Prezidentlə yığmanın köhnə-yeni baş məşqçisi arasında GİZLİ ANLAŞMA

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb. 2017-ci ilin ilk yarısının da əksini tapdığı cədvəllə ciddi dəyişiklik olmayıb. Baş verən dəyişikliklər əsasən aşağı pillələrdə yer alan komandalarla bağlı olub. Liderlərin mövqeyi isə dəyişməz qalıb.

 

Planetin 10 ən güclü komandasından biri olan Azərbaycan millisi də mövqeyini qoruyub. Belə ki, yığmamız 1445 xalla planetin 10-cusudu: 1.Braziliya – 1929, 2.İspaniya – 1872, 3.Rusiya – 1765, 4.Argentina – 1700, 5.İtaliya – 1608, 6.İran – 1593, 7.Portuqaliya – 1582, 8.Ukrayna – 1500, 9.Qazaxıstan – 1462, 10.Azərbaycan – 1445.

 

Reytinq cədvəlində ölkəmizi 1 pillə qabaqlayan Qazaxıstanın keçmiş baş məşqçisi Joze Alesio Da Silva yenidən geri dönüb. Azərbaycan yığmasının və “Araz”ın sabiq baş məşqçisi 3 illik fasilədən sonra millimizə dönüb. 49 yaşlı mütəxəssis 2014-cü ildə ayrıldığı posta yenidən qayıdıb.

 

Oyunçu kimi vətənində “Voltorantin”, “Porto Aleqre”, “Vasko de Qama”, İspaniyada “Barselona”, Rusiyada “Spartak” və “TTQ Yava” klublarında çıxış edən cənubi amerikalı məşqçilik fəaliyyətinə də şimal qonşularımızda başlayıb. Çıxış etdiyi hər iki klubda oynayan məşqçi funksiyasını yerinə yetirən Alesio 2007-08-ci illərdə Qazaxıstan “Kayrat”ına rəhbərlik edib.

 

2008-ci ildən Azərbaycan karyerası başlayan braziliyalı əvvəl “Araz”ın, dekabrdan həm də millinin baş məşqçisi olub. 2014-cü ilədək onun rəhbərliyi altında çıxış edən komandamız tarixində ilk dəfə Avropa çempionatının finalına yüksəlib. İlk cəhdində - AVRO-2010-da yarımfinala yüksələn komandamız daha iki dəfə Alesio ilə qitə birinciliyinə yollanıb. DÇ-2012-yə vəsiqəni isə komandamız yalnız pley-offda əldən verib.

 

5 mövsüm “Araz”ı UEFA kubokuna aparan Alesio 2 dəfə komandası ilə birlikdə “Dördlər finalı”nadək irəliləyib. Ölkə çempionumuz 2010 və 2014-cü illərdə Avropanın üçüncüsü olub. Alesio 2014-cü ildə yığmamızdan qalmaqalla ayrılıb. Cənubi amerikalı karyerasını davam etdirmək üçün gecə ilə Qazaxıstana yollanıb.

 

Federasiya prezidenti Zaur Axundova xəbər vermədən belə! Yəni ki, müqaviləsi olan çalışdırıcı vəzifəsini özbaşına tərk edib. Braziliyalı bu postu “Kayrat”da köməkçi məşqçi vəzifəsinə dəyişib. Bundan narazı qalan AFFA Qazaxıstan Futbol Federasiyası və baş məşqçinin qaçdığı “Kayrat”a şikayət məktubu da göndərib. Buna baxmayaraq, məşqçi fəaliyyətini Qazaxıstanda davam etdirməyə nail olub.

 

Onun gedişindən sonra millimizdə öncə Tino Peres, ardınca Miltinyo çalışsa da, heç biri postunda uzun müddət qalmayıb. AVRO-2018-in seçmə mərhələsində milliyə rəhbərlik edən Biro Jade komandanı final mərhələsinə daşısa da, onun postunda qalması məqsədəuyğun sayılmayıb.

 

Bəs necə oldu ki, geri döndü? Sportinfo.az-ın əldə etdiyi bilgiyə görə, Alesio Axundovla qısa sürən telefon rabitəsinin nəticəsində qayıtmağa razılaşıb. O, köhnə-yeni iş yerində əvvəlkindən yüksək məvacib almayacaq. Ən maraqlı məqam Zaur bəyin braziliyalıya verdiyi sözlə bağlıdı.

 

Belə ki, federasiya prezidenti təcrübəli mütəxəssisə vəd edib ki, işinə qarışmayacaq: istər millidə, istər "Araz"da sərbəst fəaliyyət göstərəcək, heyət və taktika seçiminə müdaxilə etməyəcək. Patronun Alesiondan tək istəyi komanda üzvləri ilə münasibətlərinə sərhəd qoymasıdı. Xırdalayası olsaq, baş məşqçi boş vaxtlarını futzalçılarla keçirməməli, müxtəlif partilərdə iştirak etməməli, eyni zamanda, ölkə çempionatının birinci və ikinci dəstəsi ilə yaxından maraqlanmalıdı.

Tarix: 3 İyul 13:12    Oxunub: 385    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Noyabr 2017
20 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.