“Parnik ”dən Avropaya çıxan futbolumuz... “Made in Azərbaijcan”

Azərbaycan klublarıının Avroliqanın ilk mərhələsindəki oyunları azarkeşləri sevindirdi. Dünənədək elə ölkəmizdə yalnız pomidoru ilə tanınan “Zirə”nin Lüksemburqun “Differdanj” klubuna hər iki oyunda qalib gəlməsi (2:0, 1:2) xüsusi qeyd edilməlidir. “Zirə”nin rəqibi çox gənc klub idi, yaranma tarixi 2013-cü ildi.

 

Söhbət ondan gedir ki, nə qədər sadəlövh səslənsə də, bizim “zirəlilər” dünyanın ən lüks ölkəsinin klubuna qalib gəldilər. Demək, təkcə papaq altında deyil, elə “parnik altında” da yaxşı oyunçular var, gərəkdi ki, üzə çıxarasan, futbol oynamaq üçün şərait yaradasan. Daha o rəvayətlər keçdi ki, məhəllədə top qova-qova Pelə kimi futbolçu olar. Çünki daha məhəllələrdə heç top oynamağa yer qalmayıb. Uşaqların isə topdan da maraqlı əyləncələri var: telefon, internet və sairə...
 
“İnter”in də “Miladost” ilə hər iki oyunda qapısını toxunulmaz edərək 5 top fərqi ilə növbəti mərhələyə keçməsi futbolumuz adına uğurdu. “Milodost”un adına baxmayın, bu serblər bizi Yuqoslaviya dağılandan, müsəlmanlar ayrılandan sonra heç dost gözündə görmür. Serbləri elə Rusiyanın özündə “radikal ruslar” adlandırırlar.

 

Birinci oyunda rus hakim Aleksandr Matyuninlə birləşib nəsə etmək istədilər, amma alınmadı. Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevdən sonra dağılmaq təhlükəsi ilə üzləşən “İnter”in yenidən ayaqda qalması şübhəsiz ki, AFFA rəhbərliyinin xidmətidi. Elə Bakıda vurulan qollara da onlardan çox sevinən yox idi...

 

Klub böyük bir ailə kimidi, dağılmasından sonra yenə toparlanması çətin, hərdən mümkünsüz olur. Bu, sayından asılı olmayaraq azarkeşlər üçün də ciddi psixoloji travmadı. Ölkə çempionatında “İnter”in oyun sistemindən çoxumuz xəbərsiz olmuşuq, amma belə görünür ki, Zaur Svanidze klubda komanda oyunu, nizam-intizam yaradıb. Növbəti rəqib Lüksemburqun daha bir klubu-"Fola"dı. “İnter” belə oynarsa, “Fola”nı bəlkə də fora ilə də keçmək olar..*

 

Azərbaycanı dünyada neftinə görə tanıyırdılar, sonra Qarabağ müsibəti gəldi. Sonra gözəlim “Qarabağ”. Bir həqiqəti bəribaşdan deyək ki, dünya Qarabağa görə hələ də bizimlə hesablaşmır, amma “Qarabağ” ilə dünyanın ən adlı-sanlı ölkəsinin komandaları artıq hesablaşmaq zorundadılar...

 

İki transfer gerçəkləşdirən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mediaya geniş müsahibəsindən belə güman etmək olar ki, rəqibi iki oyunun nəticələrinə görə necə üstələmək planı var. Sadəcə, bu məşqçinin xarakterində arxayınlıq yoxdur, ona görə müsahibələrini oxuyanda heç rahatlaşmırsan, əksinə, narahat olursan.

 

Yəni Qurban qardaşımız azarkeşə də arxayınçılıq və dinclik vermir. Bir polşalı (Yakub Jezniçak), bir də yarım polşalı (Qanadan olan transfer Vild Donald Qeyre son üç ildə Polşanın “Visla”klubunda oynayıb) “Qarabağ”a transfer olunub və ümid edək ki, baş məşqçi bu oyunçuların klub üçün yararlı olması üçün hər şeyi edəcək. Bu gün “Qarabağ”ın hansı hazırlıq səviyyəsində olduğunu irəlidə görəcəyik, inşallah, Çempionlar Liqasının startında büdrəməz...


Azərbaycan Avropada ən azsaylı klub çempionatı olan ölkələrdəndi. Bunun mənfi tərəflərini indi xüsusi təhlil etməyin yeri yoxdu. Ona qalsa, müstəqillikdən bəri heç sinəmizə döyəcək milli komandamız hələ yoxdu. Almaniyanın gəncləri Rusiyada Konfederasiya Kubokunu aldı. Ölkənin futbol ənənəsi, məktəbi, futbola bağlılığı var axı... Almanlar faşizm adlı qara ləkəni üzərlərindən müharibədən sonrakı yeni model “Mercedes” ləri ilə deyil, məncə, futbolla...təmizlədilər. Çünki hamı alman maşını sürmək imkanında deyil, amma Almaniyanın azarkeşi olmamaq mümkümü?

