Yeni klubun patronu: "Ağlın varsa, işini yaxşı qurmusansa, qazanacaqsan"

Növbəti mövsümdən etibarən futbolsevərlər birinci divizionda yeni ad görəcəklər. Əslində hər il olduğu kimi bu dəfə də birinci divizionla bağlı müxtəlif söz-söhbətlər gəzir. Bir sıra komanda adları çəkilir. Amma indi haqqında danışacağımız klubun rəhbərliyinin fikri ciddidi.
 
Söhbət "Qəbələ" - "Yagelloniya" matçından sonra jurnalistələrə açıqlama verən PFL prezidenti Ramin Musayevin də bəhs etdiyi, Azərbaycanın tarixi bölgəsi, sonradan Ermənistan ərazisinə birləşdirilmiş Göyçə mahalının adını daşıyan "Göyçə"dən gedir.
 
 
Əslində bu klubun futbolumuzda yeni olduğunu deyə bilmərik. Hələ 2000-ci illərdə yaranmış klub, birinci divizionda çıxış edirdi. Hətta güclülər dəstəsinə çıxmaq şansı da qazanmışdı. Sonradan bir sıra problemlər üzündən, hansı ki, səbəbini biləcəksiz, imtina edərək fəaliyyətini dayandırdı. Ancaq bu dəfə rəhbərliyin qərarı qətidi.
 
Rəhbərlik demişkən klubun həm, prezidenti, həm sponsoru, həm direktoru və sair Mübariz Məmmədovdu. Şirkət sahibi, eyni zamanda hüquqşünas olan Mübariz bəy 12-13 il əvvəl rəhbərliyi altında saxladığı klubu yenidən bərpa etmək qərarına gəlib. Özü də ovaxtkından daha yüksək səviyyədə.  
 
Bu üzdən onunla söhbətləşməyi lazım bildik. "Elmlər Akademiyası"nda hələ yarımçıq, tam inşa olunmamış bir binanın ən alt qatında yerləşən ofisində bizi xoş qarşılayan Mübariz bəy suallarımızı da məmnuniyyətlə cavabladı. Açığı səmimi insan təsiri bağışladı. Təxminən 46 dəqiqəlik söhbətdə sullara cavab verməklə yanaşı, bizi bir sıra faktlarla da tanış etdi. Ən yaxşısı, klubun yaranma tarixi və özü ilə bağlı məlumatlarla başlayan söhbətin sonra haralara gedib çıxdığına özünüz şahidlik edin (sport7.az).
 
"Məşqçinin məsuliyyətsizliyi nəticəsində komanda səhv etmirəmsə 3, ya da 4-cü yeri tutdu"
 
"Klub 2000-ci ildə təsis olunub. Bu il 15 illiyidi. 2004-2005-ci illərdə birinci divizionda çıxış edib. Özümə gəlincə, futbola uşaqlıqdan həvəsim var. Özüm də oynayan olmuşam. Ancaq Sovet rejimi elə idi ki, hər istedad üzə çıxmırdı. Bir qədər qapalı dövlət idi. Amma həvəs irsi gəlir. Buna baxmayaraq 2002-ci ildə Gənclər və İdman Nazirliyinin razılığı əsasında "Göyçə" Peşəkar Futbol Klubu qeydiyyata alındı. Uşaq futbolundan başladıq. 2004-2005-ci illərdə artıq birinci dəstədə çıxış edirdik. Nəticələr pis deyildi. AFFA-da statistika olar. Yekunda məşqçinin məsuliyyətsizliyi nəticəsində komanda səhv etmirəmsə 3, ya da 4-cü yeri tutdu. Sonradan AFFA bizi yüksək dəstədə oynamağa dəvət etdi. Ovaxtkı məktublar hələ də qalır. Oturduq düşündük, məşqçinin olmaması və başqa problemlərin ortaya çıxması nəticəsində imtina etdik. Amma bu ildən son qərarımız birinci divizionda çıxış etməkdi. Məqsədimiz elə ilk mövsümdəcə premyer-liqaya vəsiqə qazanmaq və gözəl nəticə əldə etməkdi. Sağ olsunlar, bəzi idmançılarımız Azərbaycan bayrağını ucaldıblar. Ölkədə digər idman növləri inkişaf edib, yalnız futboldan başqa. Arzumuz budu ki, biz də daxil olmaqla hər bir komanda Azərbaycan bayrağını qaldırsın. Bu hamımızın arzusudu.
 
