"Neftçi": "Ona heç kim deməyib ki, sən kluba lazım deyilsən"

Maksim Vaylo yenidən “Neftçi”dədi. Bakılıların heyətdən uzaqlaşdırdığı, qovduğu, transferə çıxardığı qapışı hərlənib-fırlanıb, yenə gəlib. Ötən mövsüm inanılmaz səhvləriylə yadda qalan və əksər vaxtlarda ehtiyat oyunçular skamyasında əyləşən Maksim “Kəpəz”ə qarşı yoxlama matçında da forma geyib.

 

Həm də ənənəsinə sadiq qalıb – yenə səhv buraxaraq, gəncəlilərin ikinci qolu vurmasına şərait yaradıb. Bu sirrin səbəbi nədi? Vaylo niyə geri qaytarılıb?
 
Hazırda “Neftçi”də ehtiyat qapıçı Rəşad Əzizlidi, əsas çərçivə qoruyucusu isə hazırda “İnter”lə Avropa Liqasında oynayan Səlahət Ağayev olacaq. Amma Maksimə heç 3-cü gözü ilə də baxmırlar. İş ondadı ki, Vaylo mütləq heyətdə qalmalıdı.
 
Vaxtilə Maksim superistedad kimi təqdim olunub və “Neftçi” rəhbərliyi də onunla 5 illik müqavilə imzalayıb. Özü də o, məşqçilərin seçimi əsasında heyətə götürülməyib. Müxtəlif yaş qruplarımızdan ibarət millilər üçün namizəd sayılan 1995-ci il təvəllüdlü oyunçu AFFA-yla əlbir menecerlərin vasitəsi ilə heyətə qatılıb.

 

Müqaviləyə görə faiz alan həmin menecerlər hətta futbol qurumunun təzyiq rıçaqlarından da faydalanıb (futbolinfo). İndi heyətdə olan bəzi legionerlər qədər maaş alan, amma oyunu ilə həvəskar komandaya belə yaramayan Maksim həmin anlaşmadan faydalanır.

 

“Neftçi” imtina etdikdən sonra bir neçə klubla təmasa girən, lakin heç yerdə bəyənilməyən qapıçının atası axırda bakılıları şərt qarşısında qoyub: ya müqavilənin qalan 3 ili üçün nəzərdə tutulan pulu kompensasiya şəklində verin, ya da Maksim heyətdə qalmalı, aylıq maaşını almalıdı.


Futbolçu ilə FIFA müqaviləsi bağlanıldığından və ona azad agent statusu vermək üçün böyük pullar lazım gəldiyindən bakılılar təslim olub. İndi Vaylo oyuna çıxmadan daha 3 il böyük rəqəmlərlə ölçülən maaşını alacaq.


"Neftçi"nin baş meneceri Eldəniz Yusifov bununla bağlı Sportinfo.az-a deyib ki, Vaylonun komandadan uzaqlaşdırılması müzakirə mövzusu olmayıb: "O, yerli oyunçudu və 5 illik müqaviləsi var. Mövsüm başa çatandan sonra istirahətə yollanıb və iyulun 24-də düşərgəyə dönüb.

 

Başqaları necə, Vaylo da eləcə. Onunla böyük məbləğə müqavilə bağlanmayıb. Bu, həqiqəti əks etdirmir. Əgər Vaylonun xidmətində hansısa komanda maraqlı olarsa, danışıqlar aparmağa hazırıq. Bu, birdəfəlik satış da ola bilər, icarə də.

 

"Neftçi"də Vayloya heç kim deməyib ki, sən kluba lazım deyilsən. Kim komandadan göndərilibsə, çoxdan məlumdu. Baş məşqçimiz Elxan Abdullayevin xidmətindən imtina etdiyi futbolçuların siyahısında adı olmayıb".

Tarix: 17 İyul 18:00    Oxunub: 555    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 İyul 2017
25 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.