"Mən "Şəmkir"də işimi itirməkdən qətiyyən qorxmuram"

"Mən işimi itirməkdən qətiyyən qorxmuram. Qoy, bacarığı olmayanlar, öz gücünə inanmayanlar bunun dərdini çəksin" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Şəmkir"in baş məşqçisi Qəhrəman Əliyev deyib.  


"Şəmkir" I Divizionda ilk dövrəni 3-cü pillədə başa vursa da, klubun prezidenti Elvin Səfərli onun fəaliyyətindən narazıdı. Məlumata görə, gənc iş adamı baş məşqçi postuna bir neçə namizədlə görüşüb. Onlardan biri də Kamal Quliyevdi. "Neftçala"nın yayda fəaliyyətini dayandırmasından sonra işsiz qalan mütəxəssisin "Şəmkir"lə danışıqlar apardığını yaxın çevrəsindən də bizə təsdiqləyiblər. 


Yerli azarkeşlər isə Ağasəlim Mircavadovu tələb edir. Hazırda AFFA Məşqçilər Komitəsində mürgü vuran Mircavadov da 15 il öncə ayrıldığı rayona qayıtmağın tərəfdarıdı. "Şəmkir" onun rəhbərliyi altında 2 dəfə ölkə çempionu olub, Çempionlar Liqasında ilk dəfə mərhələ adlayıb. Vaxtilə Mircavadovla işləmiş Rauf Mehdiyev və Mehman Yunusov yaxınlarda kluba qaytarılıb.


Maraqlıdı ki, Əliyev 2002-ci ildə "Şəmkir"də elə Mircavadovu əvəzləyib. Şahbaz Süleymanovun imtinasından sonra komanda ovaxtkı icra başçısı Aslan Aslanovun sərəncamına keçmiş, o da "Vilaş"dan Əliyevi dəvət etmişdi. Qərb təmsilçisi ikincinin dönəmində də Azərbaycan çempionu adını qazanıb.


Q.Əliyev klub rəhbərinin saman altından su yeritməsinə inanmır. Onun sözlərinə görə, Elvin Səfərlinin başqa namizəd axtarmasına səbəb olacaq heç bir yanlışlığa yol verməyib: "Məndən istənilən çempionatda ilk 3 yerdən birini tutmaqdı. Birinci dövrədə yaxşı çıxış etdik, liderlər qrupunda yer aldıq. Halbuki heyətimiz digər iddialılardan zəif idi, bir çox çatışmazlıqlar var idi.

 

Mövsümün başlamasına 5-6 gün qalmış komandanı götürmüşəm. Heç bir təlim-məşq toplanışı və yoxlama oyunları keçmədən çempionata başlamışam. Güclü seleksiya işi görməyə vaxtım olmayıb. İndi isə qış fasiləsidi, ikinci dövrəyə Antalyada hazırlaşırıq. Rəhbərlik mənə deyib ki, ilk 3 yerdən birini tut, Premyer Liqaya lisenziyanı biz alacağıq.

 

Prezidentimiz gözəl insandı. Siz onun barəsində çox pis fikirdə olmayın. Futbola hədsimz can yandırır. Gecə-gündüz komandaya can yandırır. Bu adamın istirahətə vaxtı da yoxdu.  Bütün günü "Şəmkir"in gələcəyi ilə bağlı müzakirələr aparırıq. Hər məsləhəti mənimlədi. Əgər mənim işimdən narazı qalsaydı, bunu indiyədək bildirərdi.

 

Ağasəlim Mircavadovun məsələsi yayın əvvəli olub burda. Söhbət tez də bağlanıb. Kamal Quliyevin məsələsi ümumiyyətlə olmayıb. Üç il "Bakı"da pulsuz-parasız işləmişəm. Həyatın hər çətinliyini bu 3 ildə görmüşəm. Məni işdən uzaqlaşdırmaqla qorxutmaq olmaz artıq.  Çörəyi verən Allahdı. Ona qurban olum, ruzimi bir yerdən yetirər yenə. 20 ildən artıqdı məşqçi işləyirəm, ölkənin ən iddialı klublarında çalışmışam. Birinci divizionda işləmək üçün ölmürəm".

 

Tarix: 11 Yanvar 20:12    Oxunub: 665    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2017
18 Yanvar 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.