Klub haranı təmsil edəcək?
 
- Bakını təmsil edəcək. Burda təsis olunub.
 
- Belə anladım ki, ənənəsi olub...
 
- Əlbəttə, klubumuzun ənənəsi var.
 
"Bir də baxdım ki, Novruz Məmmədov "İnter"in adından "Muğan"a transfer olunub"
 
- Hansı futbolçuları yetişdirmisiz ki, hazırda Azərbaycan səviyyəsində tanınır?
 
- Amit Quluzadənin bu gün notarial qaydada təsdiq olunmuş müqaviləsi var. Amit, Novruz Məmmədov "Göyçə"nin yetirməsidi. 
 
- Axı onlar başqa klubların yetirməsi kimi tanınıb...
 
- Bəli, indi baxın nə deyirəm. Adını çəkmək istəmirəm, o vaxt baş məşqçi "İnter"də İcraçı Direktor idi. Xəbərim yox idi, bir də baxdım ki, Novruz Məmmədov "İnter"in adından "Muğan"a (hazırda fəaliyyətini dayandırmış "Rəvan" nəzərdə tutulur - red.) transfer olunub. Axı bu "Göyçə"nin yetirməsidi. Həmin vaxt mübahisəni məhkəmə səviyyəsinə qaldırmaq istəyirdim. Amma gördüm ki, uşağın gələcəyi puç olacaq. Komandalar ondan imtina edirdi. Fəaliyyətimizi dayandırmışdıq deyə, uşağın gələcəyini fikirləşib səsimi çıxarmadım. İndi Novruz Məmmədov deyə bilməz ki, mən "Bakı"nın, yaxud "İnter"in yetirməsiyəm. O cümlədən Amit Quluzadə. Amit o vaxt İtaliyaya uşaq futbol məktəbinə "Göyçə"nin adından getmişdi. Məndə müqavilələr çoxdu. Notarial qaydada uşaqları qəbul edirdik. Valideynlərlə FİFA-nın və AFFA-nın nizamnaməsinə əsasən müqavilə bağlayırdıq. Bu gün də o müqavilələr qalır. Sadəcə, onların gələcəyinini düşünərək dinmədim. Halbuki bu gün də sübut edərəm ki, həmin uşaqları mən yetişdirmişəm. Nə qədər xərc çəkmişəm. Halalları, təki gələcəkləri yaxşı olsun. Onlar da azərbaycanlıdı. Amit xarici ölkələrə gedib-gəldi. Amma Novruz "Kəpəz"dədi. İstedadlı uşaq idi, sonradan passivləşdi. Bunlardan əlavə Maksim Medvedevlə Rauf Əliyevin adını çəkə bilərəm. Daim bizimlə məşq edirdilər. O vaxt bizdə məşqçi işləyən Bəhmən Həsənovun əlinin altında yetişib hamısı. Raufla Maksim qonşu idi. Maksim həmişə məsuliyyətli futbolçu olub. Rauf da gözəl insan idi. Onun qardaşı Ramil Əliyev də futbol oynayırdı. İndi harda olduğunu bilmirəm. Hücumameyilli, prisipial uşaq idi. İndi onları görüb sevinirəm. "Göyçə" olmasa da Azərbaycanın adından çıxış edir. Ancaq fakt faktlığında qalır. Özü də Amitin anası mənimlə müqavilə bağlamışdı. O vaxt dövlət işində çalışırdım, direktor idim. Maşın ayırdım, Amiti məşqdən idarəyə gətirdim. Özü ilə anasını yola saldım. Dindar və gözəl qadındı. Birlikdə getdilər notariusda müqavilə bağladılar. Novruz da onun kimi. Nicat vardı sonradan oynamadı. Elmin arxasınca