Üzr istəmək sırası

“İnter” bugünlərdə baş məşqçisi Zaur Svanadze ilə yeni müqavilə imzaladı. 59 yaşlı gürcüstanlı mütəxəssisin sözləşməsinin müddəti 2017/2018 mövsümünün sonuna qədər nəzərdə tutulub. Məşqçilər korpusunda heç bir dəyişiklik etməyən Svanadze 2015-ci ilin iyununda bu postda Kaxaber Sxadadzeni əvəzləyib. Onun paytaxt klubu ilə son kontraktı iyunda başa çatıb.


Sabiq "bankirlər" onun rəhbərliyi altında ötən mövsümü bürünc medalla başa vurub. Avropa Liqasına vəsiqə qazanan paytaxt təmsilçisi ilk mərhələdə "Mladost"u (Serbiya) çətinlik çəkmədən mübarizədən kənarlaşdırıb.

 

Ancaq ikinci raundun ən böyük məyusluğunu bizlərə "İnter" yaşatdı. "Fola"ya Mirhüseyn Seyidovun son dəqiqə qoluyla 1:0 qalib gəlsələr də, Lüksemburqda darmadağına məruz qaldılar – 1:4. Futbolçular bu tarixi şansla daha böyük fürsət əldə edə bilərdilər. Onların iştahı diş altında olmadı.

 

Bu tarixi şansı dəyərləndirmək istəmədilər. Bizlərə daha çox futbolçuların bu qədər zəhmət, min bir əziyyət çəkə-çəkə gəldikləri bu məqamda qəfil sönmələri heç aydın olmadı. Qələbədən, mərhələdən doymaq, futbolçunun iradə zəifliyinin, yetkinsizliyinin, bir sözlə, istedadsızlığının göstəricisi ola bilər.

 

Bu məğlubiyyətdə obyektiv heç nə yoxdu. Subyektivlik isə futbolçunun özünə verdiyi qiymətdi və bu halda onun dəyərini aşağı salır. Ötüşdürmək prinsipi ilə yeni mövsümdə də "İnter"dən elə ötənilki rəqabət formasından artıq heç nə gözləməyə dəyməz.


Söz yox ki, məşqçi korpusunu nədəsə qınamaq olar. Amma oyunun gedişindən aşkar görünürdü ki, rəqibi üstələmək mümkündü. Ən acınacaqlısı isə o oldu ki, "beynəlmiləlçilər" özünə sığışdıra bilməyəcəyi bir hesabla rəqibinə yenildi.

 

Svanadze uğursuzluğun səbəbləri barədə indiyədək ətraflı heç nə danışmayıb. Onun rəhbərliyə nə raport verib- verməməsi də ictimaiyyətə qaranlıqdı. Ən azından bilmək maraqlı olardı ki, gürcü mütəxəssis darmağını nə ilə əlaqələndirir, bunda özünü günahkar görür, ya görmür. "Axmaq qollar buraxdıq" açıqlaması yetərsizdi - bu, heç nə demək deyil. 


"İnter" rəhbərliyi bu fiaskonun üzərində çox dayanmadı. Zatən dayansaydılar belə, bir mənası yox idi. Klubun vəziyyəti bəllidi - Azərbaycan Beynəlxalq Bankının imtinasından sonra halı ümumiyyətlə xarab olan "İnter" ciddi maliyyə böhranı keçirir. Borclar yığılıb qalıb. Bir hissəsini bağlayıb qurtarmamış, ana baza şişib dağa dönür.

 

Zaur Axundov imkan sahibidi və onu bura pul xərcləməyə göndəriblər. Lakin Müşahidə Şurasının sədri nə oliqarxdı, nə də multimilyoner. Özünə görə 5-10 manatı var. Bu pulla klubun köhnə və yeni borclarını bağlamaq, növbəti mövsümün büdcəsini formalaşdırmaq mümkün deyil. Qeyri-müəyyənliyin uzun sürməsi Axundovu haldan salır: axı o, gözlədiyindən də dərin problem dərəsinə yuvarlanmış "İnter"i miras alıb.

 

Azərbaycan Futzal Federasiyasının prezidenti və "Araz"ın faktiki sahibi kimi özünə doğma sahədə daim hökm etməyə öyrəşmiş Axundov burda fors-major situasiya ilə üzləşib. Futzalçıların qorxulu röyasını "İnter"in sıravi futbolçular belə, ciddiyə almır. Verdiyi vədləri vaztında tuta bilmədiyi üçün.

 

FİFA ilyarımdı "İnter"ə transfer yasağı qoyub. Yeni futbolçu ala bilmirlər, əldə olanlarla kifayətlənmək məcburiyyətindədilər. Ona görə də havanı düşərgədə qalanlar müəyyənləşdirir. Axundov  onların çaldığı havaya oynamağa məhkumdu. Məlum qadağa və maddi imkanların məhdudluğu əl-qolunu bağlayıb. Bu ilin sonunadək həyat belə davam edəcək – MŞ sədri yeni maliyyə qaynaqları tapsa, durğunluq erasının sonu gələcək.

 

Bu isə hələ də sual altındadı. Belə vəziyyətdə Svanadzenin işini davam etdirməsi ən doğru qərardı. Hər halda illərdi "İnter"dədi və ümumi duruma bələddi. İşinin öhdəsindən pis-yaxşı gəlməyə çalışır və komandanı öz ətrafında müəyyən qədər birləşdirməyi bacarıb. Aylarla qara qəpik almayan, bununla belə, səsini çıxarmayan gürcü mütəxəssisi "Fola" məğlubiyyətinə görə postdan uzaqlaşdırmaq doğru olmazdı. O. qalmalı və işini davam etdirməlidi.


Ötən ayın əvvəlində 19 yaşlılar və əvəzedicilərdən ibarət komandaların koordinatoru vəzifəsinə gətirilən Ramiz Məmmədovun əleyhdarları üçün bu qərar heç yerinə düşmədi. Qazaxıstan və İran klublarında işləmiş "Pro" kateqoriyalı mütəxəssisin haqqında bu aralar çox hədyanlar yazıldı, iddialar ortaya atıldı. "Şər maşını" sürətlə üzərinə yeridi, böhtan kampaniyası sərhəd tanımadı.

 

2010-cu ildə Azərbaycanın ən yaxşı məşqçisi seçilmiş Məmmədovun adi bir uğursuzluqdan sonra Svanadzeni sükan arxasından götüzdürəcəyi ilə bağıl "proqnozlar" verilirdi. Nə oldu bəs? Bəziləri Məmmədovun vəzifəyə yiyələnmək üçün xırda bir "çp"nin kifayət edəcəyini aləmə car çəkirdi. "İnter" üçün "Fola"ya uduzmaqdan böyük biabırçılıq ola bilməzdi. Əgər Svanadze postunda qalırsa, özlərini "medianın haqlı kəsimi" adlandıran nadürüstlərin Məmmədovdan üzr istəməsi gərək!


Xəzər Hikmət

Tarix: 9 Avqust 16:36    Oxunub: 538    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.