 

Milli komanda brenddi, bunu da gərək dünya arenasına çıxardığın ixrac məhsulu kimi yanaşasan, keyfiyyətinə daima nəzarət edəsən ki, “Made in Azərbaijcan” ola bilsin. Yoxsa elə iki-üç futbolçunun şəxsi ustalığı ilə arzulanan uğura imza atmaq mümkün deyil... Naşükürlük də pis xislətdi.

 

Ermənistan və Gürcüstanla müqayisədə dünya çempionatının seçmə mərhələsində daha yaxşı oyun göstəririk. Gələcəkdə daha sanballı ölkələrin milli komandaları ilə də müqayisə olunmağa şansımız və potensialımız var. Bunun üçün klub komandalarının səviyyəsinin qaldırmaq, oynaya bilən yerli futbolçulara şərait yaratmaq, stimul vermək lazımdı.
 
Əslində çox klub yaradıb, Avropaya iki-üç fərqli komanda çıxarmamaq ayıb olan işdi. Ruslar demiş, “koliçestivo, ne koçestivo”. 10 milyonluq əhali, 65-dən çox rayonu olan ölkə üçün 8 klub komandası əlbəttə ki, futbolun inkişafı baxımından bəlkə də yaxşı perspektiv vəd etmir. Amma olanımız budursa, olanları qorumaq, onların inkişafında maraqlı olmalıyıq. Ümumiyyətlə, əgər gələcəkdə ölkənin, məsələn, 9 vilayətdə birləşməsi zərurəti yaranarsa, elə hər vilayətin öz birləşmiş klubunın olması daha yaxşı olardı.


Türkiyədə az qala hər şəhərin-kəndin bir komandası olmasında da, zənnimizcə, təriflənəsi heç nə yoxdur, 78 milyonluq ölkə sanki futbolla nəfəs alır. Az qala hər oyunda sokaklar tərəfdarlar arasında söyüş və döyüş meydanına çevrilir, hakimlər döyülür, oyunçuların ağız-burnu əzilir. Sanki ölkə bütün problemlərinin unudub gündəlik həyatında futbola köklənir. Amma di gəl ki, son illər nə adlı-sanlı klubları, nə də milli komanda uğurlu çıxış edə bilmir. Qardaşımız olan ölkə üçün futbol çoxdan biznesdir, liqalarda, klublarda milyardlar dövr edir.Yeri gəlmişkən, yuxarıda qeyd etməyi unutduq, 

 

Azərbaycanda isə futbol bəzi iş adamları, biznesmenlər üçün hələ ki bir az vətənpərvərlik duyğusundan, bir az əyləncədən o tərəfə keçməyib ki, əlbəttə, bunun da obyektiv səbəbləri çoxdur. Futbola dəstək verən iş adamlarına dünyanı bürüyən krizisə baxmayaraq, təşəkkür düşür. Amma onu da etiraf edək ki, indi hansısa bir uğurlu biznesmen gəlib doğuldu bir əyalətin komandasına yiyəlik etmək istəsə, əvvəl ona güləcəklər, sonra dost-aşna “ağlını başına yığ deyəcək”, o da təsir etməsə, media “bu paranı necə qazanıb” kimi suallarla onu peşman edəcək.

 

Yəni Azərbaycanda futbolun leqal biznes olmasına hələ var: bunun üçün əvvəl ölkənin biznes mühiti tam liberallaşmalı, iş adamları o qədər rahat para qazanmalıdır ki, xaricdə əmlak alıb əlində saxlamağa deyil, xaricdən iki futbolçu alıb hansısa kluba qatmağa həvəs göstərsin. “Zirə”nin ikinci rəqibi “Astra”nın sahibi Yoan Nikulaedinin 1,2 milyarda sərvəti olduğu deyilir.

 

“İnterAgro Gruop”un sahibi 2009-cu ildə Rumıniyanın üçüncü liqasında oynayan klubu indi Avroliqanın qrup mərhələsinə keçirməyə iddialıdır. Ad çəkməyəcəyik, bir neçə il əvvəl bir əyalət komandasının məşqçi aylıq yardım üçün həmin rayonun çox imkanlı icra başçısına ağız açmalı olub. İcra başçısı məşqçini alayarımçıq dinləyən kimi heç düşünmədən(bəlkə də məşqçi qəbul otağında gözləyəndə düşünüb) “mənim sizə ancaq top almağa imkanım çatır” deyib...

 

Bu ağrılı və uzun-uzadı müzakirə ediləcək mövzunu daha çözələməmək və nöqtələmək üçün onu da yazaq: futbol, yalanı yoxdur, həm də azarkeşlik məsələsidir, bir az qan da olmalıdır ki, əlindəki külli miqdarda paranı qoyun-quzu sürülərinə, daş-divara deyil, “uf” demədən futbola da xərcləyə biləsən... 

 

Avroliqadakı və çempion “Qarabağ”ımıza uğurlar. Sizinlə fəxr edirik!

 

Nazim SABİROĞLU

Tarix: 17 İyul 12:36    Oxunub: 857    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 İyul 2017
25 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.