getdi. Həmişə uşaqlara deyirdim ki, iki sahədən birini seçin. Ya elm arxasına düşün alim, ya da ki, peşəkar idmançı olun. İkisi birlikdə düz gəlmir, alınmır. İstedadlı uşaqlar çox idi. Təəssüflər olsun ki, bəziləri sıradan çıxdı. O vaxt klubun adından xeyli sayda və müxtəlif formada təqvimlər hazırladıq və İsmayıllıdan tutmuş digər bölgələrə payladıq. Üzərində də uşaqların şəkilləri vardı. Sonra Səməd də vardı. Bir müddət "Rəvan"da oynadı. İstedadlı amma tənbəl, həm də "20-ci sahə"də yerləşən stadionun rəhbərinin bacısı oğlu idi. Yetirmələrimizin çoxu futbolu buraxdı. Onlardan Amit, Maksim, Novruz, Rauf  qaldı. O vaxt həmin stadionda məşq keçdiyimiz üçün, Maksimlə Novruzu "Qaradağ"ın adına çıxdılar. Sonradan "Qarabağ"a getdilər və çox şükür ki, indi yaxşı çıxış edirlər. Onlara bundan da artıq uğurlar arzulayıram. İndi qərarımız qətidi. Ramin Musayev də klubumuz haqda danışmışdı. Klubun adın "Göyçay" kimi təqdim etmişdilər. Bilirsiz bəzən gülürəm. Tarixi bilməyənlər var. Göyçə Azərbaycan torpağıdı. Sonradan Rusiya İmperiyası o bölgəni Ermənistana verdi. O vaxta qədər Göyçə mahalı Qazax qəzasının Gəncə quberniyasına məxsus idi. İndi rayonda kiminsə şikayətinə baxmayanda Bakıya gəlir. Sovetin dövründə isə Moskvaya gedirdik. Yəni o vaxt hüquqları pozulan şəxslər Qazaxa müraciət edirdi, ordan göndərirdilər Gəncə quberniyasına. Göyçə Azərbaycanın ayrılmaz hissəsi olub. Muharibədən əvvəl hamı qalxdı ayağa ki, erməniləri öldürün, onlar qırılmalıdı. Göyçə Azərbaycana məxsusdu. Sonradan bir erməni qalmadı, hamısı çıxdı getdi. Bölgənin yiyəsi olmadı. Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. O vaxt Azərbaycanın başında olsaydı, müharibə Göyçə mahalında gedərdi, "Qarabağ"da deyil. Sahib çıxan olmadı Göyçəyə. Bu gün Azərbaycanda olan sakitçilik harda var? 2 yaşlı körpənin öldürülməsi hər birimizin ürəyini ağrıtdı. İndi görün bu nə deməkdi? Avropa deyirik. Hansı ki, nə qədər terror olur. Amma burda güc strukturlarının fəaliyyəti nəticəsində sakitçilik hökm sürür. Kadr siyasətin də həyata keçirən, idman sahəsində şərait yaradan cənab prezidentdi. Bir də ki, təklikdə hər yerdə qələbəmiz var. Niyə kollektiv oyunlarda da olmur? Onu da yaratmaq lazımdı. İnsan qarşısına hansı məqsədi qoyursa gec-tez ona çatır. O vaxt həm də fəaliyyətimizi davam etdirmək üçün sponsor olmadı. İndi isə ehtiyac yoxdu, istəmirəm. 
 
- Klubun sponsoru kim olacaq və hardan maliyyələşəcək?
 
- Bir sahibkar kimi özüm olacam. 
 
- Yəqin ki, şirkət sahibisiz.
 
