"Komandamızın çempionatda iştirak edib-etməyəcəyini ayın 23-də biləcəm"

"Komandanı iyulun 20-dən sonra yığacağıq. Xeyr, hazırlıq prosesinə gec başlamırıq. Heç divizionda çıxış edənlərin çoxundan hələ xəbər yoxdu" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Göyəzən"in prezidenti Mehdi Salmanov deyib.


AFFA "Göyəzən" və "Energetik"i də aşağı dəstəyə buraxmaq istəmir. Sözügedən klublar divizionun "əbədi sakini" olduğundan, məlumdu ki, PFL indiyədək onlardan bank zəmanəti istəməyib. Hər ikisi 350 min manatlıq qarantiya sənədi təqdim etmədən qüvvəsini sınayıblar. 


İstər "Göyəzən", istərsə də "Energetik" maliyyə cəhətdən divizionun ən kasıb üzvləridi. Futbolçularına 50-100 manat civarında maaş verən komandaların "qara siyahı"ya düşməsinin səbəbləri, əslində, eynidi - danışılmış oyunlarda iştirak etmələri barədə ciddi şübhələrin olması.


AFFA üçün əsas deyil ki, fakt var, ya yoxdu. "Rəvan"la "Şərurspor"un çempionatdan kənarlaşdırılması fakt əsasında baş verdimi? Xeyr! Hər halda qurum rəsmiləri bu proses zamanı ictimaiyyəti hansısa faktla tanış etmədi, bəyanatda yalnız şübhələrdən söz açıldı.


Əslində, "Göyəzən"in başının üstünü kəsdirən qara buludlar Məmməd Musayevlə bağlıdı. Sözügedən şəxs "Aqrarkredit"in prezidentidi, yəni "İnter"i "İnter Arena"dan çıxaran fiqurant. Qazax təmsilçisi Musayevlə əlaqəli "Turanbank"ın himayəsindədi. Adıçəkilən bank zəmanət sənədi təqdim etməsə, qərblilər yarışdan kənarda qalacaq.


Necə deyərlər, "İnter"lə bağlı yaranmış qalmaqalın zərbəsi "Göyəzən"ə dəyəcək. M.Musayev baza və stadionu "İnter"in yeni rəhbərliyinə, eyni zamanda AFFA-ya güzəştə getmədisə, doğma rayonunun komandasına adekvat münasibətə təəccüblənməlidi. Nə tökərsən aşına, o da çıxar qaşığına. Düzdü, ola bilsin, "Göyəzən" bu gün "Aqrarkredit"in birinci adamının yadına düşmür heç. Maraqlansaydı, ötən 11 ildə klubu dilənçi kökünə salmazdı.


M.Salmanovun bildirdiyinə görə, son yeniliklərdən xəbəri yoxdu: "Mənə nə AFFA-dan, nə də PFL-dən zəng vurub bu barədə söz deyiblər. Bizə nə "priçina" tuta bilərlər? Ancaq pulu deyə bilərlər. 150 mindi, 200 mindi, deyərlər ki, gətir, buqədərlik zəmanət məktubu ver. Əgər desələr, biz də bir şey fikirləşərik.

 

Sponsurumuz "Turanbank"dı, onlarla danışarıq. İyulun 22-23-də bank rəhbərliyi ilə görüşməliyəm. Gələn mövsümlə bağlı bütün məsələləri müzakirə etməliyik. Onların nə planlaşdırğını hələ bilmirəm. Komandanı saxlayıb-saxlamayacaqlarından da xəbərsizəm. Ayın 24-də mənimlə əlaqə saxlayın, sizə dəqiq deyim ki, gələn çempionatda iştirak edəcəyik, ya yox.

 

Bu gün nəsə söz verərəm, sonra olmaz. Gəlin, gözləyək. Qazax futbol rayonudu. Biz də istəyirik ki, "Göyəzən" yaşasın, yaxşı vəziyyətdə olsun. Mən ordan-burdan eşidirəm ki, başqa yerlərdə yaşayan filan-filan qazaxlı iş adamı klubu himayəsinə götürmək istəyir. Ancaq özümüzə gəlib bu haqda söz deyən olmayıb. Fikri olan deyərdi".

Tarix: 17 İyul 15:36    Oxunub: 603    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Sentyabr 2017
20 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.