ÖZƏL! Yunanıstan klubu azərbaycanlı futbolçuya böyük transfer qiyməti qoydu

Dünən AEL ilə müqavilə imzalayan Amit Quluzadə Yunanıstan çempionatları tarixinə 3-cü Azərbaycan təmsilçisi kimi düşdü. Bunadək yalnız iki həmyerlimiz Elladada top qovmuşdu. İlk belə oyunçu artıq karyerasını başa vuran Anatoli Ponomaryov olub. 2003/04 mövsümünün ikinci yarısında “Ksanti”yə keçən təmsilçimiz 2004-cü il yanvarın 11-də “Panatinaikos”la qarşılaşmada debüt edib. Superliqada 5 matç keçirən Ponomaryov 1 dəfə start heyətində yer alıb əvəzlənibsə, 4 dəfə sonradan meydana çıxıb.


2011/12 mövsümünün ikinci yarısında – 8 ildən sonra ikinci azərbaycanlı da Yunanıstana qədəm qoyub. “Neftçi”dən “Everton”a transfer olunub, bu səviyyəyə uyğun gəlmədiyindən “Panionios”a icarəyə verilən Araz Abdullayev 2012-ci ili Elladada başlayıb. Yanvarın 3-də “Asteras”la görüşdə debüt edən yarımmüdafiəçi bu komandada 8 matça çıxıb. 4 dəfə start heyətində yer alıb, bunların üçündə əvəzlənən Araz 4 dəfə də sonradan meydana daxil olub. Onun hesabında 1 sarı vərəqə də olub. 2012-cı il aprelin 18-də “Panionios”la “Ksanti” arasındakı matç azərbaycanlıların iştirakı ilə Superliqadakı son görüş olub.


5 il sonra yenə qışda futbolçumuz Yunanıstana yollanır. Anatoli və Araz kimi bu dəfə də Azərbaycandan adı “A” hərfi ilə başlayan futbolçu – Amit Quluzadə bu ölkəyə gedir. Ona qədər iki oyunçumuz üst-üstə 13 qarşılaşma keçirib və qola həsrət qalıb. Quluzadə Super Liqa təmsilçisi ilə 2,5 illik sazişə qol çəkib. O, karyerası ərzində “Erciyesspor” (Türkiyə) və “Atletiko”da (Portuqaliya) da legioner həyatı yaşayıb. Yunanlar baxışdan uğurla keçən həmyerlimizə əvvəlcə 3,5 illik kontrakt təklif eləyib, səbəbkar isə müddətin 1 il olmasını istəyib. Tərəflər sonda razılaşıblar ki, nə şiş yansın, nə də kabab - 2,5 illik anlaşmanın üzərində dayanıblar.

 

Quluzadə ilk 6 ayda AEL-dən 3000 avro maaş alacaq. Super Liqa təmsilçisi transfer bazarına çıxartdığı bəzi aparıcı futbolçularını sata bilmədiyi üçün büdcəsinə qənaət etmək məcburiyyətində qalıb. Gələn mövsümdən isə onun əməkhaqqısı 6000 avro olacaq. Anlaşmanın qüvvədə qaldığı sonuncu ildə isə məvacibi 7000 avro təşkil edəcək. Mükafat və əlavə bonuslar da öz yerində. Larissa şəhərinin təmsilçisi titul qazanar, yaxud avrokuboklara vəsiqə əldə edərsə, Quluzadənin alacaqları artacaq.


Sportinfo.az-ın məlumatına görə, AEL artıq onun transfer qiymətini müəyyənləşdirib. Amiti istəyən klub 200 min avro ödəməlidi. Müqavilədə yer alan digər bir bəndə görə, o, tezliklə yunan dilini öyrənməyə başlamalıdı. Bu, onun yerli şəraitə daha tez uyğunlaşması üçündü.

Tarix: 12 Yanvar 11:48    Oxunub: 538    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2017
24 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.