"Bəzi adamlar mənim qazandığım pulu sayır, qoy saysınlar!"

“Yarış mənim üçün çox yaxşı keçmədi. Çıxış etdiyim növlərdə İslamiadada daha yüksək nəticələrə imza atmışdım. Həmin göstəricilərə indi də nail olsaydım, medal qazana bilərdim. Çox təəssüf ki, alınmadı”. 

 

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 5 qızıl medal qazanan güllə atıcısı Ruslan Lunyov Bakıda keçirilən Avropa çempionatındakı çıxışını dəyərləndirərkən deyib.


28 yaşlı idmançı qitə birinciliyindəki uğursuz çıxışının səbəbini turnirə hazırlaşa bilməməyi ilə əlaqələndirib. O, güllə sarıdan korluq çəkdiyini etiraf edib: “Gülləm az olduğundan yarışa hazırlaşa bilməmişəm. Yenisini almağa çatdırmadılar.

 

Ona görə də bir ay məşqsiz qaldım. Bütün planımı İslamiadaya uyğun qurmuşdum. Məqsəd orada uğur qazanmaq idi ki, buna da nail oldum. Avropa çempionatında isə özümdən asılı olmayan səbəbdən belə alındı. Hazırlaşsaydım, ən azı gümüş və ya bürünc medal əldə edərdim”.


R.Lunyov İslamiadadan sonra diqqət mərkəzinə düşməyinə də toxunub: “Diqqət mərkəzində olmağımdan narahat deyiləm. Düzdür, “facebook”a daxil olanda bəzən xoşagəlməyən fikirlər də oxuyuram. Lakin artıq fikir vermirəm.

 

Bəzilərəinin İslamiadada əldə etdiyim mükafatın məbləğini saymalarına gəlincə, buna normal baxıram, saysınlar (gülür). Şəxsi işləridir, nə deyə bilərəm ki? Mükafatı boşuna verməyiblər. Nəticə qazandığım üçün pul almışam”.


İslamiadanın qalibi hədəfinin Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşmək olduğunu söyləyib: “Olimpiadada medal qazanmaq hər bir idmançının arzusudur. Tokio-2020-yə qədər çox məşq edəcəyəm ki, orada özümü göstərə biləm. Şans həmişə var. Artıq güclü rəqiblərlə rahat mübarizə aparıram”.

 

Ruslan Lunyov Avropa çempionatında 25 metr məsafəyə tapançadan atəşaçmada 7-ci və 9-cu yerləri tutub. İyulun 21-də start götürən yarışda Azərbaycan atıcılarından heç biri medal qazana bilməyib. Yarışa avqustun 4-də yekun vurulacaq.

Tarix: 31 İyul 14:00    Oxunub: 510    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.