- Bəli, şirkətim var, həm də hüquqşünasam. Hüquq şirkətinin direktoruyam. İnsan hüquqlarının müdafiəsi ilə məşğulam. Bundan başqa istehsalımız, tikintimiz var. Başqa heç nəyə ehtiyacımız yoxdu.
 
"Narın kiloqramın 30 dollara danışmışdım, hətta təyyarə də təşkil etmişdim"
 
- Klub saxlamaq üçün kifayət qədər imkanınız var?
 
- Bəli, qeyri-mümkün olardısa, bu işə niyə girişirdik? Heç başlamazdıq. Allahın köməyi ilə yaxşı olacaq. Bir də ki, əsas məqsədimiz uşaq futbolunu inkişaf etdirməkdi. Bürokratik əngəllər insanı həvəsdən salır. O vaxt təqvimləri bütün məktəblərə göndərdim və istedadlı uşaqları kluba dəvət etdim. Futbol akademiyası indi yeni-yeni təsis olunur. Amma biz o vaxt, yəni 2002-ci ildə akademiya yaratmaq istəyirdik. Hər yerə, hətta rayonlara da müraciət etdim ki, torpaq sahəsi ayrılsın. Layihələrimiz vardı. Həm akademiya tikəcəkdik, həm də uşaqlar təhsillərini alacaqdı. Üstəlik onları aparıb-gətirmək üçün maşın da ayrılacaqdı. Səhər futbol oynayıb, axşam dərsləri ilə məşğul olacaqdılar. Yəni onları təhsildən ayırmaq fikrimiz yox idi. Yemək-içməklə də təmin olunmalı idilər. Təəssüfki, imkan vermədilər. Baxmayaraq ki, bir neçə nazirliyə müraciət etmişdik. Yalnız bir nazir nəzarəntində olduğunu demişdi. Sonradan ondan da səs çıxmadı. Bundan sonra şəxsən qərara gəldim ki, yəqin bunlar qorxur.
 
- Hər halda ya qorxurdular, ya da maraqları yox idi...
 
- Sonra da öz-özümə dedim ki, onsuz da pul mənim cibimdən çıxır. Başqasını da öz övladım kimi sevirəm. Müharibə iştirakçısı kimi, vətənimizi, analarımızı, bacılarımızı, övladlarımızı qorumalıyıq. Yoxsa cəmiyyət ola bilməz. Bəzi insanlar var ki, maddi marağı ümumi maraqdan üstün tutur. Ona lazım deyilsə, mən də çəkilirəm kənara. Axı bunu mən edirəm. Başa düşmürsə, maneə törədirsə nəyimə lazımdı? Bir neçə dəfə prezidentə müraciət etdim. 1000 hektar torpaq istəyirdim. Yaponiya ilə müqaviləm vardı. Narın kiloqramın 30 dollara danışmışdım, hətta təyyarə də təşkil etmişdim. Təəssüflər olsun ki, heç kim maraq göstərmədi. İlk növbədə İqtisadiyyat, Kənd Təsərrüfatı Naziri gündə məni aldatdılar. Bu gün, sabah deyə-deyə illər keçdi. Bu il əkdiyim ağaclar 2-3 ildən sonra bar verə bilərdi. Üzümçülük və narçılıq inkişaf edərdi. 1 il niyə geri düşməliyəm? Bu müddətdə məhsul əldə edərdim, dövlət büdcəsinə də xeyrim dəyərdi. İş yerləri açılardı, insanlar ailələrini dolandırardı. Gördüm heç kimə lazım deyil, çəkildim kənara. Heyif prezidentdən ki, ətrafındakı şəxslər onun etimadını doğrultmur. İndi bu bizdən uzaqdı. Uşaq futbolunu düşünürük. 
 
"Bakı" futbol klubunun  bazasına köçməliyik"
 
- Klubun bazası hara olacaq? Ev oyunlarını keçirmək üçün stadion var?
 
