"Şərurspor"un prezidentinə şər atırlar, o, qumarbaz deyil"

"Yaxın 10 gündə bütün məsələlər həll olunmalıdı. Onun azadlığa buraxılacağına şübhə etmirik" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Şərurspor"un baş məşqçisi Əfqan Talıbov deyib. Məlum olduğu kimi, sözügedən klubun prezidenti Sərdar Bağırov 1 həftə öncə gözaltına alınıb. İş adamı vergidən yayınmaqda ittiham olunur.

 

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin əməkdaşları tərəfindən saxlanılıb. O, hazırda Kürdəxanı müvəqqəti saxlama təcridxanasında saxlanılır. Vəkilləri Bağırovun heç-bir qeyri-qanuni işlə məşğul olmadığı, qanunlar çərçivəsində fəaliyyət göstərdiyi barədə sənədlər hazırlayıb məhkəməyə vermək üzərində çalışırlar. 


"Şərurspor"un adı mətbuatda danışılmış oyunlarda hallanır. Bəzi həmkarlarımızın iddiasına görə, gözlənilməz həbsin arxasında məhz bu amil dayanır, sadəcə, vergidən yayınma bəhanədi. O da bildirilir ki, I Divizion klubu tezliklə fəaliyyətini dayandıracaq və bu, bilavastə AFFA-nın iradəsi daxilində olacaq. Belə deyək, federasiya oyun "alver"ində iştirakı barədə söz-söhbətlərdən bezərək, "Şərurspor"u tarixin arxivinə göndərəcək. 


Redaksiyamıza daxil olan məlumata görə, Sərdar Bağırov Bakıda iri biznes məşğuldu. Bir neçə ticarət mərkəzi, şadlıq sarayı və restoranların sahibidi. Naxçıvan Ali Sovetinin sədri Vasif Talıbova yaxınlığı ilə bilinir. Vergtlər Nazirliyinin əməkdaşları onun nəzarətindəki obyektlərdə audit yoxlaması aparıb və istintaqa cəlb olunması qərara alınıb. 


Talıbovun dediyinə görə, günahsızlığını sübuta yetirməyə çalışan klub prezidenti yaxın günlərdə azadlığa buraxıla bilər: "Onunla əlaqəmiz itməyib. Demək olar hər gün komandayla maraqlanır, tövsiyyələrini verir. Vəkillər indi sənəd-sünəd işləri ilə  məşğuldu. Sərdar müəllim vergi ödəyicisidi. Bununla bağlı nə problem yaranıbsa, hissə-hissə həll edəcək.

 

Yazırlar ki, onu "qumar"a görə tutublar. Kimsə vaxtilə nəyə həvəs göstəribsə, bu, o demək deyil ki, bu gün də həmiş işlə məşğuldu. "Real"ın formasının üzərində "bwin" yazılıb. Hamımız bilirik ki, bu, bukmeyker kontorunun reklamıdı. "Real" 5 oyun dalbadal udur, heç kim heç nə demir. Bir oyun uduzan kimi camaat başlayır ki, hə də, satıblar, pul qazanıblar. Bu isə sözdü, sübut deyil.

 

"Şərurspor" ilk dövrədə 21 xal toplayıb. Oyun "alver"i edən komanda bu qədər xal yığmaz. Sərdar Bağırov kontorlarla iş görmür, bəzi mətbuat orqanları ona şər atır. Tanımırlar kimdi, nəçidi, elə bir ucdan "qaralayırlar". Bağırov "Şərurspor"a ilk gündən yaxşı baxır. Mən təzə gəlmişəm bura, ancaq bilirəm ki, "Şərurspor"da maliyyə problemi olmayıb. İlin-günün bu çətin vaxtında da komandanın maaşı gecikmir. İnşallah, tezliklə çıxmalıdı "içəri"dən".

Tarix: 11 Yanvar 21:24    Oxunub: 423    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.