Adil Əliyev Türk Şurasına üzv dövlətlərin kikboksçularını Bakıya yığdı - 7 çəki dərəcəsi üzrə K-1

Bakı İdman Sarayında Azərbaycanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin idmançıları arasında beynəlxalq kikboksinq turniri keçirilib.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasının və Türk Şurasına üzv dövlətlərin Gənclər və İdman Nazirliklərinin təşkilatçılığı ilə keçirilən yarışın məqsədi şuraya üzv dövlətlərin peşəkar idmançıları arasında kikboksinq döyüş növünün inkişaf etdirilməsi, peşəkar kikboksçular arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, onların idman ustalığının artırılmasıdır.

 

Yarışda Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə ilk dəfə keçirilən beynəlxalq kikboksinq turnirinin iştirakçılarını salamlayıb. Qeyd edib ki, kikboksinq idman növü ölkəmizdə populyar idman növlərindən biridir və ona gənclərin marağı artmaqdadır. Ən ucqar bölgələrimizdə belə olimpiya komplekslərinin olması idmanın müxtəlif növlərində kütləviliyin artmasında və inkişafında böyük əhəmiyyət kəsb edir.

 

Ulu öndər Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Hər il ölkəmizdə 50-dən çox mötəbər beynəlxalq idman yarışı keçirilir. Bu yarışların keçirilməsi beynəlxalq federasiyalarının ölkəmizə göstərdiyi etimad sayəsində mümkün olur. Bakıda beynəlxalq yarışın keçirilməsi türkdilli dövlətlərin idmançılarının bir araya gəlməsində və kikboksinq idman növünün inkişafında böyük əhəmiyyət kəsb edir.

 

Türk Şurasına üzv dövlətlərin birinci beynəlxalq yarışının Azərbaycanda keçirilməsinin sevindirici və qürurverici olduğunu bildirən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev qeyd edib ki, turnir Şuraya üzv 4 dövlətin İdman və Gənclər nazirliklərinin imzaladığı memoranduma əsasən təşkil edilir.

 

Yarışın yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi işlər görülüb. Ümidvaram ki, belə yarışlar gələcəkdə də davam edəcək və yarışlara yalnız dörd türkdilli dövlət deyil, digər ölkələrin idmançıları da qatılacaqlar. Adil Əliyev deyib: “Regionun lider dövlətinə, bir çox nüfuzlu beynəlxalq tədbirlərin məkanına çevrilən Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

 

Ölkəmizdə idmana, idmançılara dövlət səviyyəsində qayğı göstərilir. Bu gün Azərbaycanda idman sahəsində infrastruktur yüksək səviyyədə təmin olunub. Ona görə bu gün Azərbaycanda çoxlu sayda beynəlxalq yarışlar keçirilir. Federasiyamız kikboksinq idman növünün kütləviliyini təmin etməyə çalışır. Çünki bugünkü idmançılar ordumuzun sabahkı əsgərləridir. Güclü idmançıların yetişməsi ordumuzun və dövlətimizin güclü olması deməkdir”.

 

Sonra kikboksinqin inkişafındakı xidmətlərinə görə federasiyanın bir sıra əməkdaşlarına idman ustası vəsiqələri, fəxri fərman və diplomlar təqdim olunub. Türk şurasının ümumi bayrağı rinqə gətirilib. Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra final yarışlarına start verilib. AzərTAc-ın məlumatına görə, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan kikboksçularının iştirak etdiyi turnirdə idmançılar 7 çəki dərəcəsi üzrə Dünya Kikboksinq Təşkilatları Assosiasiyası-WAKO-PRO versiyası üzrə K-1 üslubunda döyüşüblər.

 

Turnirdə hər ölkədən 7 idmançı olmaqla, 51, 60, 63, 67, 71, 81 kiloqram və 91 kiloqramdan yuxarı çəki dərəcələrində yüksək ustalığa malik peşəkar kikboksçular mübarizə aparıblar. Azərbaycan yığma komandasının heyətində yarışların finalına yüksələn altı idmançımız – Anar Məmmədov (51 kq), Zöhrab Əzimov (60 kq), Turan Qafarov (63,5 kq), Ruslan Musayev (67 kq), Ramal Aslanov (71 kq), Ehtiram Rzayev (81 kq) öz çəki dərəcələrində beynəlxalq turnirin qalib olublar. Komanda hesabında millimiz birinci yerdə qərarlaşıb. Yarışın qalibləri diplom, kubok və medallarla təltif olunublar.

Tarix: 3 İyul 00:40    Oxunub: 136    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Noyabr 2017
16 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.