- Danışıqlarımız gedirdi, demək olar başa çatıb. Ayın 20-dən məşqlərə start verməyi düşünürük. Sumqayıt şossesinin kənarında yerləşən "Bakı" futbol klubunun  bazasına köçməliyik.
 
- Oranı özəlləşdirəcəksiz?
 
- Xeyr, icarə əsasında yerləşəcəyik. Gələcəkdə də kim bizə torpaq versə öz stadionumuzun inşasına başlayacağıq. Belə planımız var. Hətta rayonlara da gedə bilərik, mənim üçün fərqi yoxdu. Ora da Azərbaycandı. Hamı Bakıya yığışsa daha nə oldu? Hərdən deyirəm ki, bir az da yaşlaşandan sonra Bakıda qalmayacam. Allahın bəxş elədiyi ömrün qalanını rayonlarda yaşayacam. İnsan yaşlaşdıqca torpağa yaxınlaşır. Bəlkə də istəyimin səbəbi budu. Son mənzilimiz torpaqdı.
 
- Komanda hazırdımı, futbolçu toplaya bilmisizmi?
 
- Demək olar hazırdı. Planımızda bir neçə əcnəbi futbolçu gətirmək də var, artıq danışıqlar gedir. Məqsədimiz premyer-liqadısa, bunu etməliyik. "Yuventus" birinci dəstəyə düşdü, sonradan qayıtdı. Qapıçı Buffon həmin vaxt bəzi futbolçulardan fərqli, komandada qaldı. İndi bu gün də "Yuventus" üçün böyük futbolçudu. İnsan maddiyyat deyil, məqsəd dalınca qaçmalıdı. Məqsədə nail olandan sonra maddiyyat özü gələcək. Bunu qurmayıbsansa, niyə maddiyyat axtarırsan? Ağacda bar varsa istədiyimə nail olacam. Əkməliyəm, bunun üçün zaman, əziyyət, xərc lazımdı. Bir də ki,cəmiyyətdə bəzi gənclərin anlayışı fərqlidi, əziyyət çəkmək istəmirlər. Kimisə işə gətirirsən, bir azdan deyir ki, əziyyət çəkmişəm ortaq olmalıyam. Sən kimsən axı? Şükür elə ki, iş yerin var, pul qazanıb ailəni dolandırırsan. Hamı bunu anlamır, birbaşa milyoçu olmaq istəyir. General olmaq istəməyən əsgər, əsgər deyil. Arzular yaxşıdı, amma milyonu əldə etmək üçün işləmək, az yatmaq lazımdı. Milyonçu 8 saat yatmır. 
 
- Baş məşqçi təyin etmisiz?
 
- Hələ bu haqda fikirləşirik. Amma fakt bu gün baş məşqçi Bəhmən Həsənovdu. Gələcəkdə ola bilər başqasını axtararıq. Başqa namizədlər də var, amma açıqlama vermək istəmirəm. Bəhmən müəllimlə danışıqlar gedir, istərdim ki, komandanı o çalışdırsın.
 
"Limitin olması həm yaxşıdı, həm də pis"
 
- Dediz Avropadan oyunçu gətirəcəksiz. Birinci divizionda limiti nəzərə almısız?
 
- Limit var. Əslində bunun olması, həm yaxşıdı həm də pis. Nəticə üçün limit olmamalıdı, inkişaf məqsədi varsa da əksinə. Hər iki sahə bir-birinə ziddiyyət təşkil edir. Futbolçu yoxdusa nəticə əldə edə bilməyəcəyik. Amma limit gəncləri yetişdiməyə məcbur edir. Bunun üçün də neçə illər lazımdı. Gənclərə ümid edirsənsə, nəticə gec olacaq. 
 
- Divizionda bəzi klubların, məsələn "Ağsu"nu göstərək, məqsədi ancaq uşaq futbolua diqqət ayırmaqdı. Hətta çempion olsalar belə premyer-liqada iştirak etmək istəmədilər. Amma sizdə nəticə daha önəmli olacaq deyəsən?
 
