“Neftçi” daha bir legioner gətirir: "Mənə inanmayan adamların..."

Avqustun 11-də növbəti mövsümə start veriləcək. Çempionatın açılış oyununda “Qarabağ”la “Neftçi” üz-üzə gələcək ki, bu oyunu səbirsizliklə gözləyənlərin sayı həddən artıq çoxdu. Meydanın bir tərəfində Çempionlar Liqasının qrupuna düşməyi hədəfləyən son 4 ilin çempionu olacaqsa, digərində son 3 ili titulsuz bitirən “Neftçi” yer alacaq.

 

Xüsusilə “ağ-qaralar”ın indiki durumu maraq doğurur. Avstriyada keçirilən yoldaşlıq görüşlərində bundesliqa təmsilçiləri – “Şalke-04”ə 0:1, “Herta”ya 0:4 hesabı ilə məğlub olan, “Əl-Əyn”lə 1:1-lik heç-heçəyə razılaşan Elxan Abdullayevin yetirmələrinin son durumu “Qarabağ”la oyunda bilinəcək. Növbəti mövsüm həm də Abdullayev üçün son şansdı.

 

Ötən çempionatın gedişində qış fasiləsindən sonranı işarə verən təcrübəli mütəxəssis komandasını hədəfə çatdıra bilməyəndən sonra növbəti birinciliyə işarə vurmuşdu. Deməli, hansı məsuliyyətin altına girdiyini Elxan bəy hamıdan yaxşı dərk edir. Odu ki, “Neftçi”nin çalışdırıcısıyla söhbətdə bəzi suallara aydınlıq gətirmək istədik (Futbol+).

 

Ağır məşqlərdən, yoldaşlıq görüşlərindən sonra komandada vəziyyət necədi?
- Əla hazırlıq keçdiyimizi deməliyəm. Xüsusilə Avstriya toplanışından olduqca razı qaldım. Buna görə klub rəhbərliyinə xüsusi təşəkkür etmək istəyirəm. Ab-hava qaydasındadı. İndi hər kəs səbirsizliklə çempionatın başlamasını gözləyir. Futbol ictimaiyyəti kimi, biz də çempionat üçün darıxmışıq.
 

Yay hazırlığından maksimum yararlanacağınızı demişdiz. Artıq “Neftçi”ni çempionata hazır saymaq olar?
- Heç bir məşqçi “komandam 100 faiz hazırdı” deyə bilməz. İş olan yerdə çatışmazlıqların olması mütləqdi. Yalnız onu deyə bilərəm ki, çempionata hazırıq.
 

Ayyarımlıq hazırlıq dönəmində sizi nə sevindirdi?
- Məni ən çox sevindirən “Şalke-04” və “Herta”ya qarşı oyunlar oldu. Belə məşhur komandalarla oynamaq hər məşqçinin arzusudu. Bundesliqa təmsilçilərinə qarşı mübarizə aparmaq futbolçular üçün əsl sınaq, təcrübədi. Və bu oyunlarda futbolçular özü-özünə qiymət verə bilir. Üstəlik, biz məşqçilər çatışmazlıqları görmək imkanı qazanırıq. Belə komandaların bizimlə oynamağı razılıq verməsinin özü böyük işdi. Təşkilatçılar onları razı saldığına görə böyük iş görmüş oldu. Başqa bir məsələ futbolçularımızın diqqət mərkəzində olmasıdı. Belə matçları skautlar, agentlər izləyir, özləri üçün müəyyən qeydlər aparırlar.
 

Sözlü adama oxşayırsız...
- Ad çəkməyəcəm, ancaq bəzi futbolçularımızla maraqlananlar oldu. Aralarında yerlilər də var idi, legionerlər də. Düzdü, bu dəqiqə kimisə alıb aparmayacaqlar. Sadəcə, kimlərinsə adlarını dəftərçələrinə yazmaları özü də böyük işdi. Həmin oyunçuları diqqət mərkəzində saxlayacaqlar.
 

Bəs nədən narazı qaldız?
- Narahat edən məqam “Şalke-04” və “Herta” səviyyəsində ola bilməməyimizdi. Oyunlara baxanda əsl Avropa futbolundan nə qədər geridə olduğunu başa düşürsən. Məşqçi kimi yaxşı mənada paxıllıq etməyim narahatlıq doğuran məqamdı.

 

Sualıma cavab kimi Georgi Navalovskinin gözlənilməz ayrılığını, Mateo Mujeklə Derlis Meza-Kolli mövsümün başlamasına təxminən 10 gün qalmış “Neftçi”yə qoşulmasını qabardacağınızı düşünürdüm...
- Bunlara görə narahat deyiləm. Bilirsiz, niyə? Çünki indiyə qədər heç bir futbolçunun öz istəyi ilə gedişinə təəssüflənməmişəm. Futbolçu getmək istədiyini deyirsə, onu zorla saxlamağın mənası yoxdu. Düzdü, Navalovski yaxşı futbolçu, lider idi. Amma məlum səbəblərə görə ayrılmaq istədiyini dedi. Mən isə buna normal yanaşdım. Mujekə gəlincə, “Neftçi”yə gələnə qədər Sloveniya çempionatında “Rudar”ın heyətində hər iki oyunda 90 dəqiqə forma geymişdi. Yəni hazır futbolçudu, narahatlığa ehtiyac yoxdu.
 

