üçün çoxlu matçlar keçirməliyik. Amma bu o demək deyil ki, biz ilk oyunlardan əlimizi yanımıza salıb gözləyəcəyik.

 

Dayanmaq olmaz, layiqli mübarizə aparmalıyıq. Hər bir oyun bizim üçün vacibdir. Premyer Liqanın səviyyəsi yüksəlib. Medallar uğrunda mübarizə aparan komandaların sayı artıb.

 

Bu səbəbdən sıradan oyunlar olmayacaq. Həmçinin də sabahkı matç önəmlidir. Başlanğıc həmişə çətin olur. Amma uğurlu start olduqca vacibdir. Komanda bunun məsuliyyətini dərk edir”.


Ş.Diniyev bildirib ki, Gəncə şəhər stadionu təmirdə olduğu üçün “Kəpəz”in ev oyunlarını Tovuzda keçirməsi mümkündür: “Bu gün azarkeşlərə çox ehtiyacımız var. Gəncə şəhər stadionunun meydançasının təmirə bağlanması səbəbindən ev oyunlarımızı oktyabra kimi kənarda keçirməklə bağlı məsələ var.

 

Azarkeşlər bizim “12-ci oyunçu”muzdurlar deyə, onlara ehtiyacımız böyükdür. Klublarla razılaşa bilməsək, ev oyunlarımızı elə fanatlarımıza görə Tovuzda keçirəcəyik. Onları Tovuza dəvət edirəm.

 

Stadionu doldursunlar ki, özümüzü evdə olduğu kimi hiss edə bilək. Elə “Sumqayıt” ilə səfər oyunu üçün də Bakıdakı azarkeşlərimizə müraciət edib, onları dəstəyə çağırıram. Yeni komanda yaratmışıq, uşaqlara dəstək olmaq lazımdır”.

Tarix: 12 Avqust 19:36    Oxunub: 323    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.