- Nəticə önəmli olacaq, amma gəncləri də yetişdirəcəyik. Baza olmalıdı. Bəzən baxırsan ki, əksəriyyət iqtisadi sahəni düşünmür. Sahibkarlar başqa sahəni seçir. Braziliyada prezident seçkilərinə Pele də namizədliyini vermişdi. Platformasında isə ölkə iqtisadiyyatını futbolçu yetişdirib satmağın hesabına yüksəldilməsini vurğulamışdı. Onun prinsipi bu idi. 
 
- Amma onların buna potensialı vardı. Azərbaycanda isə yoxdu.
 
- Azərbaycanın nəyi əksikdi? Allah-təala Azərbaycana hər cür ruzi, nemət verib. Sadəcə onu sevib qorumaq lazımdı. 
 
- Klubun büdcəsi nə qədər olacaq?
 
- Bu sirr olaraq qalsın. 
 
- Büdcəniz digər klublarınkından, xüsusən də iddialılardan çox fərqlənəcək?
 
- Bunu zaman göstərəcək. Mənəmlik yaxşı şeydi, amma onu gərək bacarasan. Bu gün birinci diviziondayıq, növbəti ildən premyer-liqaya vəsiqə qazanmaq istəyirik.
 
"Sonradan öyrəndim ki, həmin məşqçi ayırdığım vəsaitin heç 10 faizini uşaqlara verməyib"
 
- "Göyçə"nin nəzdində hazırda neçə uşaq komandası var?
 
- Hazırda 1 dənədi. Amma gələcəkdə bu sayı 4-6 arası etmək istəyirik.
 
- Amma premyer-liqaya yüksələndə bütün yaş qrupları olmalıdı...
 
- Əlbəttə, olmalıdı. İli yadımda deyil, Gürcüstandakı uşaq futbolu məktəblərindən birinin yetirmələri gəlmişdi. Bakıda kiminlə oynadılarsa qələbə qazandılar. O zaman İslam Kərimov Bəhmən Həsənova zəng vurdu ki, bəs biz uduzmuşuq, siz komandanızı gətirin. Uşaqlarımız gürcülərin başına elə oyun açdı ki... Novruzun boyu hündür idi. Vurduğu top gürcülərdən birini yıxdı. Bu zaman baş məşqçiləri dedi ki, o "lipa"dı. Cavab verdim ki, gedin araşdırın görün nə vaxt doğulub və məktəbə yazılıb. Novruz gözəl hücumçu idi. Amma "evini yıxan" ovaxtkı baş məşqçimiz oldu. Onu müdafiədə oynatdı. Novruzun yaxşı sürəti vardı. O mövqedə daha yaxşı oynayırdı. Sürət, hərkət, taktika gözəl idi. Onu necə gətirib müdafiəyə qoydular, xəbərim olmadı. 
 
- Maraqlıdı, həmin baş məşqçi kim idi?
 
- Zaman gələcək onu da deyəcəm (Mübariz bəy açıqlamasa da, sonradan söhbətin hazırda Türkiyədə çalışan Asim İbrahimovdan getdiyini öyrəndik. İbrahimov məhz 2004-2005-ci illərdə "Göyçə"nin baş məşqçisi olub - red.) Aylıq maaşlar üçün vəsait ayırırdım. Bir ara dedilər ki, "Göyçə"nin uşaqları maaş almadıqları üçün ayağa qalxıblar. Axı mən bu pulu ayırmışam. Sonradan öyrəndim ki, həmin məşqçi ayırdığım vəsaitin heç 10 faizini uşaqlara verməyib. Belə pul "yemək" olar?
 
- Söhbət neçənci illərdən gedir?
 
- 2004-2005-ci illərdən. Bəhmən müəllim də gözəl bilir. Ondan məvacib aldığını soruşanda, "xeyr" deyirdi. Necə yəni axı? O vaxt Bakıdan kənarda idim. Gəldim pulları verdim. Bir yerdə haram varsa, oranın bərəkəti olmaz. 
 
