AFFA, bəlkə Tahir Süleymanovu bu dəfə eşidəsiniz?

"İnter" komandasının adını dəyişib heç bir məna daşımayan "Keşlə" qoyublar. "Keşlə" deyən kimi də adamın gözünün qabağına ordakı "Bombey məhlələri" düşür. "İnter"in sabiq bolqar prezidenti də çox yaxşı bir ironiya edib. Deyib ki, barı heç olmasa Zabrat qoyaydılar.

 

Bölgələrimizdə futbol ölür. Futbol deyəndə elə idmanın bir çox növü. Yüksək liqamızda bircə bölgə komandası var "Kəpəz", qalanları Bakıdadı. Bu Azərbaycan çempionatı deyil, Bakı çempionatıdı. Bir sözlə, hamını yığırıq Bakıya, bir də görəcəyik Bakı əyildi. 

 

Dünən Azərbaycan futbolunda sözü və yeri olan, beynəlxalq dərəcəli hakim Tahir Süleymanovla bir telefon söhbətimiz oldu. Elə bu "İnter"lə bağlı. Tahir müəllim, çox ciddi və ağıllı bir təklif irəli sürdü. Bildirdi ki, "İnter"i Mingəçevirə köçürməliyik, adı da olsun "Kür".

 

Mingəçevirdə futbolun inkişafı üçün hər cür şərait var, həm gözəl stadionu var, həm də güclü maddi-texniki bazası var. Klubun burda fəaliyyət göstərməsi üçün heç bir əngəl yoxdu. Onu da vurğuladı ki, Mingəçevirdə həmişə futbol olub, hətta SSRİ çempionatında iştirak ediblər.

 

Komandanın da adı o vaxt "Toxucu" idi. Və həmin komanda da ölkənin əsas komandası olan "Neftçi"yə həmişə bacarıqlı futbolçular verib. Əsas məsələnin də biri odur ki, Mingəçevirdə futbolu sevirlər, özü də 120 min nəfərlik inkişaf etmiş bir sənaye şəhəridi.

 

Məmnuniyyətlə, görkəmli referimizin bu təklifini dəstəkləyirəm və alqışlayıram.

 

AFFA, bəlkə Tahir Süleymanovu bu dəfə eşidəsiniz? Həm bir şəhəri sevindirmiş, həm də bölgələrimizdə futbolun inkişafına xidmət etmiş olursunuz.

 

Aqil ABBAS

Tarix: 10 Avqust 19:36    Oxunub: 507    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.