Bakıdakı evini satdı: "Onun ağlına pis-pis fikirlər gətirən odu, utanmır-qızanmır”

Olimpiya çempionu Toğrul Əsgərovun ölkəmizi tərk etmək riskinin gündəmə gəldiyi ilk gündən mövzunu diqqət mərkəzində saxlayırıq. Təəssüf ki, hələ güləşçinin özüylə danışmaq mümkün olmayıb. Görünür, ölkə xaricində əməliyyat olunub, vətənə qayıtmadıqca ondan açıqlama ala bilməyəcəyik.

 

Ümid edək ki, Bakıya gəldikdən sonra mətbuatla əlaqə yaradıb, bu söz-söhbətə birdəfəlik son qoyacaq. Onun güləşçi kimi uğurlarında Elçin Zeynalovun böyük əməyi var. Gəncədə məhz bu məşqçinin rəhbərliyi altında püxtələşən Əsgərov böyük uğurlara imza atıb. Düzdü, artıq Toğrul doğulub boya-başa çatdığı Gəncədə yox, Bakıda hazırlıq keçdiyindən təcrübəli mütəxəssisdən ayrı düşüb.

 

Ancaq hər halda, hamı onu Zeynalovun yetirməsi kimi tanıyır və qazandığı hər uğura görə Elçin bəy də mükafatlandırılır.  Bu məşqçinin məsələ ilə bağlı fikirlərini öyrənməyi məqsədəuyğun saydıq. Hiss olunurdu ki, vəziyyət məşqçini yaman narahat edib. Güləşçinin 2-ci məşqçisi Elman Əsgərovdan narazılığını bildirən Zeynalov həm də maraqlı faktın üstünü açdı (Futbol+):

 

“Ağlım çətin kəsir ki, Toğrul bu addımı ata. Buna inanmıram. Bütün bunların hamısını edən onun 2-ci məşqçisi Elman Əsgərovdu. Toğrul gəncdi, başa düşmür. Onun ağlına pis-pis fikirlər gətirən Elman Əsgərovdu, utanmır-qızanmır. Bu söhbətdən sonra şəhərə çıxa bilmirəm. Utanıram burda. İnternetdə oxudum ki, Toğrul iki-üç günə Bakıya gələcəyini və bundan sonra açıqlama verəcəyini deyib. Onun yaxınları ilə söhbət etmişəm. Onlar da Toğrulun ölkəni tərk edəcəyinə inanmır. Çünki bu addımı atmaq vətəni satmaq deməkdi. Bu elə-belə şey deyil. 

 

Mən şəxsi məşqçisi kimi haqqımı ona halal eləmərəm. O, mənim yanımda olarkən Avropa çempionu oldu. Moskvada dünya çempionatında 2-ci yeri tutdu. O, mənim tələbəm olub, buna şübhə yoxdu. Bəzi idmançılarımız nəticə qazanan kimi gözü ayağının altını görmür. Bu yanaşmasından tam narazıyam. O, düzgün iş görmür. Bir dəfə ölkə çempionatında Toğrul sumqayıtlı güləşçiyə uduzdu.

 

Federasiyanın vitse-prezidenti ona bir sillə vurdu ki, özünü yığışdır. Orda qərara alındı ki, onunla Elman Əsgərov xüsusi məşğul olsun. Onda Əsgərov gənclər yığmamızın baş məşqçisi idi. O vaxtdan onunla Bakıda Elman məşğul olurdu. Halbuki mən onu Firdovsi Umudova tapşırmışdım. London Olimpiadasında və ilk Avropa Oyunlarında Toğrulun qazandığı qızıl medala görə şəxsi məşqçisinə verilən mükafatı Elmanla tən yarı böldüm.

 

Halbuki bunu çox adam etməzdi. Amma 1000 dəfə imam üçün ağlayanda bir dəfə də yezid üçün ağlamaq lazımdı də. Federasiya onun əməliyyat pulunu versəydi, bu söz-söhbətə son qoyulardı. Toğrulun yaxınlarından öyrəndiyim məlumata görə, əməliyyat pulunu ona Bakıda verilən evi satmaqla çıxarıb”.

Tarix: 9 İyul 19:33    Oxunub: 580    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Noyabr 2017
17 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.