Qurbanov, Reynaldonu buraxın, sonra peşman olacaqsız!

Artıq 10 gündən çoxdu ki, transfer bazarında adı ən çox hallanan futbolçu Reynaldodu. Braziliyalı hücumçuya iki gündən bir talib çıxır. “Elçi”lərin sayı çoxalsa da, yalnız bir klub konkret rəsmi təkliflə çıxış edib. Türkiyə Superliqasının debütantı “Adanaspor” bu gün cənubi amerikalının transferi üçün Ağdam klubuna müraciət edib, keçid üçün 500 min dollar ödəməyə hazır olduqlarını bildiriblər.

 

 

“Qarabağ” rəhbərliyi çox düşünmədən “yox” cavabını göndərib. Ki, nə danışırsız, Reynaldo 2-3 milyonluq futbolçudu. 2013-cü ildə ölkəmizə  Belçika təmsilçisi “Vesterlo”dan gələn 28 yaşlı “sambaçı”nın əsl bacarıq və istedadını yalnız o vaxt gördük. O da vur-tut 2-3 oyunda. Zədədən sonra nə illah elədisə, əvvəlki formasına dönə bilmədi. Qurban Qurbanov mətbuatın çoxsaylı tənqidləri qarşısına sinəsini verərək, digər futbolçuları kimi, Reynaldonu da müdafiə eləməyə başladığı gündən ta indiyə qədər braziliyalının əsl potensialını görməmişik.

 

Çox qeyri-stabil, zədəyəmeylli və bərpası kifayət qədər vaxt aparan forvard üst-üstə toplasaq, ardıcıl 15 oyun müsbət davamiyyət göstərməyib. İstedadını zədəyə görə tam aça bilməyən hücumçudan 4 əllə yapışan Qurbanov onu buraxmamaqla, məncə, səhv edir. İnadından əl çəkməyən məşqçinin qapısına qədər müştəri gəlib çıxıbsa, mütləq satmalıdı. Yoxsa sonra çox peşman olacaqlar.

 

Digər tərəfdən, nəzərə almaq lazımd ki, braziliyalı “Qarabağ”da ən ödənişli 2 futbolçudan biridi. Stabil oyun üzünə həsrət qalsa da, “Qarabağ” rəhbərliyi sanki acığa düşüb, onun maaşını hamıdan çox verir. Ağdam klubunda aşağı-yuxarı 500 min dollara oynayır. Bundan azını Dani Kintana, Riçard Almeyda alır. Bəli, nə qədər paradoksal səslənsə də, belədi, komanda üçün daha çox iş görən futbolçular Reynaldodan az qazanırlar.

 

Yəqin, fikir verisiz, “Qarabağ”da yarımmüdafiəçilər daha çox qol vurur, nəinki Reynaldo. Rəşad Sadıqov bir az da yeyin tərpənsə, bu mövsüm qol sayını onunkundan daha çox edər. Reynaldo əsasən Miçel, Almeyda və Kintananın hesabına üzü gülən “Qarabağ”a Premyer Liqada, Avropa Liqasında kömək edə bilmirsə, bu qədər ciddi-cəhdlə, inadla onu saxlamağın nə mənası var, anlamaq çətindi. Zatən “elçi”si qapıdadı, sat, canını qurtar da. Bu gün verməsən, sabah çox gec olacaq.

 

Hərdənbir qol vurmağı var, ancaq bu, ödənişi kifayət qədər yüksək olan hücumçu üçün heç nədi. Əgər ayrı-ayrı oyunlarda qaçırdığı epizodları hesablasaq, kəllə-çarx olar. Qurbanov ona hər dəfə güvənir, şans verir. Alınmır ki, alınmır. Zorla gözəllik olmaz, Reynaldonun qatarı Azərbaycana gələndən sonra - ilk dəfə zədələnəndə gedib. Mütəxəssis o qatarı geri qaytarmaq üçün mümkün olan bütün vasitələrə əl atsa da, çarəsi yoxdu. Ən gözəl çıxış yolu onunla vidalaşmaqdı, vəssalam.

 

P.S. Siz siz olun, mən də mən. Arzuladığınız Reynaldonu bundan sonra görməyiniz mümkün olan iş deyil.

 

Elvin ƏHƏD

Tarix: 13 Yanvar 19:36    Oxunub: 2254    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Avqust 2017
22 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.