"Çempionlar Liqasında qrupa düşmək istəyimiz var": "Qəbələ"li rəis

"Qəbələ" Avroliqanın 3-cü təsnifat mərhələsində mübarizəni dayandırmaqla azərbaycanlı azarkeşləri üzüntüyə qərq etdi. Bəs ardıcıl iki il qrup mərhələsində çıxış edən bölgə təmsilçisinin bu dəfə eyni uğuru təkrarlaya bilməməsi komandaya necə təsir edib? Bu və bir sıra suallara cavab tapmaq üçün klubun meneceri, əsas komandanın rəisi Səbuhi Səfiyarlı ilə danışdıq. Sportinfo.az xəbər verir ki, Səfiyarlı eyni zamanda son duruma, transferlərə və sair məsələlərə toxundu.
 
"Panatianikos"a uduzandan sonra klubda əhval-ruhiyyə necədi? Komanda ardıcıl 3-cü dəfə qruplara yüksələ bilməyəndən sora ruh düşkünlüyü yaşamadı ki?

- Qrupa düşsək yaxşı olardı. Amma bunun nəticələrimizə təsir edəcəyi inandırıcı deyil. Onlar ayrı-ayrı məsələlərdi. Avroliqada məqsədə çata bilmədik. Amma digər məqsəd uğrunda çalışacağıq. Bu amilin "Qəbələ"nin gələcəkdəki oyununa təsir edəcəyinə inanmıram. Məncə, komandanı kökləmək çətin olmayacaq. Bu turnirlər tam başqadı.  
 
Əksəriyyət düşünür ki, avrokuboklardan kənar qalmaq "Qəbələ"nin işinə yarıyacaq. Komanda "Qarabağ"ın yorğunluğundan yararlanaraq, yanvara qədər xal ehtiyatını artırıb, çempion olacaq. Bu fikirlə razısızmı?
- Xeyr, özümüz də bunu klubda müzakirə edirik. Demək olmaz nəyəsə təsir göstərəcək. Hər şey komandanın hazırlığından, qazanılan nəticələrdən asılıdı. Belə oyunlar çox olub. Həmişə "Qarabağ" güclü olduğu üçün qalib gəlib. İstər kubokda, istərsə də çempionatda olsun. Bu nə dərəcədə təsir edəcək bilmirəm.
 
Rauf Əliyevlə xeyli vaxtdı maraqlanırdız. Son vaxtlar danışıq aparmışdız?
- Klubu ilə müqaviləsi vardı deyə danışıq aparmırdıq. Amma bildiyimə görə o artıq Albaniya klubu ilə anlaşıb və "Kukesi"də oynayacaq. Özü ilə danışmasaq da, vəziyyətinin nə yerdə olduğu ilə maraqlanırdıq. Bildirdilər ki, xaricdə oynamaq istəyir. 
 
"Qəbələ"nin legionerləri rayonda yaşamaq istəmədiyinə görə klubun Bakıda məskunlaşacağı deyilir. Doğrudumu?

- Keçən il də oxşar vəziyyət idi. Hər oyundan iki gün əvvəl Bakıya gəlirdik. Qəbələdə baş tutacaq oyunlara isə 1 gün əvvəldən gedirdik. Həm orda, həm də burda olurduq. Söhbət futbolçuların ailələrinin yaşamasından gedir. Ailəli olanların Bakıda qalıb məktəbə getməsini istəyirlər. Futbolçuların özlərinin yaşaması üçün problem yoxdu. 
 
Onlara Bakıda qalmaq üçün şərait yaradılacaq?
- Əlbəttə, hamısı onların müqaviləsində nəzərə alınacaq. Müzakirə olunacaq, kim Bakıda yaşamaq istəyirsə, kömək edəcəyik. Yaxud müqaviləsində başqa bir şərtlə əvəz olunmalıdı. 
 
Yeni dəvət olunan legionerlərdən sırf Bakıda yaşamaq istəyən, yaxud Qəbələdə qalmağa razılaşan futbolçular var?
- Hazırda müzakirə mərhələsindəyik. Götür-qoy edirlər. Elələri olub ki, ailəsinin Bakıda yaşamasına icazə vermədiyimiz üçün çıxıb gedib. Müqaviləsi ola-ola gəlib, qala bilmədiyini və getmək istədiyini söyləyib.  Bu dəfə düşündük ki, daha səviyyəli futbolçuların gəlməsi üçün onlara kömək edək. Çünki bəziləri ailəli olur. Bildiyiniz kimi, Qəbələdə də xarici dil məktəbi yoxdu. Elə legioner var ki, ailəsinin yanında olmasını, uşağın məktəbə getməsini istəyir. Həm də Qəbələ ilə Bakı arasındakı məsafə uzaq deyil, gediş-gəliş var. Komandaların əksəriyyəti Bakıda olur. Futbolçuların komanda ilə müqaviləsi var. Komanda harda olsa o da ora getməlidi. Sabah gedib Antalyada hazırlaşsaq o da getməlidi. Futbolçunun harda qalması müzakirə olunmur. Onun istəyi ilə deyil. Sadəcə, söhbət ailələrindən gedir. Xüsusən də uşağı olan futbolçuların. Bu üzdən onlar Bakıda qalmağa məcburdular. 
 
Şəxsən siz çempionluq şanslarını necə görürsüz?
- Çempionat başlamayıb. Komandaların durumunu bilmirik. Məşqçimiz həmişəki kimi iddialıdı. Qarşısına böyük məqsəd qoyub. Arıq 2-3 ildi bu iddiadayıq. Neçə vaxtdı 2-ci, yaxud 3-cü yerləri tuturuq, Avropa Liqasına vəsiqə qazanırıq və deməzdim ki, uğursuz çıxış edirik. Amma istərdik ki, gücümüzü Çempionlar Liqasında sınayaq. Həm də ÇL-dən Avroliqaya vəsiqə qazanmaq asandı. Bildiyiniz kimi Azərbaycanda yeganə klub "Qəbələ"di ki, Avroliqada mübarizəyə başlayaraq qrupa düşüb. Bizdən əvvəlki klublar, "Qarabağ"la "Neftçi" ÇL-də mübarizəyə başlayandan sonra Avroliqada qrupa düşüb. Ona görə də ÇL-də qrupa düşmək istəyimiz var. Çempion olmaq niyyətindəyik. Baş məşqçimizin bir yaxşı sözü var. Deyir, 1 faiz belə şans varsa onun üçün döyüşməyə hazırıq. İndi şansımız daha çoxdu. Keçən il həm öz, həm də başqalarının səhvləri ilə üzləşdik. Ona görə də çempion ola bilmədik. 
 
Transfer məsələləri qapanıb "Qəbələ" üçün?
- Transfer pəncərəsi tam bağlanmayana qədər heç nə demək olmaz. Bəlkə sabah hansısa futbolçumua elə qiymət deyəcəklər ki, onu satmaqdan imtina edə bilməyəcəyik. Ola bilər cüzi məbləğə güclü futbolçu ilə də rastalaşarıq. Birmənalı şəkildə transfer etməyəcəyik deyə bilmərik. Nə qədər ki, "pəncərə" açıqdı və nəzəri cəhətdən transfer həyata keçirilə bilər. Yəni qeyri-adi nəsə baş verməsə, demək olar "Qəbələ" üçün transfer məsələləri bağlanıb. (sport7.az)

Tarix: 9 Avqust 15:36    Oxunub: 430    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.