"Qalatasaray"ın Bakıya gəlməsini niyə istəmirəm?

"Qalatasaray"ın Bakıya gəlməsini istəmirəm. Ona görə yox ki, türk futbolunu, türk klublarını sevmirəm, onlara qarşı heç bir simpatiyam yoxdur və heç birinə də azarkeşlik etmirəm. Səbəb başqadı.

 

Əslində bu mövzuda əvvəllər də yazanda görürdüm ki, bir çox dost-tanış inciyir, müəyyən fikirlərim onların xətrinə dəyir. Çünki məndən fərqli dost-tanış arasında qatı türk futbolunun fanatı olanlar var. Onların xətrinə dəyməmək üçün çox vaxt bu mövzuda yazmıram. Niyə "Qalatasaray"ın Bakıya gəlməsini istəmirəm?


Püşk atılandan baxıram ki, çoxu bu haqda yazır və ən acınacaqlısı da odur ki, bir çox azərbaycanlı stadiona gedib "İnter"i yox, məhz "Qalatasaray"ı dəstəkləyəcəyini deyir. Mənim üçün utancvericidi. Sənin ölkənin komandası bu cür ağır şərtlər altında bu cür vacib oyuna çıxır və sən stadiona gedib rəqibi dəstəkləyirsən.


Bir anlıq təsəvvür edirəm, "Qalatasaray" qol vurur və bütün stadion "qoooooooooool" deyə hayqırır və ayağa qalxıb rəqibin qolunu bayra edir. Oyundan sonra da fb-u açırsan azərbaycanlılar sarı-qırmızı rəngə boyanmış bayram statusları paylaşırlar.


Yaxud əksinə, bir anlıq təsəvvür edirəm, "İnter qol vurur və bütün stadiona dərin sükut çökür, bütün stadion başını tutur. Oyundan sonra da fb-u açırsan ki, azərbaycanlılar matəm dolu statuslar yazıb ya Tüdoru söyürlər ya da qol epizodunu qaçıran hansısa "Qalatasaray"lını.


Daha bir üzücü məqam. Azərbaycanlı olan "Fənərbağça" və "Beşiktaş" azarkeşləri stadiona gedib "Qalatasaray"ın acığına "İnter"ə azarkeşlik edəcəklərini deyir. Təsəvvür edin, "İnter"ə Azərbaycan klubu olduğuna görə yox, "Qalatasaray"la oynadığına görə azarkeşlik edəcəklər.


Bütün bu sadalananlar bir azərbaycanlı kimi mənə görə utancvericidir və həzm etmək mümkün olan şey deyil. Ya gərək 2 gün fb-u bağlayım bura girməyim, ya da gərək yenə kimlərləsə qırğına çıxım, dost-tanışla üz-göz olum, kimisə dostluqdan silim, ya kimsə məni dostluqdan silsin. Bax bunların baş verməməsi üçün də "Qalatasaray"ın Bakıya gəlməsini istəmirəm.

 

Mən özüm 1997-dən "Borussiya" azarkeşiyəm. Amma "Qəbələ" Bakıda "Borussiya" ilə oyunda epizodları qaçırdanda az qala"Bakcell Arena"nın stolunu sındırmışdım. Dortmundda sekundamer qoşmuşdum ki, bircə vaxt tez gedə evə xalla qayıdaq.

 

İkincisi, "İnter" Azərbaycanda mənim də sevmədiyim klub olub. Elə sən deyən idarəçiliyə görə. Amma hər necə olsa da qazanılan xal Azərbaycanın aktivinə yazılacaq. Həm "İnter"in heyətinin 90 faizi azərbaycanlı futbolçudur. Bir sözlə, əcnəbi kluba azarkeşliyin sərhəddi Azərbaycan klubu ilə oyuna qədər olmalıdı.

 

"İnter"in yerində başqa klubumuz olsaydı yenə eyni mənzərə olacaqdı. Elə "Xəzər Lənkəran"la oyunda "Fənərbağça"nın qələbəsinə sevinən azərbaycanlıların da sayı az deyildi 

 

Problem odu ki, əvvəl deyirdik, klublarımız çox zəifdir, çatan 4-5 dənə vurur filan. İndi "Qarabağ" ən azı son illər Avropada "Qalatasaray"dan geri qalmır. Amma yenə dəyişən heç nə yoxdur. Başa düşürəm, türk futboluna sevgi hədsizdi. Amma Azərbaycan klubuna qarşı oyunda bu sevgi önə keçməməlidi axı.

 

Sən azərbaycanlı ola-ola ürəyin nəyə görə "Qalatasaray"a görə dayanmalıdır onu mənə izah edə bilərsən?

 

Anar Xanlarov

Tarix: 16 İyul 14:33    Oxunub: 825    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Noyabr 2017
19 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.