Bəs Derlis?
- Derlislə bağlı bir narahatlığım vardı. Futbolçu kimi peşəkarlığına, meydanda gördüyü işə şübhəm yox idi. Nəyə qadir olduğunu “İnter”də görmüşdüm. Sadəcə, çarpazvari bağları qırılandan sonra çətin dönəm keçirmişdi. Adətən, bu zədəni alan futbolçular sonradan özünə bənzəmir, gözü qorxur, elələri də olur ki, ümumiyyətlə, futbola qayıda bilmir. Mənə Derlisin əvvəlki kimi döyüşkən görünüb-görünməyəcəyi maraqlı idi. Və meydana çıxdığı oyunlarda, məşqlərdə bir şeyə əmin oldum ki, bu vaxtilə “İnter”də gördüyüm həmin futbolçudu. Transferdə yanılacağımı düşünmürəm.
 

“Kəpəz” və “Binə”ylə yoldaşlıq görüşlərindən sonra “yarımmüdafiədə lider oyunçuya ehtiyacım var” demişdiz. Derlisin gəlişiylə həmin problemin həllini tapdığını demək olar?
- Bəli, Meza-Kolli həmin futbolçulardandı. Bu adamda lider keyfiyyətləri var, məğlub olmağı bacarmır. Üstün cəhəti universal olmasıdı. Həm dağıdıcılıq qabiliyyəti var, həm də yaradıcıdı. Fikrimcə, bu cəhətləri “Neftçi”də özünü göstərməsinə kömək edəcək.
 

Transfer çalışmalarına nöqtə qoyulduğunu deyə bilərik?
- Daha bir legionerin gəlişi gündəmdədi. Hazırda bu yöndə işlər görülür. Yaxın günlərdə daha bir yarımmüdafiəçi ilə anlaşma imzalanmalıdı. Danışıqlara nöqtə qoyulan kimi ictimaiyyətə xəbər veriləcək.
 

"Şalke-04” və “Əl-Əyn”lə matçlarda komandanız pis təsir bağışlamadı. Maraqlıdı, “Herta”yla oyunda nə baş verdi?
- Bu suala cavab tapmaq üçün mənə sual verməyə ehtiyac yoxdu. Təkcə sonuncu Almaniya çempionatına baxmaq kifayət edir. “Herta” Çempionlar Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparsa da, sonda 6-cı pillə ilə kifayətləndi. Yəni bu gün “Herta” ilə “Neftçi” arasında müqayisə olunmayacaq dərəcədə aşkar səviyyə fərqi var. Təkcə İbişeviçi götürək. Onun illik maaşı az qala “Neftçi”nin 3 illik maaş büdcəsinə bərabərdi. Kalu, Duda, Darida kimi futbolçular da öz yerində. Qısası, səviyyə fərqi özünü göstərdi. Vəziyyət o yerdəydi ki, futbolçularımız “sürüşmə” fəndindən istifadə edə bilmirdi. Çünki rəqib futbolçulara çatmaq mümkün deyildi. Onların təklif etdiyi sürətin qarşısında tab gətirmək, sadəcə, mümkün deyil.
 

Mövsümün ilk oyununun “Qarabağ”a qarşı keçirilməsini “Neftçi” üçün üstünlük saymaq olar? Hər halda, rəqib bu dəqiqə daha çox “Kopenhagen”lə qarşılaşmaları düşünür.
- Açığı, “Qarabağ”ın nə düşündüyü, bizimlə oyuna hansı heyət və motivasiya ilə çıxacağı məni narahat etmir. Bu dəqiqə bütün fikrimi “Neftçi”yə ayırmışam. Çempionatın açılış matçında azarkeşləri sevindirmək istəyirik. Bəli, “Qarabağ” güclü rəqibdi, son illərin çempionudu. Amma bu bizi qorxutmur. Qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik. Komandama inanıram.
 

Maksim Vaylonun taleyi necə olacaq? Səlahət Ağayevlə Rəşad Əzizli varsa, o “papağını günə verib” maaşını alacaq?
- Maksim müqavilə ilə “Neftçi”yə məxsusdu. Biz ona özünə komanda tapmağı məsləhət görsək də, hələ ki bu yöndə yenilik yoxdu. Sabah yaxınlaşıb getmək istədiyini desə, ona şərait yaradılacaq. Amma indiki vəziyyətdə komanda ilə məşq edir. Çempionatda oynayacaq, ya yox – buna artıq mən qərar verəcəm. Bu gün üçün “bir nömrə” Səlahətdi.
 

Qarşınıza hansı hədəf qoyulub?
- Məqsəd avrokuboklara vəsiqə verən yerlərdən birini tutmaqdı. Çempion olmaq hər komandanın arzusudu. Ancaq bu gün çətin görünür. Ona görə də hədəf kimi “4-lüy”ü seçmişik.
 

Sonda futbol ictimaiyyətinə deyəcək sözünüz var?
- Mənə inanmayan, bacarığıma güvənməyən adamların fikrini dəyişmək üçün əlimdən gələni edəcəm. Bunu danışmaqla yox, işimlə göstərəcəm.

Tarix: 8 Avqust 11:48    Oxunub: 823    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.