Ruslanın "Neftçi" peşmançılığı

Ruslan Abışov "Neftçi"dədi yenə… Deyirlər. "İnter"i tərk edib. Anlaşıblar artıq. Elxan Abdullayevin sərəncamında olacaq. 


2012-ci ildə getmişdi burdan. Düz Lənkərana, "Xəzər"in formasını geyinməyə. 1,2 milyon dolların parıltısı tutmuşdu gözünü, parıltısına aldanmışdı.


Onda kapitanı idi "Neftçi"nin. Bir problemi yox idi. Kefi saz, damağı çağ. Hörməti də hörmət. Sadıq Sadıqov oğlanlarından ayırmırdı onu. Odu ki, gedəcəyini, gedən ərəfədə də "qal" deməyi ağlının ucundan keçirməmişdi.


"Xəzər Lənkəran" pulun ucunu göstərdi, imzanı atdı. 6 il daşıdığı ağ-qara formanı əbədi və əzəli rəqibin rənglərinə dəyişdi. Üstündən 4 il keçib, indi deyir, peşmanam.

 

Soruşmaq ayıb olmasın, nəyə peşmansan, Ruslan?

 

"Xəzər"də görmədiyin pulları gördün. Ordan da "Rubin"ə yollandın. "Rubin"i Rusiya çempionu etmiş Kurban Berdiyevlə tanış oldun, əsl futbol həyatının ağuşuna atıldın. Kazanda işin alındı-alınmadı, niyə alınmadı… Bu, başqa məsələ. Fakt böyük məşqçinin əlinin altında idin. 

 

"Qəbələ"də oynadın. İlk ayrıldığında Roman Qriqorçuku tənqid etdin, yerlipərəstlikdə suçladın. Qayıtdın "Xəzər Lənkəran"a. FİFA transfer qadağası qoyunca və Mübariz Mənsimov kisənin ağzını təkrar açmayınca, bir də "Qəbələ"yə döndün. Qriqorçuku yersiz ittiham elədiyinə görə peşmançılıq hissi keçirdinmi heç?

 

Yaxşı-pis oyunların oldu, vurduğun qollarla komandaya dəfələrlə qələbə qazandırdın… Və hər dəfə qolun sevincini qeyd etmək üçün texniki zonaya tərəf qaçdın. Yadındamı, oğlan? Ukraynalı baş məşqçiyə yapışdırdığın suçlama necə? 


"İnter" super klub deyil. Özünə görə. Həm də sənə görə. Zaur Svanadzedən aldın başqalarının vermədiyi formanı. Geyindin, yenə işini gördün. "Qəbələ"dəki qızıl qiymətində qollarının ardını burda gətirdin.

 

"Kayserispor"a getməyə qoymadılar, qaldın. Super Liqada oynamamağına peşman deyilsən, vaxtında "Neftçi"də qalmamağına təəssüflənirsən indii? Boğazdan aşağı səmimiyyət… Yəqin, dediklərin özündə də ikrah hiss yaradır.


"Neftçi"nin şərəfini qoruyacaq. Ondan ötrü ki, "Neftçi"nin pulu var yenə. Çatan-çatana 300-350 min manat illik müqavilə haqqı təklif edirlər. "İnter"də isə heç bunun yarısını qazanmır. Gözündə ancaq budu. "Neftçi" azarkeşi isə ismarıcını verib, "gəlmə, qəbul etməyəcək" deyir. Düz də deyir. Bəlkə yox, Ruslan? Seçimin puldan dolayıdı, əminsən ki, bir də peşmançılıq hissi duymayacaqsan?


Sonrakı peşmançılıq fayda verməz, bil! Bilmirsən, bilənlərdən, başına gələnlərdən soruş. 


VÜQAR

Tarix: 12 Yanvar 14:00    Oxunub: 606    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

30 Mart 2017
29 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.