"Kuboku aparıb başçıya verəndə, elə bildi ki, rüşvət gətirmişəm"
 
- Nə əcəb "Göyçə"ni hansısa rayonda yaradıb, oranın futbolunu inkişaf etdirməyi düşünmədiz?
 
- Özüm burda yaşayıram. Rayonlara da müraciət etdim. Heç 1 sot torpaq da vermədilər. Mənim üçün fərqi yoxdu, azərbaycanın hər yeri əzizdi. Mən Göyçədə doğulduğum üçün, klubun adını da o cür qoymuşam. 
 
- Azərbaycanda klubların böyük hissəsinin Bakını təmsil etməsi qıcıq yaradır. Bu sizi narahat edirmi?
 
- Bəli, məni narahat edir. Bölgələrdə də futbol inkişaf etsin. Komanda da hansısa rayonu təmsil etsin. Hacı Vaqifin Bakı kəndləri arasında keçirdiyi çempionat vardı. Həmişə də çempion olurduq, diplomlarımız da var. Bir dəfə Rayon İcra Hakimiyyətinin adından çıxış etdik. Kuboku aparıb başçıya verəndə, elə bildi ki, rüşvət gətirmişəm, qəbul etmirdi. Dedim a kişi elə deyil ee, çempion olmuşuq, sizin xəbəriniz yoxdu (gülür). Ondan sonra dərdini açdı ki, uşaqlıqda belə sevmişəm futbolu filan. 
 
"Tələb edə bilərdim ki, "İnter" də mənə hesab verməlidi, "Rəvan" da"
 
- Yəqin bilirsiz ki, Azərbaycanda klub yaratmaq və saxlamaq çətindi. Neçə klublarımız olub ki, yaranıb, iştirak edib və dağılıb. Bunların da böyük əksəriyyətinin səbəbi maliyyə olub. Sponsor xeyir götürə bilmədiyi üçün və ya başqa səbəblərdən klubu buraxıb. "Göyçə" üçün belə təhlükə yoxdu ki?
 
- Xeyir nədi? Ağacı əkirsən böyüyür, bar verir. Onu da xammal şəklində satırsan və sair. Yoxsa gəlib ağacı torpağa vuran kimi qazanc istəyə bilmərəm. ikincisi, klub təmənna üzərində yaradılmır. Məqsəd sırf gələcəkdi. Bir də arzum odu ki, futbol sahəsində bayrağımız yüksəklərə qalsın. Ölkənin himni səslənsin. Ac deyilik ki. Gəlir götürmək üçün pul xərcləməli, yetişdirməli, yaratmalısan, illər keçməlidi. Ağlın varsa, işini yaxşı qurmusansa, qazanacaqsan. Bayaq Novruzu, Amiti misal çəkdim. Bir dəfə Novruz Bəhmən müəllimdən maaşını alırdı. O vaxt "Muğan"da idi. Mən gələndə Bəhmən ondan soruşdu ki, "müəllimlə niyə görüşmürsən?". Bəhmən müəllimin qəzəbindən sonra gəlib mənimlə görüşdü. O vaxt məsələni qaldırsaydım, heç bir klub Novruzu yaxın buraxmayacaqdı. Tələb edə bilərdim ki, "İnter" də mənə hesab verməlidi, "Rəvan" da. çünki "İnter" Novruzu "Rəvan"a satmışdı. Ancaq hamısından uzaq oldum. Maddiyyatı o vaxt fikirləşə bilərdim. Amit də ora-bura getdi. Ona azad transfer statusunu kim vermişdi? Mən yetişdirmişdim, transfer vərəqi də əlimdə idi. Amma mənə lazım idi ki, onlar sərbəst olsunlar, oynasınlar. Amitin bacısının toyunda da olmuşam. Sumqayıta Bəhmən müəllimlə birli
Tarix: 16 İyul 12:10    Oxunub: 585    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 İyul 2017
25 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.