"Tovuzun elə pullu oğlanları var, "Turan"ı Avropa səviyyəsində klub edər"

Sportinfo.az "Onun uşaqlığı" rubrikasında 11 həftə geridə qaldı. 138 oxucumuz foto müəllifini tapmaq fikrinə düşdü və onlardan 2 nəfər - Ceyhun Abbasov və Niyazi Məmmədov yanılmadı. Müsabiqənin şərtinə görə, mükafat onu ilk tapan şəxsindi.

 

Ceyhun Abbasov "mister x"i birinci müəyyənləşdirib. Bəs kimdi bu "mister x"? Tanış olun: millinin hücumçusu, ölkəmizdə "Şəmkir", "Turan", "Qarabağ", "Qəbələ" və "Karvan" kimi iddialı klubların şərəfini qorumuş Kənan Kərimov.


C.Abbasov Sportinfo.az-ın daimi oxucusudu. 30 yaşlı tovuzlu futbolsevər vaxtilə "Turan"ın aşağı yaş qruplarında top qovub, ölkə çapında müxtəlif turnirlərin qalibi olub: "İndiki işim elədi ki, səhər 9-dan axşam 6-yadək mətbuatı oxuyuram. Ən çox da idman saytlarını.

 

Sportinfo.az gün ərzində bir neçə dəfə baxdığım saytlardan biridi. "Onun uşaqlığı" mənə ötən günləri xatırlatdı. Keçən dəfə Vurğun Hüseynovun şəklini gördüm, o günlər yadıma düşdüm, çox kövrəldim. Mən Vurğunla bir yerdə oynamışam. Onda komanda olaraq şəkil çəkdirmişdik, necə sevinirdik. Bu rubrika keçmiş və indiki futbolçuları ictimaiyyətlə yaxından tanış edir. Adamı bir anlıq ötən günlərə qaytarır.

 

O şəklin Vurğuna məxsus olduğunu yazmışdım, ancaq məndən də qabaq tapan olmuşdu. Kənan Kərimovu çoxdan tanıyıram. Hələ "Turan"a gəlməmişdən qabaq. Üz cizgilərindən bildim ki, bu, Kənandan başqası ola bilməz. Ona görə də əmin idim ki, qalib gələcəm. Kənan "Kuran"da keçirdiyi oyunlar, vurduğu qollar indi də gözümün qabağındadı. Belə futbolçunu unutmaqmı olar?

 

Vaxtilə mən də "Turan"ın məktəbinə getmişəm, aşağı yaş qruplarında oynamışam. Həqiqi hərbi xidməti Beyləqanda - "Qara Bəbir"də çəkmişəm. Orda başıma müəyyən işlər gəldi, futbolu isə əsgərlikdən gələndən sonra atdım. Mənimlə oynayan uşaqların bir çoxu futbolu atıb, başqa sahələrə gedib. 

 

Mənə o pis təsir edir ki, mətbuat "Turan"a çox diqqət göstərmir. Bu klub haqda məlumatlara, araşdırma yazılarına çox az-az rast gəlirəm. Axı "Turan"ı Azərbaycanı Avropada təmsil edən ilk klubdu.

 

Bu gün Tovuzun 16-17 futbolçusu başqa klublarda oynayır. Təkcə 3 nəfəri "Sumqayıt"dadı. Biz onlara görə "Sumqayıt"a azarkeşlik edirik. Bir də "Qarabağ"a. Özüm çalışıram ki, avrokuboklarda "Qarabağ"ın yanında olum. "Samtredia" ilə oyunu da canlı izlədim.

 

Elvin Məmmədov, Cavid Tağıyev və başqa qardaşlarımız niyə "Turan"da oynamasın? Tovuzun imkanlı şəxsləri, vəzifəli adamları çoxdu. Onlar istəsə, "Turan" bu gün Çempionlar Liqasında "Qarabağ"ın yerinə oynayar. Tovuzun elə pullu oğlanları var, Avropa səviyyəsində klub edər "Turan"ı. Yenə Nadir Nəbiyev sağ olsun, "Turan"a qayıdandan sonra uşaq futboluna fikir verir, çalışır ki, onlar yetişsin.

 

Biz "Turan"ı yenidən Premyer Liqada görmək istəyir. Tovuzsuz çempionat olmaz. 2005-ci ildə məni elə iyrəndirdilər ki… Eltay Süleymanov kimi istedadlı uşaqların çoxu batdı. "Turan"ın günləri olub, böyük futbolçuları olub. İndi məşqçi işləyənlərin çoxu o klubun formasını geyinim.

 

Mən uşaq idim, ağsaqqallar danışırdılar ki, Qurban Qurbanovla qardaşı Musa Qurbanov "Turan"də necə gözəl futbol oynayıb. Onda kotanı Qurban Qurbanova qoşublarmış, ayaqlarına güc yığsın deyə. Yəni onlarda belə həvəs, futbola böyük maraq olub. Rayonda istedadlı uşaqlar çoxdu, "Turan"a yaxşı baxsalar, 1-2 ilə Avropaya çıxıb, hamıdan yaxşı nəticə qazanar".

Tarix: 17 İyul 13:24    Oxunub: 722    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 İyul 2017
25 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.