"Qəbələ" indi transfer bazarında kim(lər)i gözaltı edib?

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarında “Qəbələ” “Yagelloniya”, “Zirə” “Astra” ilə qarşılaşdı. Hər iki rəqib ilk dəfə Azərbaycan klubu ilə üz-üzə gəldi.

 

Avrokuboklarda 1994-cü ildə debüt edən Azərbaycan komandaları bu günədək 122 müxtəlif rəqiblə görüşmüşdü. Cari mövsümədək 119 klubla qarşılaşmışdıq. Ötən oyunlaradək “Mladost”, “Differdanj” və “Fola” bu siyahıya daxil oldu.


İyulun 20-də keçiriləcək cavab oyununa hazırlaşan “Qəbələ” Polşaya yollanıb.  “Qırmızı-qaralar” dünən Varşavada ilk məşqinə çıxıb. Günün ilk yarısında Polşa paytaxtına çatan komanda axşam məşqi ilə kifayətlənib. Səbəb odu ki, Roman Qriqorçuk bura birbaşa Ukraynadan gəlib. Baş məşqçi ilk matçdan sonra Odessaya yollanaraq, 2 gün istirahət edib. 


“Regent” otelində məskunlaşan “qırmızı-qaralar” məşqini “Drukarz” klubunun stadionunda gerçəkləşdirib. Futbolçular toplu  və topsuz təmrinləri icra edib. “Qəbələ” iyulun 17-18-də də Varşavadakı bu arenada hazırlıq keçdikdən sonra oyunun baş tutacağı Belostok şəhərinə yollanacaq. İyulun 20-də baş tutacaq qarşılaşma Belostok şəhər stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


Qriqorçukun bir gözü bu görüşdə, bir gözü yoldadı. Axı təcrübəli mütəxəssis yalnız avrokubokları düşünmür, o, eyni zamanda Premyer Liqada yeni mövsümə ciddi fikir verir. Ukraynalı çalışdırıcı transfer bazarlığının bitmədiyini Bakıdakı mətbuat konfransında da etiraf etmişdi: "İstisna etmirəm ki, növbəti matça qədər yeni oyunçu olacaq. Burda hazırlıq çox önəmlidi. “Yagelloniya” da bura olduqca hazır vəziyyətdə gəlmişdi". 


İlk oyun göstərdi ki, "Qəbələ"nin seleksiya işi təqdirəlayiqdi. Kifayət qədər səviyyəli legionerlər alıblar. Hər yoldan keçəni komandaya götürməyiblər. Namizədləri tək-tək incələyərək, yüz ölçüb bir biçərək müqaviləyə imza atdırıblar. Yenilər "qırmızı-qaralar"ı keçənilkindən xeyli güclü edəcək. Bunu əminliklə söyləmək olar.

 

Sadəcə, onları bir qədər gözləmək lazımdı ki, Azərbaycan şəraitinə uyğunlaşsınlar. Adaptasiya prosesinin hələ başa çatmadığını ilk rəsmi matçda müşahidə elədik. Fərdi ustalıq klası yüksək əcnəbilər köhnə "ansambl" üzvləri ilə anlaşması istənilən səviyyədə deyildi. Gündən-günə, oyundan-oyuna bu çatışmazlıq aradan qalxacaq. 


Son çalışmalar nə yerdədi? Sportinfo.az-ın bu sualına "Qəbələ"nin baş meneceri Zaur Əzizov belə cavab verdi: ""Bizim bu dəqiqə danışdığımız, yaxud transferini planlaşdırdığımız oyunçu yoxdu. Bilmirəm məşqçi nəyi nəzərdə tutub.

 

Bəlkə də komandaya qatılan, lakin hələ hazır olmayanları nəzərdə tutub. İndi yalnız qarşıdakı oyunu fikirləşirik. "Yagelloniya"dan sonra heyətlə bağlı Qriqorçukla danışacağıq. Yeni bir şey olsa, mətbuata məlumat verəcəyik".

 

Tarix: 17 İyul 16:24    Oxunub: 830    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 İyul 2017
25 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.