Ruslan, “xəyanətkar” damğasını sil, sonra futbola davam!

Bu aralar Elxan Abdullayevin üzü gülür. Rəhbərlikdə istədiyi sayda oyunçu transfer etmək izni alan mütəxəssis bir vaqon futbolçu gətirib, davamı gözlənilir. Vay Abdullayevin sonrasına ki, “Neftçi” uğursuzluğu davam etdirə. O zaman SOCAR borularından axan pullar ilmə-ilmə məşqçi və seleksiyaçı briqadanın burnundan gətiriləcək.

 

Ruslan Abışovun gəlişi və ya geriyə qayıdışı Elxan Abdullayevin ən böyük ümid mənbəyi, yarasına məlhəmdi. “Ağ-qara” klubun yetişdirib boya-başa çatdırdığı və birvaxtlar böyük pul qarşılığında heyətində saxlaya bilmədiyi milli futbolçu yenidən “yuva”ya döndü.

 

Abışovun Abdullayevin etimadını qazanacağına şübhə yoxdu. Çünki o, “Neftçi”də 2-3 oyundan sonra kapitan olacaq qədər ehtiyaclı, potensiallı futbolçudu. Karyerasının enişi yaxınlaşır, ya yüksəlişi hələ çox davam edəcək - bu, ayrı mövzü və zaman məsələsidi. İnsafən, son turlarda göstərdiyi oyunlar, vurduğu qollar haqqında müsbət fikir söyləməyə əsas verir. Ancaq...

 

Əmması budu ki, Ruslan 5 il əvvəl yetişdiyi klubu atıb qaçmışdı! Satıb getmişdi! Bəli, məhz pul gücünə! 1 milyon 200 min dolların adını eşidən kimi dabanına tüpürüb Lənkəranın yolunu tutan yarımmüdafiəçi geriyə qəti boylanmamışdı.  Düşünməmişdi ki, dağ-dağa olmasa da, insan-insana rast gəlir, əvvəl-axır. Azarkeşlərin xəyanətkar damğası vurub nifrət bəslədiyi futbolçunun yenidən komandaya qayıtması klub üçün nə qədər yaxşı transfer sayılsa da, əsas müzakirə mövzusu məhz fanatlar qarşısına bundan sonra necə çıxacağı və nə reaksiya görəcəyidi.

 

Sadə nümunə: “Neftçi”nin dünənə qədərki kapitanı Araz Abdullayevə cari mövsümdə elə oyun olmadı ki, latayır sözlər, təhqirlər deyilməsin. Komandanın biabırçı nəticələrinə dözə bilməyən fanat kütləsi Abdullayevin “Neftçi”dən ayrılmasında az rol oynamadı. Əbəs yerə deyilməyib ki, azarkeş komandanın yarısı, bəlkə də yarıdan çoxudu.

 

İndi növbə Ruslanındı. Pula satıb atdığı və geri qayıtdığı “Neftçi”də onu ikiqat məsuliyyət gözləyir. Həm ümidləri doğrultmalı, həm də azarkeşlərin könlünü almalıdı. Birinci variant özündən asılıdısa, barışmaq məsələsi bir qədər qəlizdi. Çünki “Neftçi” azarkeşinin qəlbinə dağ çəkiblər. Fanat ordusu rəhbərlikdən tutmuş futbolçuların 99 faizinə nifrət edirlər, birmənalıdı bu. Ütsəlik, ortada söhbət xəyanətkar futbolçudan gedirsə, vəziyyəti qabaqcadan qiymətləndirmək mümkünsüzdü.

 

Ruslanın geri dönüşü gündəmə oturandan “Neftçi”nin ayrı-ayrı azarkeşləri, fanat qrupları sosial şəbəkədə əməlli-başdı qızışıblar. Kimisi söyüşün birini qəpikdən işlədir, kimisi Ruslanın qayıdışına ürək qızdırır, kimisi də millinin üzvündən azarkeşlərə qarşı böyük jest, addım, üzr gözləyir. Bütün bunların real cavabını isə yaxın 1-2 ayda görəcəyik.

 

Onda Ruslanın sonrakı peşmançılığına dəqiq qiymət vermək olar. Ya bu dəfə tarix yazılacaq, peşmanlıq fayda verəcək, ya da ənənəvi olaraq arxadan atılan daş topuğa dəyəcək.

 

Elvin ƏHƏD

Tarix: 12 Yanvar 18:12    Oxunub: 1046    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2017
26 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.